Daha 43 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verildi
28.12.2020
Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı nəticəsində bu qruplarla bağlı bütün sosial proqramlar, həmçinin şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramı 2020-ci ildə daha da genişləndirilib. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkənin bir sıra rayonlarında daha 43 fərdi evin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilməsi tədbirlərində vurğulanıb.
Nazirlikdən verilən məlumata görə, Biləsuvar rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirak ediblər.
Tədbirdə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramının bu il 1500 ailəni əhatə etməsinin nəzərdə tutulduğu, artıq 1400-ə yaxın mənzil və fərdi evin bu kateqoriyadan olan vətəndaşlara verildiyi bildirilib. Ümumilikdə indyədək 9 minədək şəhid ailəsinin, müharibə əlilinin evlə təmin edildiyi diqqətə çatdırılıb.
Bu kateqoriyalardan olan vətəndaşlara yönələn sosial ödənişlərin də mütəmadi artırıldığı, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək işlərinin aparıldığı da qeyd edilib. Minlərlə insanın artıq sosial dəstəklə təmin edildikləri, bu sahədə də işlərin davam etdiyi bildirilib.