Rusiya erməniləri hansı əsasla Qarabağa yerləşdirir?
21.12.2020
Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev Rusiyanın erməniləri Qarabağa yerləşdirməsi prosesi ilə bağlı narahatçılığını bölüşüb.
Əlövsət Əliyevin fikrincə, Azərbaycan hakimiyyəti Rusiyanın yaratdığı Humanitar Mərkəzlə davamlı müzakirələr aparmalıdır:
"Bəli, Dağlıq Qarabağdakı Humanitar Mərkəz təkcə Ermənistandan qayıtmaq istəyənlərin yerləşdirilməsi ilə xüsusi məşğul olmalı deyil.
DQMV-nin ləğvinə qədər o zamankı inzibati ərazi vahidləri üzrə əhalinin sayı Xankəndi şəhərində 56 705, Şuşa rayonunda 20 374, Əsgəran rayonunda 20 954, Ağdərə rayonunda 47047, Xocavənd rayonunda 28 202, Hadrut rayonu 14 487 nəfər olmaqla cəmi 187769 nəfər olub.
Ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin təxminən 50 000 nəfərini o zaman azərbaycanlılar təşkil edirdi. Son 30 ildə bu sayın təbii ki xeyli artmaqla təxminən 75 000 nəfərdən çox olması şübhəsizdir. Ermənilərin daim demoqrafik problem yaşamasını nəzəzrə alsaq, hazırda həmin rayonlarda bir o qdər də erməninin qeydiyyatda olması mümkündür.
Statistika Komitəsi və DİN tərəfindən Ağdərə, Xocalı, Xankəndi, Xocavənd rayonlarında qeydiyyatda olan vətəndaşlarımızın siyahısı bir daha dəqiqləşdirilməli, onların həmin ərazilərə qaytarılması haqqında ayrıca proqram hazırlanmalı və təcili olaraq sülhməramlıların dəstəyi ilə icrasına başlanılmalıdır.
Eyni zamanda 1993-cü ildən sonra Dağlıq Qarabağa köçmüş ermənilərin müəyyənləşdirilməsi üçün dövlət arxivlərində, Statistika Komitəsində və DİN-nin məlumat bazalarında həmin vaxta kimi qeydiyyatda olanların adlı siyahısının əldə olunması təmin edilməli, digərlərinin vətəndaşlıq mənsubiyyəti məsələləri aydınlaşdırılmalıdır.
Eyni zamanda bu məsələlərin Rusiyanın Xankəndidə olan sülhməramlılarının tərkibində fəaliyyət göstərən Humanitar Mərkəzlə davamlı müzakirəsinə başlanılmalıdır".