Şimali Koreya ABŞ-dan narazıdır
08.07.2018
Şimali Koreya XİN 6-7 iyul tarixlərində KXDR və ABŞ arasında keçirilmiş yüksək səviyyəli danışıqların nəticələrindən dərin təəssüf və narazılıq ifadə edib.
Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinnin yaydığı xəbərə görə, KXDR XİN bəyanatında deyilir:
"KXDR və ABŞ arasında 6-7 iyul tarixlərində keçirilən yüksək səviyyəli danışıqlar zamanı ABŞ-ın nümayiş etdirdiyi davranış və mövqe, həqiqətən, hədsiz təəssüf hissi doğurur. ABŞ münasibətlərin yaxşılaşdırılması üçün vacib olan baza məsələləri həll etmək istəmir. Ölkələrimiz arasında etimad nəinki möhkəmlənmədi, bu danışıqlar təhlükəli bir vəziyyət yaradaraq, nüvəsizləşdirməyə yönələn xoş niyyətimizi sarsıda bilər”.
Bununla belə, bəyanatın sonunda qeyd olunur ki, KXDR ABŞ prezidenti D.Trampa etimad göstərməkdə davam edir.
Şimali Koreya baza məsələlər sırasına müharibənin başa çatması haqqında bəyannamənin imzalanması, ABŞ hərbçilərinin qalıqlarının qaytarılması prosesinin müzakirəsi və sair problemləri aid edir.
Qeyd edək ki, danışıqlarda ABŞ dövlət katibi Mayk Pompeo və KXDR Əmək Partiyası Mərkəzi Komitəsi sədrinin müavini Kim Yön Çxol iştirak edib.
Danışıqlardan sonra Mayk Pompeo "Twitter” səhifəsində komandasının işi ilə fəxr etdiyini vurğulasa da, danışıqların təfərrüatlarını açıqlamayıb.