Nikolun Rusiyaya qarşı aksiyası və Bakı planı...
21.12.2020
Ermənistan Avropa Partiyası Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı mitinqlər təşkil edir. Bu partiya hakim Mənim Addımım Blokunun kurasiyasındadır və təlimatları bu blokdan alır. Qərbə inqteqrasiya siyasi kursunu öz xətti elan edən Ermənistan Avropa Partiyasının bu mitinqləri birbaşa Rusiya əleyhinə Soros Fondu tərəfindən maliyyələşir.
DM xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Nikol Paşinyan Rusiya əleyhinə birbaşa fəaliyyətə keçməsə də, dəstəklədiyi siyasi partiyaları bu prosesə cəlb edir:
"Bununla Paşinyan ölkəsində Rusiya əleyhinə isteriyanı davam etdirəcəyini göstərir. Qeyd edim ki, Ermənistan Avropa Partiyasının Gümrüdən Rusiya bazasının çıxarılması barədə mitinq keçirməsi təsadüfi deyil və bu, Qarabağ müharibəsində məğlub olan Ermənistanın Rusiyadan uzaqlaşmaq kursunun tərkib hissəsidir.
Baş nazir Nikol Paşinyana qarşı müxalifətin mitinqləri səmərəli olmadı. Ötən gün Paşinyanın geniş xalq kütləsi ilə yürüş etməsi müxalifətə və Rusiyaya mesaj idi. Çünki Robert Köçəryan yenidən səhnəyə qayıdıb və Moskvada antipaşinyan layihəsini müzakirə edir. Ona görə də Nikol Paşinyan porsesləri ələ almaqla Rusiyanın onu devrimək planının qarşısını alır və müxalifəti neytrallaşdırır”.
Politoloq iddia edib ki, Paşinyan vəziyyətə nəzarəti getdikcə ələ alır:
"Bundan sonra Rusiyaya qarşı proseslərə start verəcək və Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması üçün vətəndaş cəmiyyətini və qərbyönümlü siyasi partiyaları önə verəcək.
Rəsmi İrəvan Azərbaycanla dövlət sərhədinin delimitasiya və demarkasiyasını sakit tərzdə həyata keçirir. Hətta Qazax istiqamətində sərhədin demarkasiyasında işğal altındakı kəndlərin Azərbaycana qaytarılması da mümkündür. Ermənistan hakimiyyəti bu istiqamətdə provokasiyaya getməyə cəhd etmir”.
M.Əsədullazadənin sözlərinə görə, Nikol Paşinyan hakimiyyətdə qala bilsə, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməyə çalışacaq. Onun planı Ermənistanı regional layihələrə qoşmaqdır.