Ermənistan təxribatlar törətdi və cavabını aldı - Çavuşoğlu
17.12.2020
Ermənistan işğalçılıq siyasətindən və təxribatlarından əl çəkməlidir. Son günlər cəbhə bölgəsində təxribatlar törədib və Azərbaycan tərəfindən layiqli cavabını alıb. Əgər Ermənistan vəziyyəti düzgün dəyərləndirsə işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsindən sonra başlanan nizamlanma prosesindən bu ölkə də faydalanacaq. Ermənistan işğalçılıq siyasəti səbəbindən uzun illərdir ki, özünü inkişaf proseslərindən təcrid edib.
DM xəbər verir ki, bu fikirləri xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin TV 24 telekanalına müsahibəsində deyib.
Müsahibəsində gündəmdə olan prosesləri dəyərləndirən nazir bildirib ki, Azərbaycan Ordusunun savaş meydanında qazandığı zəfər sayəsində bölgədə yeni münasibətlər mərhələsinin əsasları yaranıb. Türkiyə mövcud vəziyyətin uzunmüddətli sülhə və inkişafa çevrilməsi üçün bundan sonra da əlindən gələni edəcək. Mövcud atəşkəsin qorunmasına nəzarət məqsədilə Türkiyə və Rusiyanın birgə fəaliyyət göstərəcəyi Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq.
ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar, Avropa İttifaqı ilə münasibətlər, Aralıq dənizindəki vəziyyət, Suriya böhranının həlli məsələlərində ölkəsinin mövqeyini çatdıran Nazir Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə bütün problemlərin həlli üçün dialoq və siyasi həll tərəfdarıdır. Bununla bərabər Türkiyə öz haqlarını müdafiə etməkdə tam qərarlıdır.