Ərdoğandan ABŞ-ın sanksiyalarına sərt reaksiya
16.12.2020
"Bu, ilk dəfə NATO üzvü olan ölkəmizə tətbiq olunur. Bu nə cür bir ittifaqdır?”
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün tikintisi başa çatmış Ankara-Niğde avtomobil yolunun açılış mərasimindəki çıxışında deyib.
Ərdoğan ABŞ-ın sanksiya qərarı ilə Türkiyəni asılı vəziyyətə gətirməyə çalışdığını və bu qərarın müttəfiqlik prinsipinə zidd olduğunu qeyd edib.
"Qanuni əsaslarla ölkəmizə qarşı mübarizə apara bilməyənlər sanksiyalarla bizi yolumuzdan döndərməyə çalışırlar. Dünən ABŞ sanksiyaları elan edildi. Bunu çox açıq şəkildə ifadə edirəm, bu günə kimi "CAATSA” heç bir ölkəyə tətbiq edilməyib. Bu, ilk dəfə NATO üzvü olan ölkəmizə tətbiq olunur. Bu nə cür bir ittifaqdır? Qərarın səbəbi nədir? Qərarın səbəbi "S-400”ü almağımızdır. Türkiyə bu yola niyə baş vurub? Çünki ABŞ Türkiyəyə hava hücumundan müdafiə sistemlərini vermədi. Bizi yenidən özlərindən asılı vəziyyətə gətirmək istəyirlər”,- deyə Türkiyə Prezidenti qeyd edib.
Ərdoğan çıxışında bu cür sanksiyaların Türkiyəni yolundan döndərməyəcəyini, bundan sonra ölkənin müdafiə sənayəsindəki müstəqilliyini daha da artırmalı olduğunu qeyd edib:
""S-400” bir problem olmasaydı, oxşar vasitələrdən istifadə ediləcəyi başa düşülürdü. İndi nə olacaq, öz işimizə baxacağıq. Müdafiə sənayemizi tamamilə müstəqil etmək üçün 2 qat daha çox çalışacağıq. Müdafiə sənayesi rəhbəri İsmail Dəmir və komandasını daha çox qoruyacağıq. Vəqflər, dövlət və özəl şirkətlərlə daha yaxın olmağa davam edəcəyik. Türkiyə Kipr əməliyyatı sonrasında da sanksiyalara məruz qalmışdı. Artıq Türkiyə bu cür sanksiyalarla ilişib qalmaq mərhələsini keçib”.