Əsgərimiz müraciət yaydı, nazirlik dərhal reaksiya verdi
15.12.2020
Əsgər Rüfət Yunis oğlu Novruzovun dünən sosial şəbəkələrdə yayılan video-müraciətini Təhsil Nazirliyi araşdırıb və məsələnin müsbət həlli ilə bağlı müvafiq tapşırıq verilib.
DM xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov qeyd edib.
"Məlumat üçün bildiririk ki, 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Xocalı şəhəri üzrə təsərrüfat qrupunun agenti Rüfət Novruzov 10 sentyabr 2020-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyət ilə bağlı 8 saylı ƏMHM-nin rəisinə müraciət edib. ƏMHM-nin rəisinin imzaladığı müvafiq əmr əsasında Rüfət Novruzova 10 sentyabr 2020-ci il tarixindən ailə vəziyyəti ilə bağlı 6 ay müddətinə ödənişsiz məzuniyyət verilib.
Rüfət Novruzov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına çağırılıb, lakin ödənişsiz məzuniyyətdə olması səbəbindən hərbi xidməti dövründə onun maaşı ödənilməyib.
Rüfət Novruzovun Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilir. Onun 3 aylıq maaşı məbləğində maliyyə yardımı Təhsil İşçiləri Həmkarlar Komitəsinin büdcəsindən artıq ödənilib”, - C.Valehov bildirib.