Bu gün son 2 kamanda da bəlli olacaq
07.07.2018
İyulun 7-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinin son iki oyunu keçiriləcək.
Bakı vaxtı ilə saat 18:00-da başlayacaq ilk görüşündə İsveç və İngiltərə yığma komandaları üz-üzə gələcək. "Samara Arena”da keçiriləcək matçın baş hakimi hollandiyalı Byörn Kuypers olacaq.
İsveç səkkizdəbir finalda İsveçrəni 1:0 hesabı ilə üstələyib. İngiltərə isə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçda Kolumbiyanı 11 metrlik cərimə zərbələri seriyasında məğlub edib.
Komandalar bu vaxta qədər dünya çempionatlarında iki dəfə qarşılaşıblar. İlk dəfə 2002-ci il mundialında baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. 2010-cu ildəki dünya çempionatındakı görüşdə də qalib müəyyənləşməyib – 2:2. Dünya çempionatları tarixində beş dəfə dörddəbir finala vəsiqə qazanan İsveç yığması 1938-ci, 1958-ci və 1998-ci illərdəki mundiallarında yarımfinala yüksəlib. 1966-cı ildə mundialının qalibi olan İngiltərə 2006-cı il dünya çempionatından sonra ilk dəfə dörddəbir final mərhələsində mübarizə aparır. İngilislər 1990-cı ildəki dünya çempionatından sonra bu mərhələni keçə bilmirlər.
Qeyd edək ki, İsveç 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi edib. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958), iki dəfə üçüncü yeri tutub (1950, 1994). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviç (116 oyunda 62 qol), ən çox oyun keçirən isə Anders Svenssondur (148 oyun).
İndiyədək 14 dəfə mundiallarda iştirak edən "dumanlı albion” təmsilçisi 1966-cı ildə ev sahibliyi etdiyi səkkizinci dünya çempionatının finalında Almaniya yığmasına 4:2 hesabı ilə qalib gələrək çempion olub. Xatırladaq ki, həmin görüşdə hesab 2:2 olarkən azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun rəyi əsasında baş hakim ingilislərin hücumçusu Herstin qolunun qeydə alınması barədə qərar qəbul edib. Bu qoldan sonra bir dəfə də fərqlənən İngiltərə yığması tarixində ilk və yeganə çempionluğuna nail olub.
İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.
Bu oyunun qalibi yarımfinal mərhələsində Rusiya-Xorvatiya yığmalarının qalibi ilə qarşılaşacaq.
Günün digər oyununda Rusiya və Xorvatiya yığmaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı braziliyalı referi Rikki Sandro idarə edəcək. Matç Soçidəki "Fişt Arena” stadionunda oynanılacaq.
Rusiya səkkizdəbir finalda İspaniyanı, Xorvatiya isə Danimarkanı 11 metrlik cərimə zərbələri seriyasında məğlub edib. Komandalar dünya çempionatları tarixində ilk dəfə qarşılaşacaqlar. Rusiya yığması ilk dəfədir mundialda dörddəbir finala yüksəlib. Xorvatiya isə 1998-ci il mundialında üçüncü yeri tutub.
Rusiya millisi dünya çempionatlarının final mərhələsində 1994-cü, 2002-ci və 2014-cü illərdə çıxış edib. Rusiyalılar mundiallarda sonuncu qələbəsini 2002-ci ildə Tunis üzərində qazanıblar - 2:0.
Dünya çempionatının iki yarımfinalçısı olub. Bunlar Fransa və Belçika yığmalarıdır.
Çempionatın dörddəbir final mərhələsinin bütün görüşləri İdman Azərbaycan kanalında canlı yayımlanacaq.
Mundialın yarımfinal oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.