Türkiyə və Rusiya: hansı daha potensiallıdır?
11.12.2020
Tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu Türkiyə ilə Rusiyanın potensialını müqayisə edib.
DM xəbər verir ki, ekspert bunu aşağıdakı kimi qruplaşdırıb:
1. Beynəlxalq nüfuz, təhlükəsizlik və təsir dairəsində Türkiyə daha üstün mövqeyə malikdir. Türkiyə NATO-nun sadəcə üzvü deyil, orda ikinci güclü ordusu olan ölkədir.
2. Regionda nüfuz və təsir dairəsinə görə Türkiyə daha böyük potensiala malikdir. Türk xalqlarının hazırda 7 müstəqil dövləti (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr), bundan başqa, Rusiya Federasiyasının tərkibində Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Saxa (Yakutiya), Tıva, Xakasiya, Kabarda-Balkariya, Qaraçay-Çərkəz, Altay respublikaları və Taymır (Dolqan-Nen) milli mahalı, Çin Xalq Respublikasının tərkibində Sintzyan-Uyğur Muxtar Rayonu, Moldovanın tərkibində Qaqauziya Muxtar Respublikası, İranın tərkinində Güney Azərbaycan, İraqda türkmanlar vardır.
3. İqtisadiyyatında adambaşına bölüşdürülən resurslarına görə Türkiyə daha güclü və potensiallı ölkədir. Belə ki, 2021-ci il üçün adambaşına büdcə xərcləri Türkiyədə 2186 dollar, Rusiyada 2004 dollar proqnozlaşdırılır.
4. Növbəti ildə adambaşına düşəcək müdafiə xərcləri Türkiyədə 344 dollar, Rusiyada 288 dollar olacaq. Türkiyənin hərbi sənaye kompleksi Rusiyadan texnoloji baxımdan daha yüksək, silahlı qüvvələri isə daha müasir təlimlidir. Sadəcə Türkiyə nüvə dövləti deyil. "Global Firepover” indeksində də Rusiya dünya üzrə 2-ci, Türkiyə 11-ci yerdədir. Rusiya hərbi cəhətdən qüdrətli dövlət olsa da, Türkiyə hərbi sənaye kompleksi inkişafda, Rusiyanın hərbi sənaye kompleksi isə tənəzzüldədir. Bunu İkinci Qarabağ müharibəsi texnoloji müstəvidə daha aşkar və aydın göstərdi.
5. Dünya Bankının qiymətləndirmələrinə görə, Türkiyədə doğulanların orta ömür uzunluğu 77 il, Rusiyada 72 ildir. Əhalisinin sayı arasında 1,75 dəfə fərq olmasına baxmayaraq, "Times Higher Education Vorld University Rankings” 2021-də Türkiyənin dünya üzrə ilk 1500-lüyə düşən 43, Rusiyanın isə 48 Universiteti olduğunu açıqlayıb.
Ekspert bildirib ki, bununla Rusiyanın Azərbaycan üçün iqtisadi əhəmiyyətini inkar etmək niyyəti yoxdur:
"Sadəcə, bilinməlidir ki, Türkiyə Rusiya ilə müqayisədə zəif ölkə deyil, hətta daha potensiallıdır”.