Şəhid olan mədəniyyət işçiləri...
09.12.2020
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəman oğullarımız sırasında mədəniyyət işçiləri də olub.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, müharibənin ilk günlərindən mədəniyyət müəssisələrində çalışanlar da könüllü ordu sıralarına yazılmış və onlardan 65 nəfəri Vətən müharibəsində iştirak edib.
Müxtəlif döyüş bölgələrində qəhrəmanlıq göstərən mədəniyyət işçilərimizdən 6 nəfər, Füzuli rayon 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev, Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev, Gəncə şəhər Nizami Məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov, Göyçay şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov şəhidlik zirvəsinə ucalıb.
Vaxtilə Azərbaycan mədəniyyətinə xidmət edən bu igidlər Vətən yolunda canlarından keçərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazıblar.
Vətən müharibəsinin şəhidləri arasında mədəniyyət sahəsində çalışan 161 nəfərin yaxın qohumu da var. 6 nəfər mədəniyyət işçimiz döyüşlərdə yaralanaraq savaşdan qazi kimi dönüb.