21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Koçaryan-Sarkisyan cütlüyü revanşa hazırlaşır

07.12.2020

 Ermənistanda müxalifətin bir neçə gün əvvəldən hazırlaşdığı mitinq ötən həftənin şənbə günü baş tutdu. Mitinqin yekunu olaraq Paşinyana 3 gün vaxt verildi ki, istefa versin. Onun istefa vermək üçün sabah saat 12.00-a kimi vaxtı var. Əks təqdirdə müxalifət ona qarşı sərt tədbirlər görə biləcəyini açıq şəkildə bildirərək, faktiki olaraq Paşinyana, "Ya öz xoşunla hakimiyyətdən get, ya da biz sənə fiziki güc tətbiq edərək kürsüdən qovacağıq” deyə ultimatum verdi. Lakin görünən odur ki, Paşinyan istefa vermək niyyətində deyil.

Ermənistan daxilində bu baş verənlər, əslində, müstəqillik qazanmış bu respublikanın ilk illərindən indiyə qədər Qarabağla bağlı apardığı işğalçılıq siyasətinin iflası ilə bağlıdır. Uzun illərdir, Ermənistanda mövcud olmuş bütün hakimiyyətlər, erməni kilsəsi, ümumdünya erməni diasporu erməni cəmiyyətinə "Türk sənin düşmənindir, Azərbaycanın əksər torpaqları "Böyük Ermənistan”ın bir parçasıdır” ruhunda tərbiyələndiriblər. İndi isə apardıqları bu siyasətin nəticəsi ilə qarşı-qarşıyadırlar. Bu uydurma və xəyallar üzərində qurulmuş siyasət isə təkcə Azərbaycanın Qarabağı işğaldan azad etməsi ilə deyil, həm də Ermənistan dövlətinin ciddi çağırışlar və təhlükələrlə üz-üzə qalması ilə nəticələnib.

İrəvandakı hərbi-siyasi elitalar bu illər ərzində münaqişənin nizamlanmasını uzatmaqla vaxt udmağa və Qarabağı özününküləşdirmənin artıq "uğurla” başa çatdığını düşünür, müharibə ehtimalını heçə sayırdılar. Onlar düşünürdülər ki, Azərbaycan Ermənistanın  müttəfiqi olan Rusiya faktorunu nəzərə alaraq işğal altındakı torpaqlarını geri qaytarmaq üçün müharibə variantından heç vaxt istifadə edə bilməz, istifadə etməyə can atdıqda isə Kremlin generalları ilə qarşı-qarşıya qalaraq məğlubiyyətə uğrayacaq. Əslində, 2016-cı ilin aprel döyüşləri vaxtı regionda baş verənlər Ermənistan hakimiyyətinə bir siqnal olmalı idi, lakin o vaxt Sarkisyan, sonra isə, Paşinyan hakimiyyəti bu hadisələrdən düzgün nəticə çıxarmadı.

Ermənistanın müxtəlif liderlərinin 30 il ərzində danışıqlar adı altında atdığı qeyri-rasional addımlar və işğalın uzadılması Azərbaycanın Qarabağla bağlı mövqeyini gücləndirdi, nəticədə, torpaqlar geri qaytarıldı. Ötən həftə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da bildirdi ki, Rusiyanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini dəyişməyib, bu ərazinin kimə məxsus olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə çoxdan müəyyən olunub. Bu isə, o deməkdir ki, üçtərəfli Bəyanatın imzalanmasında Qarabağın gələcəyi ilə bağlı məsələ Azərbaycan, Rusiya və Türkiyə liderləri arasındakı danışıqlarda həll edilib - Dağlıq Qarabağda və ətrafdakı bütün torpaqlar Azərbaycan ərazisidir, orada ermənilərin yaşayışı Azərbaycan qanunvericiliyi çərçivəsində olacaq.

Qayıdaq Ermənistanda davam edən xaos və böhran fonunda keçmiş liderlər və indiki hakimiyyət arasında savaşa. İndi hamının məğlubiyyətlə bağlı Paşinyanı ittiham etməsi fonunda Ermənistan Baş naziri bugünkü vəziyyətə görə əks cəbhəni günahlandırır. Paşinyan 10 il Ermənistana rəhbərlik etmiş Robert Koçaryanın onu ittiham etməsinə cavab olaraq beynəlxalq ictimaiyyətin Ermənistanı işğalçı kimi tanımasına görə məhz Köçaryan-Sarkisyan hakimiyyətinin günahkar olduğunu və məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, müxtəlif mənbələrin yaydığı məlumatlara görə, Madrid və Kazan görüşlərindən sonra Ermənistan tərəfinin apardığı qeyri-konstruktiv siyasət nəticəsində baş tutan qısa aprel döyüşlərindən sonra Serj Sarkisyan ətraf rayonları qaytarmaqla bağlı ciddi pressinqlə üzləşib. Ermənistanın sabiq prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məxfi sənədi imzalamağa hazır olub. Bunu Serj Sarkisyanın  sabiq dostu, separatçı-terrorçu həmkarı, sonralar isə münasibətləri düşmənçilik səviyyəsinə qədər çatmış Samvel Babayan da etiraf edib. O bu ilin avqust ayında mətbuata verdiyi açıqlamasında bildirib ki, Sarkisyanın imzalamağa hazırlaşdığı sənədlərdə "çox aydın və dəqiq şəkildə deyilir ki, biz 5 rayonu, sonra iki rayonu, daha sonra bir dəhlizi qaytarırıq, amma Qarabağ münaqişəsinin həlli görünmür”.

İndi Nikol Paşinyanı təslim olmaqda ittiham edən Serj Sarkistan və Robert Koçaryan nədənsə unudurlar ki, 2016-cı ilin aprel döyüşləri vaxtı Sarkisyan da xələfi Paşinyan kimi Moskvaya zəng edərək xilas üçün yalvarmış, Azərbaycanın şərtlərini qəbul edəcəyini bildirmişdi. Lakin sonrada Sarkisyanın verdiyi sözdən qaçaraq bu məsuliyyət altına girməməsi, hakimiyyəti çox asanlıqla Paşinyana "təhvil verməsi” Qarabağ danışıqlarının perspektivliyinə ciddi zərbə vurmuş oldu.

Bu fonda, 2018-ci ilin baharında hakimiyyətə gələn Paşinyan Sarkisyanın aqibətindən nəticə çıxarmaq və münaqişənin nizamlanmasında köhnə səhvləri təkrarlamamaq əvəzinə, özünü əsl "təlxək” kimi apararaq müharibənin istənilən vaxt başlaması üçün bütün zəminləri yaratdı. Nəticədə, Azərbaycan Ordusu 200 il davam edən erməni mifi və illüziyalarını tamamilə məhv etdi, regionda indiyə qədər mövcud olmuş geosiyasi konfiqurasiya darmadağın oldu.

Hazırda məğlubiyyət fonunda Ermənistan daxilində baş verənləri seyr etsək, bu ölkədəki siyasi hakimiyyətin və müxalifətin hələ də normal düşünmək qabiliyyətlərinin olmadığını görmüş olarıq.

Ermənistanın sabiq prezidenti, əli minlərlə günahsız azərbaycanlının qanına bulaşmış Ermənistanın sabiq prezidenti Robert Koçaryan son müsahibəsində Paşinyanı günahlandıraraq qeyd edib ki, "Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin artıq heç bir perspektivi yoxdur”. O əlavə edib ki, hakimiyyətdə olsaydı, müharibə baş tutmazdı. Görünür, Robert Koçaryan Paris danışıqları zamanı ayaqyolu adı ilə necə otaqdan çıxıb təyyarəyə minin qaçdığını unudub.

Elə bu günlərdə  Ermənistan Prezidentinin müşaviri olmuş, 1991-1997-ci illərdə Qarabağ danışıqlarında iştirak etmiş Jirayr Libaridyan həm keçmiş, həm də indiki hakimiyyəti Qarabağ danışıqlarında tutduqları mövqelərinə görə tutarlı şəkildə tənqid edib. O bildirib ki, "Biz [Ter-Petrosyanın komandası] sülh müqabilində əksər rayonları qaytarmaq və status məsələsini sonraya saxlamaq üçün fürsət yaratmaq istəyirdik. Növbəti administrasiyalar əraziləri yalnız status müqabilində geri qaytarmaq qərarına gəldi. Yəni, Qarabağın müstəqilliyinin tanınması və ya ən azı müstəqilliyə yol açan referendum kimi addıma qərar verildi”.  "Nəzərə almalıydıq ki, zaman keçdikcə Azərbaycan öz hərbi qüdrəti və resursları baxımından daha da güclənirdi. Razılaşmaya yolumuz nə qədər uzun idisə, bir o qədər də müharibəyə yaxınlaşırdıq və onu qazanmaq şansımız azalırdı” - deyə 0 bildirib.

Beləcə, indi həm Ermənistandakı hakimiyyət, həm də müxalifət torpaqların əsl sahibinə qayıtdığı reallığı ilə barışmalıdırlar. 1998-1999-cu illərdəki danışıqlardan, 2009-cu ildə Madrid və 2011-ci ilin Kazan görüşündən nəticə çıxarmayan erməni cəmiyyəti eyni səhvi bu dəfə təkrarlamamalıdır.

Bəli, beləcə, Ermənistan cəmiyyəti dünənindən və bu günündən sabahı naminə nəticə çıxarmalıdır. İndi Ermənistan daxilində baş verən proseslər erməni cəmiyyətindən  Cənubi Qafqazda yaxın perspektivdə baş verəcək proseslərə ayıq baxışla baxılmasını tələb edir. Ermənistanın hərbi-siyasi elitası bu gün yeni reallıqla qarşı-qarşıyadır.

Reallıq isə ondan ibarətdir ki, Qarabağ Azərbaycandır. Qarabağın Azərbaycan olması ilə yanaşı, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə yaxın zamanlarda quru əlaqəsi yaranacaq.

1990-cı illərin sonunda amerikalı diplomat Pol Qobl tərəfindən təklif olunan Mehri məsələsi onilliklərdən sonra faktiki olaraq reallaşdı. Ermənistan parlamentində Vazqen Sarkisyan və Karen Dəmirçiyanın güllələnməsinə qədər gedib çıxan Mehri məsələsi həmin illərdə bölgənin yeni gələcəyi üçün açar hadisə idi. Məsələ ilə bağlı 16 noyabr 2000-ci ildə Rusiyanın NTV televiziya kanalının "Seqodnya” informasiya proqramında Karen Demirçyanın oğlu Stepan Dəmirçiyan belə demişdi: "Atam oktyabrın ortalarında mənimlə "Mehri variantı” haqqında danışıb. Belə variant müzakirə edilib. O, həddindən artıq həyəcanlı idi və dedi ki, buna qarşı çıxacaq və sonuna qədər dayanacaq”.

Tarix dəyişdi, illər keçdi. Hadisələr onu göstərdi ki, Ermənistanın bu gün bu biabırçı duruma düşməsinin əsl səbəbi indiyə qədər müxtəlif vaxtlarda düşmən ölkənin müxtəlif hakimiyyətlərinə təklif olunan həll variantlarının qəbul etməmələridir. Nəticədə, artıq bölgədə Türkiyə əsgəri var, Zəngəzur Türkiyə və Azərbaycan arasında kommunikasiya xəttinə çevriləcək, Şuşa başda olmaqla bütün Azərbaycan torpaqları sahibinə qayıtdı. İndi Azərbaycan vətəndaşları olan ermənilərə Qarabağda bizim qanunvericiliyimiz altında yaşayacaqsınız deyir, Ermənistanı Qarabağla bağlı xəyallarını unudub yeni münasibətlər qurmağa çağırır. Əgər Ermənistandakı siyasi avantüristlər revanşizm siyasətini qarşıdakı aylarda, illərdə yenidən dövlətlərinin əsas məqsədi elan edəcəklərsə, o zaman bu dəfə ümumilikdə Ermənistan dövlətinin perspektivinə zərbə vurmuş olacaqlar.

Və sonda. Prezident İlham Əliyevin dediyi sözləri yadımıza salaq: "Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik”.

Bəli, nə yaxşı ki, həmin bu canilər indi Qarabağın Azərbaycan Ordusu tərəfindən azad edilməsini öz gözləri ilə gördülər. Bəs nə oldu, niyə 90-cı illərdən fərqli olaraq bu dəfə onlar döyüşmədilər, müharibədə görünmədilər? Çünki o vaxtlar faktiki olaraq Azərbaycanın ordusu yox idi, ölkəmiz müharibəyə hazır deyildi. Bu qatillər isə fürsətdən istifadə edərək əliyalın azərbaycanlılara qarşı döyüşür, özlərini qəhrəman hesab edirdilər. Əgər onlar doğrudan da dedikləri hünərə sahib idilərsə, 44 günlük müharibədə niyə meydanda yox idilər? Çünki onların Azərbaycan ordusu ilə döyüşməyə hünərləri çata bilməzdi, onlar yalnız əliyalın insanlara, uşaqlara, qadınlara, qocalara qarşı özlərini "cəsur”, "qəhrəman” kimi apara bilirlər. Qarşılarına ordu çıxanda isə siçan kimi girməyə deşik axtarırlar. Necə ki, biz bunun 44 günlük müharibədə şahidi olduq. Azərbaycan Ordusu Koçaryanın, Sarkisyanın faşist mifini yerlə-yeksan, ordusunu darmadağın etdi.

Lakin utanmazlıq bu cütlüyün qanına o qədər hopub ki, yaranmış vəziyyətdən istifadə edərək, Paşinyan hakimiyyətini devirmək, yenidən hakimiyyətə qayıtmaq istəyirlər. Azərbaycan xalqının qatı düşməni R. Koçaryan isə bu məsələdə daha həvəsli görünür. 30 ildir, həm bölgədə gərgin vəziyyətin, düşmənçilik münasibətlərin davam etməsinin, həm də Azərbaycan və erməni xalqlarının başına açılan oyunların baş rolunun ifaçılarından olan R. Koçaryan yenidən hakimiyyətə gələcəksə, bundan ən çox ziyan çəkən də elə erməni xalqı olacaq. Əgər Ermənistanda bunu anlamırlarsa, onda erməni xalqı yeni faciələrə hazırlaşsın.  

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov