Ordumuzun Qarabağın dağlarında misilsiz peşəkarlığı
04.12.2020
Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində tarix yazmağa müvəffəq oldu. Bu müvvəffəqiyyətin nəticəsi o oldu ki, Azərbaycanın 30 ilə yaxındır işğal altında olan torpaqları geri aldı və Azərbaycanın ərazisi bərpa olundu.
Milli Ordumuz Dağlıq Qarabağ və ətraf rayonlarında keçirilən əks hücum əməliyyatları zamanı Ermənistan Silahlı Qüvvələrini aciz vəziyyətə saldı. 30 illik qazılan istehkamlar, qurulan müdafiə bölmələri və yerləşdirilən texnika və RƏM sistemləri bir-birinin ardınca məhv edildi. Rəsmi rəqəmlərdə itkilərin sayı az göstərilsə də, reallıqda düşmənin 10 minə yaxın hərbçisi də zərərsizləşdirildi ki, bunun nəticəsində ağ bayraq qaldırıldı.
İşğalçı Ermənistan Ordusu 44 günlük müharibədə milyardlarla dollar dəyərində hərbi texnika, döyüş təyyarəsi, RƏM sistemləri, artilleriya qurğuları və digər silah-sursatını itirib. Onsuz da iqtisadi bataqlıqda olan bir ölkənin müharibədə aldığı acı məğlubiyyət düşdüyü böhranı bir qədər də dərinləşdirib. Bunun nəticəsidir ki, Ermənistanda günü bu gün etirazlar keçirilir, hakimiyyətin istefası tələb olunur və ölkənin acınacaqlı bir vəziyyətdə olması bildirilir.
Azərbaycan Ordusunun Vətən Müharibəsində 2 783 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Həmçinin 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində keçirilən əks-hücum əməliyyatları zamanı Azərbaycanın verdiyi itkilər əslində hərbi ekspertlərin hesablamalarına əsasən o qədər yüksək olmayıb. Azərbaycan Ordusu minimum itkiyə hesablanan əməliyyatlar zamanı müasir silahlar və texnikalardan istifadə edərək Ermənistan ordusunu darmadağın etməyi bacarıb. Dağlıq və çətin relyefdə aparılan əməliyyatlar, günlərlə hərbçilərimizin ac-susuz dağlarla irəliləməsi, Şuşa və Hadrutun alınmasında göstərilən şücaət və uğurlu hərb planı Azərbaycan Ordusunun dünya hərb tarixində öz sözünü deməsi ilə nəticələnib.
Bu Qələbə əslində 200 illik erməni təxribatlarına verilən ən layiqli cavab oldu. Son 200 ildə ermənilər tərəfindən azərbaycanlılara, türklərə qarşı çoxsaylı təxribatlar, terror aktları, cinayətlər həyata keçirilib. Uşaq, qadın demədən xalqımıza qarşı soyqırımı gerçəkləşdirilib. Xocalı və mart soyqırımları buna nümunədir. Lakin bu 200 ilin yekununda ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənə elə bir zərbə vurdu ki, son 200 ilin qisasını düşməndən aldı. Ermənistan məcburiyyət qarşısında kapitulyasiyaya imza atmağa məcbur oldu. Hansı ki, biz II Dünya müharibəsindən bu günə qədər belə bir kapitulyasiyaya şahid olmamışıq.