Mən Ermənistanla bağlı xəbərdarlıq etmişdim - Prezident
04.12.2020
Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv etmişdir. Ermənistanın baş naziri "Qarabağ Ermənistandır” kimi bir sıra təxribatçı bəyanatları ilə danışıqlara son qoymuşdur. Ermənistanın müdafiə naziri "yeni ərazilər uğrunda yeni müharibə”yə çağırış etmişdir.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 3-də Nyu Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi sessiyasında çıxışı zamanı deyib.
"Cari ilin iyul ayında Ermənistan regionda yeni gərginlik mənbəyi yaratmaq, yeni əraziləri işğal etmək və Azərbaycanın strateji enerji infrastruktur layihələrinə zərbə vurmaq məqsədilə dövlət sərhədində hərbi təxribat törətmişdir. Daha sonra, avqust ayında Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir. Sentyabrın 24-də BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində çıxışım zamanı mən Ermənistanın yeni müharibəyə hazırlaşması ilə bağlı xəbərdarlıq etmişdim", - Prezident bildirib.