21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İsrail siyasi böhrana yuvarlanır?

03.12.2020

 İsrail yenidən siyasi böhrana yaxınlaşıb.

DM xəbər verir ki, İsrail parlamenti Knesset özünü buraxması barədə qanun layihəsini dəstəkləyib. Layihənin lehinə 61, əleyhinə 54 deputat səs verib.

Beləliklə, 8 ay sonra ölkə yenidən parlament seçkisi astanasına gəlib. Əgər bu dəfə də seçki baş tutarsa, o zaman bu, son iki ildə keçirilən dördüncü parlament seçkisi olacaq.

İsrail mətbuatı hazıda məsələnin parlamentin xüsusi komissiyasına verildiyini bildirib. Komissiya bunu dəstəkləyəcəyi təqdirdə qanun layihəsinin qəbulu üçün onun daha 3 oxunuşdan keçməsi nəzərdə tutulub.

Bununla belə, hələ də hakim koalisiyada kompromisin əldə olunacağı ilə bağlı ümidlər var. Baş nazir Benyamin Netanyahu ilə müdafiə naziri Benni Qantz arasında koalisiyanın dağılmasına imkan verilməyəcəyi iddia edilir.

İsrailin "13-cü kanal”ı hökumətə etimadsızlıq votumundan keçirilən ictimai rəy sorğusunun nəticələrini yayıb. Məlumata görə, əgər seçki bu həftə baş tutarsa, o zaman Knessetdəki yerlərin 29-nu Benyamin Netanyahunun Likud Partiyası tutacaq. Ondan sonrakı yerdə isə Yamina (22), Birləşmiş Ərəb Siyahısı (11), Yeş-Atid-Telem (19), Kaxol Lavan (10), Bizim Ev İsrail (8) və digərləri qərarlaşacaq. Ümumilikdə isə sağçılar 65, sol mərkəz partiyaları isə 47 səs toplayacaqlar ki, bu da indiki halda Netanyahu üçün müəyyən qədər sərfəli sayılır.

Sorğu iştirakçılarının həmçinin 34%-i Netanyahunun daha yaxşı baş nazir olacağını bildiriblər. Onun koalisiya ortağı olan Benni Qantzla bağlı bu fikri cəmi 13% müdafiə edib.

Bununla belə respondentlərin 45%-i Netanyahuya, 20%-i Benni Qantza, 25%-i isə hər ikisinə görə İsrailin yenidən seçkilərə getdiyini bildirib.

Ekspertlər isə İsrail üçün yeni seçkinin arzuolunmaz olduğunu qeyd ediblər. Onların fikrincə, əgər Netanyahu indi seçkilərə getsə, bu, onun üçün fəlakət olacaq. Buna əsas səbəb isə pandemiyadan sonra iqtisadiyyatın düzəlməməsidir. Belə ki, cari ildə ölkə iqtisadiyyatının 6,5% azalacağı, qapanmalar fonunda isə işsizliyin 20%-ə çatacağı proqnozlaşdırılır ki, bu da Netanyahu üçün mənfi sayılır.

İsrail politoloqu Zeyev Xanin Netayahu üçün seçkini yay aylarında keçirməyin sərfəli olduğunu deyib:

"Yayda koronavirusa qarşı dəqiq peyvənd olacaq və İsrail böhrandan bir çox Avropa ölkələrindən özünün ixracatyönümlü iqtisadiyyatı sayəsində daha tez çıxacaq. Ona görə də baş nazirə Qantzla koalisiyanı mart ayında parçalamaq, üç aylıq seçkiqabağı kampaniya aparmaq və seçkini iyun-iyulda keçirmək daha sərfəlidir. Qantza isə seçkini daha tez keçirmək sərfəlidir. Ona görə ki, məhz Qantz 2020-ci ilin mayında sağçı Netanyahu ilə koalisiya qurmaqla elektoratının bir hissəsini itirdi. Başqa bir variant da var. Belə ki, buna görə Qantza indiki parlament səsvermələri Netanyahudan daha çox güzəşt qoparmaq üçün lazımdır”.

Qeyd edək ki, Netanyahu ilə Qantz arasındakı razılaşmaya əsasən, İsraildə baş nazir vəzifəsi növbəli qaydada idarə ediləcək. Netanyahu bu vəzifədə 2021-ci ilin noyabrına qədər qala biləcək, ondan sonrakı dövr isə indiki müdafiə naziri Benni Qantzın baş nazirliyi ilə keçəcək.