“Bu şəkli paylaşın” deyən şəhid anası...
02.12.2020
Sosial şəbəkələrdə bir az ürəyi titrədən, bir az qəhər yaradan, bir az da qürurverici statuslar paylaşılır: Şəhid anası oğlunun fotosunu yaymağı xahiş edib, deyib, qoy hamı tanısın oğlumu...
Və o ana tək deyimiş – şəhid analarının böyük əksəri bunu kimdənsə xahiş edibmiş...
Baxıram onların fotosuna: şir biləkli, düşmən çəpəri, yağı bağrı yaran...
"Analarımız elə bir oğul böyüdüb ki, gur, çatmaqaş, gensinə.
Analarımız elə bir oğul böyüdüb ki, oğul deyirəm sənə...”
İndi mən deyim, sən eşit, Ana: biz bu igidləri, bu oğul kimi oğulları o qədər gözəl tanıyırıq ki!
Ana, onlar bizim üzərimizdir, canımızdır, qanımızdır;
Onlar bizim qürurumuzdur, şərəfimizdir, şanımızdır;
Onlar bizim müqəddəs bildiyimiz torpaqdır, arxasına sığındığımız Vətən sərhədidir.
Heç cür onları unutmarıq; heç bir dəqiqəmiz onlarsız deyil; ən azı, biz durduqca onlar bizimlə yaşayacaq.
Sən bir oğul vermisən, min oğul qazanmısan!
Sən bir igid göndərmisən, bir Ordu – həm də Qalib Ordu qazanmısan!
Sən bir ev kiçilmisən, amma bir Yurd Böyümüsən!
Biz də sənin balanıq, qardaşınıq, atanıq...
Yox, elə anamızsan: yaşlısından, gəncindən asılı olmayaraq – Şəhid Anası hamımızın anasıdır!
Ancaq, bilirsənmi, əziz Ana!
Hamımız öləcəyik – bu dünyada qalan olmayacaq: ya hansısa bir qəzada, ya bir masa arxasında, ya da qocalıb-qartımış halda yorğan döşəkdə.
Biz öləndə yaddaşlarda son şəklimizlə qalacağıq. O son şəkil necə olacaq? Bilmirik!
Ancaq şəhidlərimiz hər zaman yaddaşlarda bu cür cəngavər, əsl kişi paltarında, boy-buxunlu, qamətli, yaraşıqlı qalacaq.
Hamı onları son şəkillərində - igid olaraq, kişi olaraq, qəhrəman olaraq xatırlayacaq.
Bir daha kimə, hansı nəsilə qismət olacaq bu cür şərəfli ömür?
Bir daha nə zaman bu Vətən üçün şəhid olmaq fürsətini Allah kiməsə qıyacaq?
Çox gənclər "heç nədən” ölürlər – qəzadan, qədərdən. Onlar da "şəkil kimi gənclər” olur.
Ancaq onlar Şəhid olmur!
Həmişə kiçik rəqəmlərə təəccüblənəndə ata sözümüz yada düşüb: Az deyil, bir igidin ömrü!
Nə demək bir igidin ömrü, bilirsənmi?
İgidlər bu dünyada az yaşar, ancaq öz yaşar!
Sənin oğlun İgid ömrü yaşadı!
İgidlərə Allahın salamı olsun...