Erməni politoloqlar Paşinyan haqqında
02.12.2020
Erməni politoloqlar Nikol Paşinyanın hakimiyyətdə qalmaq şanslarını qiymətləndiriblər.
DM xəbər verir ki, bu barədə "Vestnik Kavkaza” nəşri material hazırlayıb.
Erməni politoloqların Paşinyanla bağlı fikirləri aşağıdakı kimidir:
Stepan Danielyan: Paşinyanın məsələni həll edib-etməyəcəyini zaman göstərəcək. Məncə, fəaliyyəti ilə bağlı istintaqa başlanılacaq. O zaman cəmiyyət daha dəqiq qərar verə biləcək. Hər halda, Paşinyanın bundan sonra hökumətə rəhbərlik etməsi birmənalı olaraq mümkün deyil.
Armen Vardanyan: Paşinyanın öz nüfuzunu möhkəmləndirmək və xəyanətdə ittihamlardan qaçmaq şansı yoxdur. Bəlkə gələcəkdə cəmiyyət onu anlayacaq, amma bunun üçün o, istefa verməli və bütün həqiqətləri söyləməlidir. "Ermənistan ordusu necə uduzub”, "Rusiya bu məsələdə hansı rolu oynayıb” kimi suallar cavablandırılmalıdır. Bəlkə bundan sonra cəmiyyət onu anlayacaq.
Naira Ayrumyan: Hakimiyyətin dəyişdirilməsi əlamətləri var. Doğrudur, məsələnin həll olunması müddətini demək çətindir. Bəlkə üç gündən sonra, bəlkə də iki aydan sonra – istefa mütləq olmalıdır. Aydındır ki, dünya hansısa konkret detallarla bağlı danışıqlara başlamaq və müqavilə bağlamaq üçün hakimiyyətin dəyişikliyini gözləyir. Paşinyan üçün isə yeganə məsələ ondan ibarətdir ki, satqın təkcə o deyil, bu ssenari Nikoldan əvvəl hazırlanmışdı və ən qəddar şəkildə həyata keçirildi.