Şəhidin son sözü: Narahat olmayın…
01.12.2020
Azərbaycan Böyük Vətən müharibəsinin 19 yaşlı şəhidi Röyal Erzar oğlu Aslanovdan danışmaq istəyirəm sizə.
Röyal 17.05.2001-ci ildə Tovuz rayonunun Abulbəyli kəndində doğulub. 2008-ci ilin sentyabr ayında N.Tusi adına Tovuz şəhər tam orta məktəbin 1-ci sinfinə gedib, 5-ci sinfədək burada oxuyub. 2013-cü ildə ailəsi ilə birlikdə yaşayış yerini dəyişdiyi üçün orta məktəb təhsilini Rusiya Federasiyasının Tümen vilayətinin Nadım şəhəri, Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib.
Röyal hələ 3-cü sinifdən güləş və boksla məşğul olub. Tümendə oxuyarkən də idmanla məşğul olmağa davam edib, boks üzrə şəhər və vilayət yarışlarına qatılıb, fəxri yerlər tutub. 2017-cı ildə boks üzrə 16-17 yaşlı gənclər arasında 2-ci yerə, 2018-ci ilin may ayında 1-ci yerə çıxıb.
Sonra doğma Vətənə dönən Röyal 2019-cu ilin iyununda həqiqi hərbi xidmətə gedib. Hərbi xidmətini Tapqaraqoyunludakı N saylı hərbi hissədə keçən gəncimiz Azərbaycan Böyük Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb, Tərtər, Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Soyadına uyğun aslanlar kimi döyüşən qorxmaz Röyal Aslanov 29 sentyabrda Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub, 30 sentyabrda Tovuz şəhər qəbiristanlığında dəfn olunub.
Röyalgil ailədə bir qardaş, bir bacı olub. Çox saf tərbiyəli, vətənpərvər övlad olub Röyal. Hərbi xidmətdə olan zaman, fürsət düşdükcə atası, anası və bacısı ilə telefonla danışırmış. Böyük ruh yüksəkliyi ilə deyirmiş: "Hər şey yaxşıdır. Sizə zəng vurmasam, narahat olmayın”.
Vətən üçün narahat olan, döyüşlərə atılan oğulların dilinin əzbəridir bu söz: "Məndən narahat olmayın”... Bu sözü artıq neçə şəhid ailəsindən eşitmişəm; demək, burada hansısa bir qanunauyğunluq var; demək ki, vətənpərvərlərin, qorxmazların ümumi cəhətləri var və onlar hər nə olursa olsun, onlarçün kiminsə narahat olmasını istəmir... Amma özləri məqsədə çatanadək rahat yuxu yatmır... Məqsədsə müqəddəsdir: Ana Vətənə Xidmət!
Yaxşı xatırlayıram, uzun illər bundan öncə Tovuzun "Həqiqət” qəzetində, o zamankı hərbi çağırışçılardan olan İsmayıl adlı gənc şairin belə bir şeiri çap edilmişdi:
"Könlümü oxusaydın,
Mən indi fəxr edirəm. –
Ana, gözlərin aydın,
Bu gün əsgər gedirəm.
Bu şad xəbəri bildik,
Bağçamız bağa döndü.
Vətən, hazıram! – deyə,
Ürəyim dağa döndü.
Könlümüzdə xoş səsdir
Vətənin məhəbbəti.
Vəzifə müqəddəsdir:
Ana Vətən xidməti”...
Ana Vətənin müdafiəsini, torpaqlarımızın azadlığını müqəddəs bilən oğullarımız olduqca, biz varıq! Çuvaşların məşhur sözü ilə desək: Epir pulna, pul, pulatpır! – Vardıq, varıq, var olacağıq!
Biz Sizdən narahat deyilik, əziz şəhidlərimiz! Siz mərtəbələrin ən gözəlindəsiz: Şəhidlik mərtəbəsində! Məkanların ən ülvisindəsiz: Cənnətdə!
Siz də bizdən narahat olmayın – bu dünyanın cənnəti Şuşa bizdədir – cənnət şəhərimiz də, milli ruhumuz da azaddır artıq!
Qənirə Paşayeva,
MM-in Mədəniyyət komitəsinin sədri