Merkel koalisiyanı XİLAS edib
04.07.2018
Son iki həftəni Almaniya kansleri üçün taleyüklü dövr adlandırmaq azdır. Həmin günlər Avropa miqrasiya siyasətinin əsas istiqamətləri uğrunda şiddətli mübarizə ilə əlamətdar olub. Bu mübarizədə miqrasiya siyasətinin sərtləşdirilməsinə, qaçqın axınının azaldılmasına və sərhədlərin bağlanmasına tərəfdar olan qüvvələr qalib gəldilər.
Bəzi siyasətçilər elə etmək istəyirlər ki, miqrantlar gələcəkdə Aralıq dənizindən keçməklə Avropaya təhlükəli yola çıxmağı ümumiyyətlə ağıllarına gətirməsinlər. İndi bu məqsədlə sərhəd nəzarəti gücləndiriləcək və qaçqınlar üçün Şimali Afrikada düşərgələr yaradılacaq. Miqrantların sığınacaq almaq hüququ olduğuna və ya Avropanın işçi qüvvəsinə ehtiyacı olduğuna görə Avropanın miqrantları qəbul etmək istəyib-istəmədiyi müəyyən edilənə qədər miqrantlar həmin düşərgələrdə gözləyəcəklər.
Bundan sonra siyasətçilər Aİ daxilində daha sərt hərəkət edəcəklər. Nəzəri cəhətdən miqrantlar xüsusi tranzit mərkəzlərə və düşərgələrə göndəriləcək, onların sənədlərinin yoxlanması proseduru sürətləndiriləcək, arzuedilməz şəxslər isə çox qısa müddətdə geri qaytarılacaq.
Angela Merkelin keçən həftə avropalı həmkarları ilə birlikdə işləyib hazırladığı planlar kanslerin əvvəllər yürütdüyü açıq sərhədlər siyasətini ləğv edir. Nəticə etibarilə AFR DİN rəhbəri Horst Zeyehoferin də razılaşdığı siyasət son günlərdə Almaniyada cərəyan edən kədərli hoqqabazlığa son qoyub. AFR hökumətini parçalanmaqdan xilas etmək mümkün olub.