İtaliyadan Azərbaycanla bağlı YENİ ADDIM
30.11.2020
İtaliyanın Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul ediblər.
Azərbaycanın İtaliyadakı Səfirliyindən verilən məlumata görə, sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın 20% ərazilərinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanır.