Qərb Azərbaycanda nəyə çalışır?
30.11.2020
Qərb üçün demokratiya bütün təbii sərvətlərdən daha vacibdir. Çünki demokratiya onun üçün total nəzarət mexanizmidir. "Demokratiyanın kimdə olduğunu, kimdə isə olmadığını” həll etmək hüququnu inhisara almış qüvvənin - Qərbin bu reallıq fonunda neftin, qazın, tranzit yollarının, hərbi bazaların və s. öz-özünə ayaqları altına səriləcəyinə dair tükənməz inamı var. Qərbin müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübəsi bu inamın əsasında dayanan amildir.
DM xəbər verir ki, bu fikirləri millət vəkili Elman Nəsirov qeyd edib.
O bildirib ki, demokratik inkişaf yolunu seçmiş Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində həm hərbi, həm siyasi, həm də informasiya cəbhəsində qazandığı tarixi qələbə öz əhəmiyyəti baxımından region səviyyəsini aşaraq qlobal məzmun kəsb etməkdədir:
"Bu gerçəklik nə qədər qəribə səslənsə də, paradoksal vəziyyət yaradır. Başqa sözlə, Azərbaycanın terror və faşizmi dövlət siyasəti səviyyəsinə qaldırmış işğalçı Ermənistan üzərində qazandığı tarixi zəfər bəzi Qərb dövlətlərində müəmmalı narahatlıq doğurub və onların bir sıra nüfuzlu kütləvi informasiya vasitələri təmsilçilərinin Prezident İlham Əliyevə ünvanladıqları təxribatçı suallarda öz ifadəsini tapıb. Bu baxımdan Pezident İlham Əliyevin oktyabrın 25-də ABŞ-ın "Foks Nyus” televiziya kanalına verdiyi müsahibə istisna təşkil etmir. Qərb jurnalistinin bir çox hallarda təxribatçı və qərəzli suallarına dövlətimizin rəhbərinin verdiyi sərrast cavablar dərin zəka, intellekt, analitik düşüncə qabiliyyəti və zəngin təcrübədən qaynaqlandığından qarşı tərəfi çıxılmaz vəziyyətə salır, "tərk-silah” edir, "ünvanı səhv saldığı” qənaətini ortaya qoyurdu”.
Millət vəkili bildirib ki, Qərb təmsilçiləri Azərbaycanın legitim hərbi uğurları və adekvat olaraq həyata keçirdiyi uğurlu sülh prosesinin regiona sabitlik, sülh və təhlükəsizlik mühiti gətirdiyini təqdir etmək əvəzinə, geosiyasi təzyiq alətinə çevirdikləri "demokratiya”nı maddiləşdirir, ona elastiklik verir, ondan "qamçı” və "qoğal” kimi yararlanırlar:
"Qərb üçün geosiyasi manipulyasiya və ambisiya vasitəsi olan qılaflanmış "demokratiya” anlayışı aysberq kimidir, onun görünməyən hissəsi daha böyükdür.
Qərbin demokratiyanın ixracı və vətəndaş cəmiyyətinin inkişafı məqsədilə hərbi güc tətbiqi praktikası geniş yayılıb. Məntiqləri də ilk baxışdan kifayət qədər cəlbedici təsir bağışlayır: "Demokratik ölkələr bir-birləri ilə müharibə etmirlər”. Nəticədə biznes qazanır. Təhlükələr minimuma enir. Sabitlik hökm sürür. Əslində isə bütün bunlar Qərbin uydurduğu illüziyalardır. "Demokratiya oyunu”nun üst qatıdır. Alt qatda qılaflanmış mətləblər gizlənməkdədir.
Qərb niyə hədəf seçdiyi ölkələrdə QHT-lərin fəaliyyətinə son dərəcə həssaslıqla yanaşır? Əvvəla onu qeyd edək ki, QHT-lər ilk növbədə öz ölkələrinin siyasətinə hakimiyyətin ənənəvi mexanizmlərindən fərqli yollarla təsir etməyi bir vəzifə olaraq müəyyən edirlər. İstənilən təşkilatın fəaliyyətinin səmərəlilik əmsalının yüksəlməsində maliyyələşmə imkanları ilə bağlı məsələ həlledici rola malikdir. QHT-lər isə adətən fəaliyyət göstərdikləri ölkələrin hökumətlərindən maliyyələşmirlər (Azərbaycan mövcud təhlükələrdən vaxtında sığortalanmağı bacardı). Onda bəs maliyyəni kimdən alırlar? Əsasən, xarici ölkələrdəki ayrı-ayrı fondlardan. Bəs bu fondları kim maliyyələşdirir? Heç şübhəsiz, Qərb hökumətləri. Bu ki, isbata ehtiyacı olmayan aksiomdur: pulu ödəyən mahnını da sifariş edir. Zənnimizcə, Qərbin QHT-lərə belə canyanalığının motivlərini əlavə şərh etməyə lüzum yoxdur.
Bəs Qərb niyə inkişaf etməkdə olan ölkələrdə hakimiyyətin bölgüsü prinsipinə bu qədər həssaslıqla yanaşır? Məlum olduğu kimi, hakimiyyətin bölgüsü onun müstəqil qolları arasında tarazlığın saxlanması anlamını özündə ehtiva edir. Elə bu səbəbdən də Qərb demokratiyanın ixracı hesabına həmin vəziyyətin laxlamasında maraqlıdır. Bu məqsədi həyata keçirmək üçün isə "müstəqil” KİV, QHT və vətəndaş cəmiyyətinin imkanlarından istifadə olunur. Nəticədə tarazlıq hakimiyyətin bu və ya digər qanadının xeyrinə pozulmuş olur. Başqa sözlə, "parçala, hökm sür” prinsipi tam işlək vəziyyətə gətirilir. Bax elə buna görə də bu, Qərbə lazımdır”.