Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları birgə bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı tədbirlər davam etdirilir. Bəyanatın müddəalarına əsasən, Rusiya tərəfi əvvəlcədən müəyyən edilmiş kvotaya uyğun şəkildə sülhməramlılarının Dağlıq Qarabağın ərazisində yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirib. Yerləşdiriləcək kontingentin bir hissəsi Ermənistandan gəlməklə Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa daxil olub.
Bununla yanaşı, razılaşdırılmış hüquqi çərçivəyə uyğun olaraq Rusiya bölgəyə çatdırılması nəzərdə tutulan yüklərin məhz Azərbaycan vasitəsilə daşınmasını qərara alınıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir.
Noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib. Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb. Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.
Qeyd edək ki, gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir. Rusiya hərbçilərinin Dağlıq Qarabağda yerinə yetirəcəyi sülhməramlı missiyanın həm Azərbaycan, həm Ermənistan, bütövlükdə region ölkələri üçün sabitlik qarantı ola bilər. Məhz Rusiyanın Dağlıq Qarabağla bağlı ədalətli mövqeyi və bölgəni Azərbaycanın ərazisi kimi tanıması, bundan əlavə müharibənin yenidən başlamaması üçün öz gücünü göstərməsi regiona uzun illərlə pozulmayan sülh gətirə bilər.
Umutmaq lazım deyil ki, Rusiya Prezidenti Vladimir Putin də bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Sülhməramlı qüvvələrin ehtiyacı üçün tələb olunan yüklərin Azərbaycan və Rusiya arasında imzalanmış müvafiq protokola uyğun olaraq Azərbaycan vasitəsilə həyata keçirilməsi ölkəmizin ərazi bütövlüyə və suverenliyə hörmətin nümunəsidir. Bu, həm də Rusiyanın beynəlxalq hüquqa, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə sadiqliyinin əyani göstəricisidir.
Digər tərəfdən, məlumdur ki, Rusiya Ermənistanla həmsərhəd deyil. Yüklərin təyyarələr vasitəsilə daşınması, daha sonra isə əlverişsiz, buraxılış imkanları məhdud olan Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa çatdırılması həm vaxt itkisinə, həm də böyük məsrəfə səbəb olur. Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu bu tipli əməliyyatların həyata keçirilməsi üçün son dərəcədə əlverişlidir. Rusiyanın məsələ ilə bağlı nümayiş etdirdiyi mövqe Dağlıq Qarabağa humanitar yardım göstərmək istəyən beynəlxalq təşkilatlar üçün də nümunə ola bilər.