Tarixi Muzeyinin direktoru beynəlxalq təşkilatlara müraciət edib
27.11.2020
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı beynəlxalq təşkilatlara, Avropa ölkələrinin mədəniyyət nazirliklərinə, dünyanın aparıcı universitetlərinə müraciət ünvanlayıb.
DM-in məlumatına görə, müraciətdə deyilir: "27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri növbəti təxribata əl ataraq Azərbaycanın yaşayış məntəqələrini, həmçinin ordumuzun mövqelərini intensiv atəşə məruz qoyublar. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində erməni təxribatının qarşısı alınıb, otuz ilə yaxın işğal altında qalan Azərbaycan əraziləri azad olunub. Akademik N.Vəlixanlı qeyd edib ki, işğal dövründə Azərbaycan xalqının irsi olan bir çox tarixi-mədəni abidələr erməni vandalizminin qurbanına çevrilib. Ermənilər müsəlmanlara məxsus dini abidələri dağıdıb, təhqir edib, bir çoxunu mal-qara saxlamaq üçün istifadə edib, azərbaycanlıların qəbiristanlıqlarını dağıntılara məruz qoyublar. Bununla yanaşı, son vaxtlar Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılan alban monastır və kilsələrinin erməni dini abidələri kimi dünyaya təqdim edilməsi cəhdləri artıb.
Müraciətdə bildirilir ki, Azərbaycan xalqının çoxəsrlik tarixi keçmişindən yadigar qalmış abidələrin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problemdir. Məhz buna görə, Azərbaycan xalqı bəşəri dəyəri olan, müxtəlif xalq və konfessiyalara məxsus mədəni abidələri həmişə qoruyub və bundan sonra da qoruyacaq".