Soydaşlarımız Rusiyaya çağırış etdi
27.11.2020
Ukraynanın Xarkov vilayətində fəaliyyət göstərən azərbaycanlı icması ölkəmizin işğaldan azad olunmuş ərazilərində ermənilərin törətdikləri ekoloji vandalizmə etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara müraciət edib.
DM xəbər verir ki, "Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin sədri Murad Ömərovun imzası ilə BMT, ATƏT və YUNESKO-nun Ukraynadakı nümayəndəliklərinə, eləcə də Rusiyanın Prezident Administrasiyasına, bu ölkənin Ukraynadakı səfirliyinə ünvanlanan müraciətlərdə Azərbaycan diasporunun Qarabağ ərazisində sülhün bərqərar olması naminə Azərbaycan, Türkiyə və Rusiya liderlərinin göstərdikləri səylər yüksək qiymətləndirir.
Bununla belə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın tarixi, mədəni abidələrinə, məscidlərinə qarşı ermənilər tərəfindən vandalizm aktları törədilməsi, flora və faunanın qəsdən və planlı şəkildə məhv edilməsi xatırladılıb, Şuşa şəhərinin ətrafındakı Topxana meşəsini ermənilərin qadağan edilmiş ağ fosfor bombasının tətbiqi ilə yandırdığı, işğal edilmiş ərazilərdə qeyri-qanuni arxeoloji qazıntılar apardığı, aşkarlanmış artefaktların beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazisindən çıxarmağa cəhd etdiyi nəzərə çatdırılıb.
Baş verənləri ciddi ekoloji cinayətlər adlandıran soydaşlarımız beynəlxalq təşkilatları və Rusiya hökumətini Ermənistanın insanlıq əleyhinə yönəlmiş barbar addımlarının qarşısını almağa çağırıb.