21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qələbə yürüşlərində Rusiya bayrağının səbəbi

27.11.2020

 10 noyabr sənədinin imzalanmasından sonra rayonların işğaldan azad edilməsini bayram edənlərin Bakı küçələrində Rusiya bayraqlarını dalğalandırması diqqət çəkib.

Sonuncu belə fakt Kəlbəcərin işğaldan azad edildiyi gün qələbə yürüşündə baş verib.

Azərbaycan və Türkiyə bayraqları ilə küçələrə çıxan vətəndaşlar bu bayramı qeyd edərkən bəzi avtomobillərdən Rusiya bayraqlarının da dalğalandığını görmək olurdu. Amma bizim insanlar sosial mediada rus bayrağını qəzəblə, hiddətlə qarşıladılar. Bu, haradasa başadüşüləndir.

Xalqın yaddaşında 20 Yanvar, Xocalıdakı 366-cı motoatıcı rus alayı, Qarabağın işğalında rus ordusu rolu qalıb, unudulmayıb. İnsanlar bu münaqişənin 90-cı illərdə yaranmasında elə sovet-rus rəhbərlərini təqsirkar görürlər. O anlamda Kəlbəcər azad edilən gün Bakının mərkəzində rus bayrağının türk və üçrəngli bayraqlarla birgə dalğalanması nəinki müsbət qarşılanmadı, hətta qəzəb doğurdu, bunu edənlərin kimliyinin araşdırılmasını vacibliyi barədə çağırışlar belə səsləndi. Amma siyasətin çoxşaxəli, praqmatik bir sahə olduğunu unudan, emosiyalarına qapılaraq hissləri ilə fikir bildirənlər diplomatiyanın, siyasi konyukturanın nədən ibarət olduğunu gərək təsəvvür eləsinlər.

Birincisi, Vətən müharibəsi başlayan gündən yekdilliklə söyləyirdik ki, bircə Rusiya müdaxilə etməsin, qalanı öz işimizdir, erməniləri iti qovan kimi qovacağıq. Və belə də oldu, Rusiya prezidenti Vladimir Putin savaşın Azərbaycan ərazisində getdiyini açıqladı, qarışmadı, əngəl yaratmadı.

İkincisi, Kreml başçısının Vətən müharibəsində və ondan sonrakı dövrdə ortaya qoyduğu mövqeyi, açıqlamaları, xüsusilə Qarabağın Azərbaycanın daxili işi, ərazisi olduğunu təkrar etməsi, son müsahibəsindən Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu söyləməsi bu müharibədə qələbəmiz üçün siyasi baxımdan əhəmiyyətli yanaşma idi. Eyni zamanda Rusiya imzalanmış üçtərəfli sazişin bütün bəndlərinin icrasının qarantıdır. Torpaqların qaytarılması həm də Rusiyanın verdiyi sözə, imzalanmış sənədə sadiqliyini göstərir.

Qarşıda isə Azərbaycan və Türkiyə üçün həyati əhəmiyyəti olan Naxçıvanla bağlı Ermənistanın götürdüyü öhdəlik də var ki, burada da əsas iş və məsuliyyət Rusiyanın üzərindədir.

Ən nəhayət, Vətən müharibəsində iştirak etmiş, şəhid olan, Azərbaycanın haqq davasını müdafiə edən yüzlərlə rus vətəndaşımız var. 44 günlük müharibədə biz milliyyətcə rus olan şəhidlər verdik. Biz Denis Pronin və Dmitri Solnsevi digər şəhidlərimizdən ayıra bilmərik.

O zaman madam ki, belədir, Bakı küçələrində rus bayrağı qaldırmağı haqq etmirlərmi? Bəyəm rus bayrağının dalğalanması suverenliyimizə təhdiddirmi, yoxsa ərazi bütövlüyümüz təhlükə altına düşür?

Sadəcə, yüzlərlə Azərbaycan və Türkiyə bayraqlarının arasında bir qrup şəxs Rusiya bayraqları ilə Qarabağın azad olunmasını bayram edir. Rus bayrağı ilə küçəyə çıxanlar Qarabağın ermənidən təmizlənməsinə sevinən, Denis və Dmitrinin ruhunu şad edən adamlardır.

Axar.az xəbər verir ki, hərbi ekspert, politoloq Azad İsazadənin Musavat.com-a bildirdiyinə görə, təkcə Rusiya deyil, Türkiyə, Pakistan, İsrail bayraqları da hər yerdə var idi. Onun fikrincə, Rusiya bayrağının qaldırılmasından kiminsə xoşu gələ və ya gəlməyə bilər:

"Bu, pisdir, yoxsa yaxşıdır, faktiki insan bayram günü bayraq qaldırır. Mən buna normal baxıram. Digər tərəfdən, kimlərsə hesab edirlər ki, Rusiya müharibəni dayandırdı, xeyli sayda itkinin qarşısı alındı, qurban vermədən üç rayonu geri aldıq. Belə düşünən insanlar niyə də Rusiya bayraqları ilə küçəyə çıxmasınlar?!

Eynilə kimsə də hesab edir ki, biz İsrail silahları ilə qalib gəlmişik, onların bayrağı ilə çıxır. Sözsüz ki, ən çox dəstək verən Türkiyə idi və ən çox da onun bayraqları qaldırılırdı. İkinci Pakistan gəlir. Amma milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu müharibədə Qarabağ üçün döyüşdü".

Ekspertin sözlərinə görə, məsələn, Dərbənddə yaşayan azərbaycanlı Rusiya vətəndaşıdır, amma ürəyi yanır, qələbəmizə sevinir: "O, Rusiya pasportu daşıyır və Azərbaycan vətəndaşı olan rus şəhidimiz üçün öz ölkəsinin bayrağını qaldırır. Bundan əlavə, rus millətindən olan Azərbaycan vətəndaşları da Bakıda Rusiya bayrağı ilə küçələrə çıxıblar. Onlar hesab edirlər ki, Kəlbəcəri itki vermədən azad etdik, rus sülhməramlıları rayonu sakitcə boşaltdılar və bizə verdilər. Yəni onların hesabına itki vermədən Kəlbəcəri, Ağdamı götürdük. Ona görə bu məsələni siyasiləşdirmək olmaz”.