Ermənilər nəyə və necə hazırlaşır?
26.11.2020
Azərbaycanın Vətən müharibəsində ağır məğlubiyyətlə üzləşən və kapitulyasiyaya imza atan Ermənistan işğalçılıq planlarından əl çəkmək niyyətində olmadığını bütün vasitələrlə ortaya qoymaqdadır. Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsinə baxmayaraq, Rusiya sülhməramlılarının nəzarəti altında qalan ərazilərimizə iddialardan bir addım da geri durmayıblar.
Bunu açıq şəkildə bu cür nümayiş etdirirlər:
1. Keçmiş və qondarma "dqr”dən real "respublika” kimi danışmağa, hətta bu qurumun separatçı-terrorçu lideri Araik Arutyunyanla "rəsmi” görüşlərə davam edirlər. Nə Ermənistan Baş naziri Nikol Paşinyan, nə erməni siyasətçilər, nə də digər qurumlar "dqr”in artıq mövcud olmadığını qəbul edirlər. Hətta "dqr”in dünya ölkələri tərəfindən "tanınması” üçün böyük kampaniyaya başlayıblar.
2. Bütün siyasətçilər "müharibədən sonra əlimizdə nə qədər ərazi qaldı” sualı ətrafında ciddi müzakirələr aparırlar. Bunun ən açıq mətnini isə sabiq baş nazir Qrant Baqratyan ötən gün keçirdiyi mətbuat konfransında elan etdi.
Baqratyan iddia etdi ki, kapitulyasiyadan dərhal sonra "dqr”in ərazisinin 3,6 min kvadrat kilometr qaldığı bildirilsə də, hazırda "daha az ərazi əlimizdədir”.
"Əgər yenə əlimizdən almasalar, hazırda 3,18 min kv/km ərazimiz qalıb”, - Baqratyan dedi.
O da digərləri kimi iddia edir ki, Paşinyan "9,4 min kv/km-i düşmənə hədiyyə edib”.
Olduqca təhlükəli, eyni zamanda işğalın mahiyyətini və davamını təsdiqləyən faktdır.
Yəni: 26 noyabr 1991-ci ildə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi 4,4 min kv/km (daha dəqiq – 4,388) idi. Ancaq ermənilərin hazırda iddia etdiyi rəqəmləri toplasaq – 3,18 min kv/km və 9,4 min kv/km - ümumilikdə 12,58 min kv/km yaranır. Bu ərazini ermənilər necə "hesablayıblar”?
30 ilə yaxın işğal altında qalan keçmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuzun ümumi sayəsi 17 min kv/km-dən artıqdır. 7 rayonu ermənilər bu vaxta qədər "bufer zona” və yaxud "təhlükəsizlik zonası” adlandırır, keçmiş Dağlıq Qarabağın işğalı ilə barışacağımız halda o rayonların geri qaytarılacağını bildirirdilər.
Ancaq ermənilərin indi açıqladığı rəqəmlərdən görünür ki, Ermənistan Azərbaycana işğal etdiyi torpaqların ən yaxşı halda 4,5 min kv/km-ni qaytarmağı "nəzərdə tutubmuş”. Bəs, keçmiş Dağlıq Qarabağın ətrafındakı hansı rayonları özlərinə "birləşdiriblərmiş”?
3. Açıq şəkildə bildirirlər ki, bu vaxta qədər Azərbaycanın işğal altında saxladıqları ərazilərini əkib-becəriblər, o torpaqların sərvətini daşıyıblar.
Baqratyan da vurğuladı ki, "dqr” bütün Ermənistan və "dqr”in taxıl ehtiyacının 25%-ni verirdi. Rəsmi statistikaya görə, Ermənistanda təxminən 3 milyon civarında (2019-cu il statistikasına görə, 2,951 milyon) əhali yaşayır, Azərbaycanın Qarabağ bölgəsində isə 139 min.
Ermənistan QHT-lərinin hesabatlarına görə isə Ermənistanda 2 milyon civarında, Azərbaycanın Qarabağ bölgəsində isə 65 minə qədər erməni məskunlaşıb.
Beləliklə, rəsmi statistikada 770 min, real olaraq isə təxminən 520 min əhali Azərbaycanın işğaldakı torpaqlarında becərilən buğda ilə təmin edilirdi.
Erməni ekspertlər (o cümlədən Baqratyan) bildirir ki, əkin sahələrinin hamısı Azərbaycanın nəzarətinə keçib: "Bundan sonra Ermənistan nəinki özü üçün, eyni zamanda "dqr” üçün xaricdən taxıl almalıdır”.
Erməni ekspertlər hazırda taxılın bahalaşdığını və valyuta ilə olduğunu, eyni zamanda Rusiyanın da onlara taxılı pulsuz verməyəcəyini vurğulayaraq, bunun Ermənistanın dövlət büdcəsi üçün yük olacağını və ağır iqtisadi problemlərə yol açan fakta çevriləcəyini qeyd edirlər.
Digər tərəfdən, Baqratyan Azərbaycanın nəzarətinə 3 SES-in keçdiyini bildirərək, artıq "dqr”in özünü elektrik enerjisi ilə təchiz etmək imkanında olmadığını da açıqladı. Bildirdi ki, ekspertlər buğda kimi, elektrik enerjisinin də Ermənistandan ixrac olunacağını düşünürlər.
Məsələnin iqtisadi tərəfini – onsuz da kasıb olan Ermənistanın bu yükü çəkə bilib-bilməyəcəyidirsə, siyasi tərəfi işğal təfəkküründən əl çəkməmələri, Azərbaycanın ərazi bütövlüyünə qarşı planlarıdır. Belə ki, ermənilər hələ də "dqr” üçün planlar qururlar və Laçın koridoru vasitəsilə bu "republikanı” "yaşatmaq yollarını” müzakirə edirlər.
Ən təhlükəli ssenarilər başlayıb
Bu planlarını həyata keçirmək, əlbəttə, Ermənistanın siyasi-iqtisadi imkanları xaricindədir. Ancaq bunu Ermənistan həyata keçirmir ki?
Məsələn, Fransadan – ATƏT-in Minsk Qrupunun üzvü, yəni bitərəf olmalı ölkədən – Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakterli bir qətnamə çıxarıldı. Ötən gün Fransa Senatı "dqr”in müstəqilliyinin tanınmasını tövsiyə etdi.
Bunun ardınca isə Belçika da "dqr” ilə diplomatik münasinətləri qurmağın yollarını axtarır. Bu ölkənin parlamenti 30 noyabrda bu "yolları” müzakirə edəcək.
Görünən odur ki, Qərbin bəzi dövlətləri öz ambisiyaları naminə və Türkiyənin Cənubi Qafqazda güclənməsinin qarşısını almaq üçün hətta bütün beynəlxalq qanunlara tüpürməyə və Azərbaycanın özlərinin tanıdıqları ərazi bütövlüyünə uyğun olmayan qərarlar verməyə hazırdır.
Maraqlıdır ki, sözügedən addımlar Rusiya lideri Putinin "Dağlıq Qarabağ və ətrafındakı rayonlar hər zaman Azərbaycanın tərkib hissəsi olub” kimi qəti mövqeyi ilə paralel gedir.
Belə çıxır ki, sorosçular "Paşinyan layihəsi”ndən qətiyyən əl çəkməyib və bütün vasitələrlə Ermənistanı Rusiyadan qoparmaq istəyirlər. Buna görə də tələsik Minsk Qrupu formatına dönmək, "dqr”lə bağlı qətnamələr çıxarmaq, başqa sözlə, kapitulyasiya imzalayan Ermənistanı xilas etməyə tələsirlər.
Əlbəttə, Rusiya lideri nə yuxarıda xatırlatdığımız sözü, nə də üçlü Bəyanatdan çıxmağın İrəvan üçün özünəqəsd olduğunu təsadüfən deməmişdi. Rusiya və Türkiyə bölgəyə "min kilometrlərlə uzaqda yerləşən ölkələri” buraxmaq niyyətində deyillər. Bunu hər iki ölkə Suriyada açıq şəkildə nümayiş etdirdi.
Ancaq "Soros düşüncəsi”ndən imtina edilməməsi bölgəmizdə, daha dəqiq desək, Azərbaycan torpaqlarında heç də hər şeyin düşündüyümüz kimi sürətlə və rəvan getməyəcəyindən xəbər verir.
Baqratyan bir neçə gündür erməni ictimai-siyasi fikrində gedən müzakirələri ümumiləşdirərək, "80 faizi məhv olan” ordunun qısa müddətdə yenidən qurulması və müharibəyə hazırlaşmağın vacibliyini dedi. Nəzərə alsaq ki, Fransa Azərbaycanın Vətən müharibəsi zamanı həm siyasi, həm də hərbi dəstəyini Ermənistandan əsirgəmirdi, onda bu "quruculuqda” kimin dominant olacağı da bəllidir.
Eyni zamanda, "istəməsək də, Rusiya ilə çalışmağa məcburuq” deyən Baqratyan Ermənistanın bu prosesdə Rusiyadan da maksimum bəhrələnməyə çalışdığını ifadə etdi. Məhz bu "bəhrələnmə” istəyidir ki, ermənilər Rusiya sülhməramlılarının nəzarətində olan əraziləri "əllərində qalan” sayırlar.
Hazırkı müzakirələrdə ən diqqətçəkən məqamlar
1. Erməni ekspertlər "təmas xəttinin” olmadığını, bəzi yerlərdə "burda bizim ordumuz dayanır, ondan 20 km məsafədə isə Azərbaycan ordusu” deyərək, sözügedən məsafənin "keçilməsini” təklif edirlər.
Bu, əlbəttə, Ermənistanın indiki halında intihara bərabər risk olardı. Ancaq ən mühüm məqam "burda bizim ordu dayanır” ifadəsidir.
Azərbaycanın tələbi Ermənistan ordusunun, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini son nəfərinədək tərk etməsidir. Buna Rusiya qarant durub və Rusiya sülhməramlıları da məhz erməni silahlılarının tərk etdiyi ərazilərə yerləşməklə, mümkün toqquşmanın qarşısını almaq missiyasını üzərinə götürüb. Belə olduğu halda, "erməni ordusu” harda dayana bilər?
Ehtimal ki, Ermənistan Rusiya sülhməramlılarının nəzarətində olar ərazilərdə öz qüvvələrini saxlamaq üçün cidd-cəhdlə çalışır. Mümkündürmü?
Birmənalı olaraq Azərbaycan buna imkan verməyəcək.
2. Tərk edilən ərazilərlə bağlı ciddi müzakirələrə ehtiyac var.
Məsələ bundadır ki, Ermənistan tərəfi, məsələn, Kəlbəcərin ərazisini 2 min kv/km-ya yaxın olaraq (1936 kv/km) qəbul etməyə çalışır.
Halbuki 13 oktyabr 1992-ci ildə Ağdərə rayonu ləğv edilib və onun ərazisinin bir hissəsi Tərtərə, bir hissəsi Ağdama, bir hissəsi isə Kəlbəcərə verilib.
Tərtərə aid kəndlərin bəzilərini Ordumuz Vətən müharibəsində nəzarətə götürdü, Ağdam ölkəmizə təhvil verilərkən isə daha bir neçə kənd Ağdam və Tərtərə qaytarıldı.
1992-ci ildən - Ağdərənin bir hissəsi Kəlbəcərə birləşdiriləndən sonra Kəlbəcərin ərazisi 3050 kv/km-dir. Beləliklə, Azərbaycan Kəlbəcərin tam ərazisinin azad edilməsini tələb edir.
Erməni siyasətçilər "əgər yenə əlimizdən almasalar...” deyəndə, məhz bunları nəzərdə tuturlar.
Xüsusi olaraq vurğulayaq ki, Azərbaycanda Əsgəran rayonu da mövcud deyil. Bu rayon 26 noyabr 1991-ci ildə ləğv edilib və ərazisi Xocalı rayonuna verilib.
Beləliklə, ciddi müzakirələr və tələblər üçün əsaslar var.
Azərbaycanın birmənalı mövqeyi
Yuxarıda xatırlatdığımız "dqr”in "ərazisi” barədə suala ən mükəmməl cavabı Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Kəlbəcərin Azərbaycana təhvil verilməsi ilə bağlı ötən gün xalqa müraciətində birmənalı cavab verdi.
Prezident İlham Əliyev dedi ki: "Onlar (düşmən – red.) "dqr”in xəritələrini düzəltmişdilər. Hanı o xəritələr? Hamısı məhv oldu. O xəritələr, sadəcə olaraq, kağız parçasıdır. Həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini, Şuşanı, eyni zamanda, ətrafda yerləşən bütün 7 rayonu da aid etmişlər "dqr”ə. Bu xəritələri dərc edirdilər, dərsliklərə salmışdılar, sərgilərdə nümayiş etdirirdilər. Bu xəritələri onlar elə təqdim edirdilər ki, budur "Dağlıq Qarabağ respublikası”. İndi nə qalıb o xəritələrdə? Heç nə. Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində lazımi addımlar atıbdır”.
Bu, Prezidentimizin onların işğal xəritəsinə münasibəti, eyni zamanda dəqiq qiymətləndirmədir: "İndi nə qalıb o xəritələrdən? Heç nə!”
Beləliklə, ermənilər o "heç nə” üstündə ciddi oyunlar qurmağa, hərb meydanında darmadağın olmalarından sonra "nəsə” saxlamağa çalışırlar. Ermənistan bu addımları ilə əslində ciddi iqtisadi çətinliklərlə üz-üzə qala bilər: bu, ordusunun 80 faizi məhv olan, üstəlik, pandemiyanın zərbələrinin davam etdiyi bir vaxtda xarici borclanmanı artıran, milli valyutası çökən Ermənistanın dalana dirənməsi deməkdir. Çünki bu israrla sülh razılaşmasını ləngidə bilər ki, nəticədə kommunikasiyaların bərpası gecikər, Ermənistan iqtisadi blokadası saxlanılar. İqtisadi blokadanın bu 20 il ərzində Ermənistanı hansı problemlərlə üz-üzə qoyduğu göz önündədir. Daha bir müddət davam edəcəyi halda bu ölkədə həm də demokrafik fəlakət yaşana bilər.
Üstəlik, Azərbaycan Prezidenti işğal faktına və sərvətlərinin talanmasına görə təzminat davası tələb etmək iradəsini ortaya qoyub. Dəqiq hesablamalar aparmaq üçün ölkəmiz xarici mütəxəssisləri və beynəlxalq təşkilatları da prosesə cəlb etməkdədir və bu təzminatın artıq bir trilyona çatacağı haqda ilkin qiymətləndirmələr var. Böyük ehtimalla Ermənistan bu təzminatı torpağı ilə ödəyəcək.
Belə şəraitdə Ermənistanın hazırkı siyasəti hansı məntiqə uyğundur?
Heç bir məntiqə! Çünki erməni siyasətçiləri normal düşüncədən, qonşularla normal əlaqələr qurulmasının vacibliyi və ərazi iddialarından əl çəkmənin xilas yolu olduğunu anlamaq hissindən məhrumdurlar. Bu baxımdan yuxarıdakı ssenari üzrə Ermənistanın tam çöküşünə qədər uzunmüddətli prosesin gedəcəyi ehtimalına hazır olmalıyıq.