Son addımını at və çıx get
26.11.2020
Ermənistanın "Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan Ermənistanın Baş naziri Nikol Paşinyanın "TASS”a müsahibəsində səsləndirdiyi bəzi bəyanatları şərh edib.
"Panorama.am” bildirir ki, bu barədə o, feysbuk səhifəsində yazıb:
"Nikol, sən öz müsahibəndə deyirsən ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində davam etdirilməlidir, ondan əvvəl isə deyirsən ki, daha 6 ay qalmaq istəyirəm. İndi sən nə isə ətrafında danışıqlar apararkən özünü Əliyevlə (Azərbaycan Prezidenti İlham Əliyev –red.) bir masa arxasında əyləşən adam kimi təsəvvür edirsən?
Başa düşürsən ki, səni daha heç kim ciddi qəbul etmir? Sən daha amil deyilsən: nə daxildə, nə də ölkədən kənarda...
Ölkəmizdən, xalqımızdan nə istəyirsən, başqa hansı bədbəxtliklər gətirməmisən, amma söz vermisən və ya ağlındadır? Son addımını at: sadəcə çıx get”.