21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Deputat: Vəziyyət Allahın və prezidentin ümidinə qalır

03.07.2018

Biz hansı situasiyaya hazırıq ki?!

Bunu açıqlamasında millət vəkili Fazil Mustafa iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı ölkənin zülmətə qərq olması, ölkə prezidentinin vəziyyətə operativ reaksiya göstərməsi, vəziyyətə nəzarəti üzərinə götürməsi fonunda bəzi qurumların yaranmış fövqəl, ekstremal situasiyaya hazır olmaması məsələsinə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, axırıncı hadisə də daxil olmaqla, son zamanlar yaşanan bəzi hadisələr bir çox məmurların, kadrların öz yerində olmadığını, vəzifələrinin məsuliyyətini anlamadıqlarını və anlamaq istəmədiklərini bir daha ortaya qoymuş oldu.
"Bir körpünü, bir yolu bağlayırsan, ölkə, paytaxt iflic vəziyyətinə düşür, insanlar zülüm çəkir. "Müharibə vəziyyətindəyik” deyirik, amma ona hazırıqmı? Haradasa bir sığıcanaq varmı? Binalarda sığınacaq yerləri mövcuddurmu? Binaların altı dolu, nə həyət var, nə maşın saxlamaq, hərəkət etmək üçün yer.
Bu yaxınlarda ölkədə sel, daşqın fəlakəti yaşandı, Göyçay rayonu az qala ikiyə bölündü, amma biz vəziyyətə hazırlıqlı olduqmu? Enerjidə də, ölkənin energetika sektorunda da, enerji təhlükəsizliyində də həmin  vəziyyətdir. "Azərenerji” nə işlə məşğuldur, bilinmir. Tam iflic… Fərqli heç nə yoxdur.
Yazıq Mingəçevir neyləsin ki?! Onun da altı artıq boşalır, oradan o qədər qum-çınqıl çıxarılıb ki, şəhər artıq tab gətirmir. Biz ancaq pulu düşünürük, axırı da belə olur. Hər şeyi çoxları kimi ürək ağrısı ilə seyr edirik, ekstremal vəziyyətlərdə insanlar necə hərəkər etməli, necə davranmalıdır, heç kim heç nə bilmir.
Vəziyyət  Allahın və prezidentin ümidinə qalır. İnsanlar ancaq Allahdan və ölkə rəhbərindən ümidlə gözləyirlər ki, qorxulu nəsə baş verməsin, yoxsa hər şey bir-birinə qarışar.
Bunlar tam məmur, kadr məsuliyyətsizliyinin göstəricisidir və onlar layiqli cəzalarını almalıdır”, -deyə millət vəkili əlavə edib.
Millət vəkili Eldəniz Səlimov gecə baş verənlərdən, bəzi qurumların ölkədə ekstremal, fövqəl situasiyaya hazır olmamasından, vəziyyəti düzgün anlamadıqlarından və qiymətləndirə bilməməklərindən narahatlıq ifadə edib:
"Gecə baş verənlər, təbii ki, qəza hadisəsi idi. Düzdür, bəziləri bunu haqsızcasına başqa yerlərə yozmağa, təxribatla, filanla əlaqələndirməyə cəhd etdi və etməkdədirlər, xüsusilə də, sosial şəbəkələrdə bu yöndə əsassız fikirlər səslənir, çoxları nə baş verdiyinin fərqinə varmadan həqiqətə uyğun olmayan mülahizələr səsləndirirlər, amma bilinən, reallıq və fakt odur ki, ölkədə vəziyyət tam nəzarətdədir.

Xüsusilə, Azərbaycan prezidenti cənab Əliyev ölkədəki vəziyyətə tam nəzarət edir, hüquq-mühafizə orqanlarımız ayaqdadırlar, ayıq-sayıqdırlar və təxribat ehtimalı sıfırın altındadır. Yəni, Azərbaycan tam stabildir və kimsə də buna şübhə edə bilməz. Amma bəzi qurumlar və məmurlar var ki, ölkə prezidenti kimi vəziyyətə vaxtında, adekvat reaksiya verə bilmirlər. Onlar bu məsələdə ölkə prezidentdən hələ çox şeylər öyrənməlidirlər.
Bir şey nəzərə alınmalıdır ki, Azərbaycan müharibə vəziyyətindədir, 30 ildir ki, amansız və məkrli bir düşmənlə üz-üzəyik. Onlar hər şeydən yararlanmaq üçün an, fürsət gözləyirlər. Yenə deyirəm, ölkəmiz, sərhədlərimiz, təhlükəsizliyimiz  əmin  əllərdədir, amma müharibə gerçəkliyini  də hələ anlamayanlar var.
Onlar anlamalıdırlar ki, hər şeyi prezidentin, hüquq-mühafizə orqanlarının, güc strukturlarının  üzərinə atmaq olmaz, özləri də məsuliyyətlərini, vəzifələrinin məsuliyyətini anlayıb, dövlətə, xalqa, ölkə prezidentinə nəhayət, yardımçı, kömək olmalıdırlar.
Əgər bunu etmək istəmirlərsə, çəkilib kənarda dayanmalıdırlar, "tormozlayıcı” olmamalıdırlar. Güman edirəm ki, son hadisə onlara da bir dərs olacaq və gələcək addımlarında bunları mütləq  nəzərə alacaqlar.
Çox sevindirici haldır ki, ölkə prezidentinin vəziyyətə əl qoyması ilə qısa zaman ərzində hər şey yoluna qoyuldu, insanlarımız nigarançılıqdan və intizardan qurtarıldı”.