Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi
24.11.2020
Özbəkistanın "interpress.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi haqqında məqalə dərc edib.
DM xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Ermənistanın döyüşlərdə Azərbaycana qarşı muzdlulardan istifadə etməsi ilə bağlı fikirləri də yer alıb.
Dövlət başçısı deyib ki, Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi:
"Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir”.
Sayt yazır ki, Şuşa ətrafındakı döyüşlərdə Suriya muzdluları da olub və "Daşnaksütyun” partiyası onların üçünün Azərbaycan Silahlı Qüvvələri tərəfindən öldürülməsini etiraf edib. Qeyd olunur ki, öldürülənlər Aleppo sakinləri Arut Panoyan, Akop Astarçyan və Mosik Seklemyandır.
Sayt vurğulayır ki, Ermənistan tərəfdən müharibədə 100-dən artıq Suriya ermənisi döyüşüb.