Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib
23.11.2020
Türkiyə Xarici İşlər Nazirliyi Almaniya, İtaliya və Avropa İttifaqına nota verib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd olunub ki, Avropa İttifaqının, İtaliyanın Ankaradakı səfiri və Almaniyanın Ankaradakı müvəqqəti işlər vəkili (Almaniyanın Türkiyədəki səfiri Ankaradan kənarda olduğu üçün) Türkiyənin Xarici İşlər nazirinin müavini Sedat Önal tərəfindən XİN-ə çağırılıb.
"Türkiyənin açıq icazəsi olmadan bizə məxsus "Roseline A” ticarət gəmisinə "İrini əməliyyatı” çərçivəsində minib axtarış aparılması hadisəsinə etiraz edildi. Bununla bağlı əlaqədar ölkələrə nota verildi. Notada hadisənin beynəlxalq hüquqa zidd olduğu və təzminat hüquqlarımızın da qorunduğu qeyd edildi”, deyə Türkiyə XİN-dən verilən açıqlamada bildirilib.
Qeyd edək ki, dünən Aralıq dənizi vasitəsilə Liviyaya ərzaq, boya və bu kimi məhsullar aparan Türkiyəyə məxsus ticarət gəmisində kapitanı yunan olan Almaniyaya məxsus "Hamburq” gəmisinin hərbi heyəti beynəlxalq dəniz qanunlarına zidd olaraq axtarış aparıb