03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Makrona açıq məktub

20.11.2020

Çox hörmətli bir ölkənin Prezidenti cənab Makron!

Sizə açıq müraciətimi şərtləndirən ən son səbəb sizin sosial şəbəkədə "Dağlıq Qarabağda silahlar susdu. İndi biz bölgədə olan tarixi, mədəni və irsi sərvətlərin qorunması və bərpa edilməsi üçün Azərbaycan, Ermənistan və Minsk Qrupundakı həmkarlarımızla bərabər çalışırıq” və "Fransa Dağlıq Qarabağın mədəni və dini mirasını qorumaq üçün UNESKO çərçivəsində öz dəstəyini və təcrübələrini bölüşməyə hazırdır” kimi son paylaşımlarınız oldu.

Böyük və əzəmətli bir ölkənin rəhbəri kimi bu təşəbbüsünüzdən dolayı sizə minnətdarlıq etmək istərdim. Nəzərə alsaq ki, sizin ölkə bu problemin nizamlanması üzrə yaradılan Minsk Qrupunun 3 həmsədrindən biridir, onda bu istəyiniz həm də hüquqi əhəmiyyət kəsb edir.

Yalnız açıqlamanızın yaratdığı açıq suallar var: Sizin aləminizdə "bölgədə olan tarixi, mədəni və irsi sərvətlər” siyahısına Ağdamdakı, Cəbrayıldakı, Qubadlıdakı və s. 27 ildir Ermənistanın işğalı altında qalan və bütün beynəlxalq qurumlar, o cümlədən Fransanın özünün Azərbaycan əraziləri olaraq tanıdığı torpaqlardakı tarixi, mədəni və irsi sərvətlə aiddirmi? Böyük tarixi əhəmiyyət kəsb edən sözügedən abidələrin 27 ildir Yer üzündən silinməsi, məscidlərdə donuz saxlanılması, meşələrin yandırılması, çayların zəhərlənməsi, qəbirlərin belə dağıdılması faktı ilə bağlı bircə dəfə narahatlığınızı ifadə etmisinizmi?

Fransa Senatı "Azərbaycanın aqressiyasından etnik azlıqları qorumaq üçün” de-yure və de-fakto mövcud olmayan qondarma qurumu tanımaq qərarını müzakirəyə çıxarır. Hansı aqressiyadan söhbət gedir? Xocalı və Ağdaban soyqırımlarını törədənlər haqda sizin doğrudanmı məlumatınız yoxdur?

Siz əslində Azərbaycanın ərazisində hansı etnik təmizləmə prosesinin aparılmasından, 30 ilə yaxındır bir milyon insanın öz evlərindən qovulmasından və köçkün olmasından həqiqətənmi xəbərsizsiniz?

Azad edilən rayonlardakı inanılmaz dağıntıları, azərbaycanlıların yüzillərlə qurduğu evlərin, mədəni abidələrin, tarixi binaların tamamilə məhv edilməsini, ərazilərin xarabazara çevrilməsini doğrudanmı izləməmisiniz?

Bizə güvənməyin, bizim təqdim etdiyimiz faktlara diqqət etməyin – biz tərəf ola bilərik. 1992-ci il fevralın 28-dən başlayaraq, 1 marta qədər Fransa mediasını vərəqləyin, "Le Monde” başda olmaqla, görün o dəhşətli soyqırım haqda sizin öz medianız nələr yazıb!

İlk dəfə olaraq "Bu, əsl soyqırımdır, bu, azərbaycanlıların təbliğatı deyil” deyə, manşet atan dünya mediasının başında fransız mətbuatı gəlirdi. Doğrudanmı o həqiqəti xatırlamırsınız və yaxud indi onlara baxmaq istəmirsiniz?

Azərbaycandakı Fransa səfirliyinə Qarabağ ərazisində kimin hansı mədəniyyət abidələrini necə məhv etdiyi haqda sizə dürüst bir hesabat hazırlamasına da göstəriş verə bilərsiniz - əlbəttə, əgər həqiqəti öyrənmək istəyiniz varsa!

Hazırda erməni təbliğatı Azərbaycan ərazisində olan "tarixi erməni kilsələri” barədə məlumat yayır və bu kilsələrin guya taleyindən narahatlığını bildirib, xristian dünyasının diqqətini çəkməyə əbəs yerə cəhd edir.

Cənab Makron! Siz öz dürüst tarixçilərinizdən sözügedən abidələrin azərbaycanlıların xristian babalarına – albanlara aid olduğunu çox asanlıqla öyrənə bilərsiniz. Əgər azacıq şübhəniz qalarsa, böyük məmnuniyyətlə mütəxəssislərinizi qəbul etməyə və o abidələri birgə araşdırmağa hazırıq. O monastırlar Alban yadigarlarıdır – o albanlar ki, ilk xristianlar idi və həmin vaxt Fransa ümumiyyətlə xristianlığı qəbul etməmişdi. Sözügedən monastırların arxitekturasının fərqliliyi sizə "qriqoryan kilsəsi” özünəməxsusluğu ilə izah edilibsə, yalana inanmayın: fransız mütəxəssislər o abidələrin indi üstü malalanan, saxtalaşdırılmış "tarixini" qoparıb, altındakı əsl tarixi üzə çıxarmaq imkanındadırlar. Göndərin mütəxəssislərinizi, Kəlbəcərdən tutmuş Zaqatalaya, Şirvana – yəni ermənilərin bu vaxta qədər ayağı dəyməyən yerlərə qədər olan Alban məbədlərini araşdırsınlar və özləri bu faktları təsdiq etsinlər.

Bütün bunları ona görə xüsusi qeyd edirəm ki, o abidələrin hamısı Azərbaycan xalqınındır. Biz yaratmışıq o abidələri və biz öz abidələrimizi hər zaman qorumuşuq, qoruyacağıq da – bundan qəti şübhəniz olmasın.

Azərbaycanda atəşgahlar da, Zərdüşt abidələri də qorunur, xristian abidələri də - indi də həmin yerlər müqəddəs ocaqlar kimi də, turizm məkanları kimi də ziyarət edilir.

Bütün bunlar bizim tariximizdir – zərdüşti tariximiz, xristian tariximiz və.. əlbəttə ki, müsəlman tariximiz.

Bizdə Alban məbədləri də, xristian kilsələri də, yəhudi sinaqoqları da göz bəbəyi kimi qorunur – şübhəniz varsa, yəhudilərdən və xristianlardan – pravoslavlardan və ya katoliklərdən soruşa bilərsiniz. Ancaq xristianlığın özünün bətnində qara yara sayılan "qriqoryan”lardan soruşmayın – çünki onun nə tarixə, nə də xristian mədəniyyətinə bir aidiyyəti var.

Cənab Makron!

Fransa qüdrətli ölkədir və bu qüdrəti yalnız imperiya tarixi ilə deyil, mədəniyyəti ilə, ədəbiyyatı ilə, elmi ilə qazanıb. Fransız mədəniyyəti də, tarixi də, ədəbiyyatı da bizim ölkədə sevə-sevə tədris edilir və öyrənilir. Sizi inandırıram ki, şəxsən mən fransız mütəfəkkir və söz adamlarına, onların əsərlərinə sizdən heç də az bələd deyiləm. Həm də onu bilirəm ki, Fransa öz tarixindən nəticə çıxara-çıxara inkişaf edib və 20-ci əsrin ikinci yarısına yaxın bu ölkənin keçmiş əzəmətini qaytaran da Şarl de Qolldur.

Şarl de Qoll təkcə nəhəng sərkərdə deyil, həm də böyük siyasət adamı və faşizmin Avropada dəfninə xüsusi töhfə vermiş böyük şəxsiyyətdir. Şarl de Qollu Azərbaycana, azərbaycanlılara sevdirən bir xüsusi məqam isə Əhmədiyyə Cəbrayılovdur.

Fransanın Milli Qəhrəmanı olan Əhmədiyyə Cəbrayılov Şarl de Qollun silahdaşı olub və onlar birlikdə faşizmə qarşı savaşıblar.

Baxın, cənab Makron, Azərbaycan və Fransa xalqının qəhrəmanı Əhmədiyyə Cəbrayılovdur: bizdə küçə adları var – Şarl de Qollun adına, Əhmədiyyə Cəbrayılovun adına, Mehdi Hüseyzadənin adına... Biz faşizmə, terrorizmə, işğala qarşı mübarizə aparan Avropa xalqlarının içində onlarla birlikdə vuruşan oğullarımızla fəxr edirik, onları qəhrəman sayır və onlara abidə qoyuruq. Bu fakt bir millətin ideologiyasının, düşüncəsinin, tərbiyəsinin bariz nümunəsidir.

Amma Ermənistan Şarl de Qollun savaşdığı faşizmin əsas canilərindən olan Qaregin Njdeni qəhrəman sayır, ona abidə qoyur, onun şərəfinə küçə adı verir.

İndi siz deyin, işğalçı ideologiyası ilə yaşayan, faşist təfəkkürü ilə yetişdirilən hansı xalq ola bilər? Şarl de Qollun silahdaşı olan Fransa Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovu özünə kumir seçən Azərbaycan gəncliyi, yoxsa Şarl de Qolla qarşı vuruşan və faşizmin əlaltısı kimi minlərlə günahsız insanı qətlə yetirən Qaregin Njdeni özünün idealı görən, onun tərbiyəsi ilə böyüyən erməni gəncliyi?

Cənab Makron!

Bir ölkə sərvəti ilə deyil, ədaləti ilə qüdrətli olur. Əgər böyük və güclü ölkənin ədaləti varsa, bütün xalqların sevgi mərkəzinə çevrilir. Seçki maraqlarının girovuna çevrilən və lobbiçilərin əsirində olan siyasətçilər heç bir halda ölkələrinin ədalət simvolu olmasını məhv etməməlidirlər. Bu halda o ölkənin qüdrəti yalnız gücü ilə ölçüləcək – daha xalqların gözünü dikdiyi ölkə olmayacaq. Güc üstündə bərqərar olan ölkə isə mütləq çöküşə məhkumdur – geci, tezi var. Fransanın dövlət və milli maraqları bütün siyasətçilərin maraqlarından üstün olmalıdır. Bu milli maraqlar isə Fransanın özünün tanıdığı ərazisində suveren hüquqlarını bərpa etməyə qalxan Azərbaycana dəstək tələb edir. O Azərbaycan ki, həm də Avropanın enerji maraqlarının qorunmasında etibarlı bir tərəfdaşdır: yəni həm müstəqil, həm ədalətli, həm güclü, həm haqlı, həm də Ermənistanla müqayisə edilməyəcək dərəcədə böyükdür!

Cənab Makron!

İspaniyada baş verən separatizm zamanı Avropa böyük bir həmrəylik nümayiş etdirdi və ədaləti dərhal bərpa etdi. Avropa özü də yaxşı bilir ki, separatizm – dəhşətli virusdur və hər bir ölkənin özülünü sarsıdır. Bunu Fransa prezidenti kimi siz çox gözəl anlayırsınız. Səhv etmirəmsə, sizdə 3 separatizm ocağı hələ də qalmaqdadır. Azərbaycan Milli Məclisinin də Korsika və ya Burqundiyanın müstəqilliyini müzakirəyə çıxarması perspektivinə necə yanaşırsınız?

Azərbaycanın Qarabağ bölgəsində bir milyon yüz mindən çox azərbaycanlı, rəsmi statistikaya görə, 105 min erməni yaşayır. Hansı məntiqlə onlar ikinci bir dövlət qurmalıdırlar bizim torpaqlarımızda?

Ümumiyyətlə, bir xalqın neçə dövləti olmalıdır? Bəlkə, iddia etdikləri Marseldə də bir dövlət müstəqilliyini siz onlara bağışlayasınız?

Cənab Makron!

İlahi ədalət deyilən bir anlayış var və azərbaycanlılar hər zaman bu ədalətə inanıblar: öz ərazisində onlarla xalqla birgə xoşbəxt yaşayan azərbaycanlılar 19-cu əsrdə torpaqlarımıza köçürülən ermənilərə də qucaq açıblar, onları öz evlərində, torpaqlarında yerləşdiriblər. Erməniləri biz kirvə tutmuşuq, hər zaman "Allahından dön, kirvəndən yox” inamı və deyimi ilə ermənilərə yanaşmışıq. Nəticədə isə 1905-ci ildən üzü bəri üst-üstə 1,5 milyon azərbaycanlını ermənilər qətlə yetirib, 4 milyon azərbaycanlını yurdundan didərgin salıb, 1918-ci ilin martında onminlərlə azərbaycanlıya qarşı soyqırım həyata keçirib və nəhayət, 1992-ci ildə Xocalı...

Azərbaycanın İrəvan xanlığının ərazisində ermənilərə dövlət qurmaq üçün fürsət verilib, ancaq bu xalq yenə də bizdən əl çəkməyib: mədəniyyətimizi, mətbəximizi, musiqimizi mənimsəyib öz adına çıxmaqla məşğul olub, tariximizi oğurlayıb.

Yeri gəlmişkən, Kəlbəcərdə tapılan "tarixi abidələr sexi” haqda səfirliyinizdən məlumat almağınızı xahiş edirəm – onun videosu, fotoları da var. Ermənilər orda "tarixi abidələr” yonur və Qarabağın müxtəlif hissələrinə basdırırmışlar ki, bir müddətdən sonra "arxeoloji qazıntı” nəticəsində neçəmininci iləsə aid "erməni daş abidəsini” tapıb, dünyanı heyrətə salsınlar...

Ümid etmirəm ki, siz bu müraciəti oxuyacaqsınız və nəsə dəyişəcək, ancaq ümid edirəm ki, kimlərsə mütləq oxuyacaq və sizin bildiklərinizi bizim də bildiyimizi biləcək.

Ancaq onlar sizin öz bildiklərinizin, həqiqətin və Fransanın gələcək milli maraqlarının əleyhinə niyə getdiyinizi heç vaxt bilməyəcəklər...

Fransız xalqına və Şarl de Qolla böyük sevgilərlə...