Ağdamın torpağını öpəcəyəm...
20.11.2020
Torpaqlarımıza qovuşduq, bundan böyük xoşbəxtlik yoxdur! Çox qarışıq hisslər keçirirəm. O, ata yurdumuz, doğulub boya-başa çatdığımız Ağdamımızdır. O torpaq ki, Qarabağın mərkəzi rolunu oynayıb. Ağdam Qarabağın şanlı toy ocağı olub. 27 ildir həsrətini çəkdiyimiz torpağımız bu gün bizə qayıdır. Xalqımızın gözü aydın olsun!
Bu sözləri xalq artisti Mənsum İbrahimov Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı danışarkən deyib.
"Şəhidlərimizin ruhu şad olsun, ailəmizdən də iki şəhid vermişik. Ordumuzun apardığı 44 günlük müharibə çərçivəsində dünya bildi ki, Azərbaycan nəyə qadirdir. Öz millətim, dövlətim, Ali Baş Komandanımla fəxr edirəm. Əsas odur ki, Qarabağ xalqımızı daha da həmrəy etdi, torpaqlar bizim üçün qibləgaha çevrildi. Yurdumuzu yenidən canlandıracağıq. Ora gedən kimi müqəddəs torpaqlarımı öpəcəyəm. Başqa bir istəyim yoxdur”, - xalq artisti bildirib.