Döyüşlərdə çəkdirdiyi şəkillərlə bir anda sosial şəbəkələrin gündəminə düşən Cəlilabad rayonunun Sərhədabad kənd sakini, 1989-cu il təvəllüdlü Allahşükür Qasımov artıq bir neçə ildir, Azərbaycan Ordusunda xidmət edir.
DM xəbər verir ki, XƏZƏR TV mövzu ilə bağlı videomaterial hazırlayıb.
Daha çox "Paşa" ləqəbi ilə tanınan Allahşükür Qasımov uşaqlıqdan həvəskar şəkildə idmanla məşğul olub və bu peşənin sirlərinə yiyələnib.
Sentyabr ayının 27-dən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edən Paşa vahiməli cüssəsi ilə düşməni lərzəyə gətirən hərbçilərdən biridir.
O, Füzuli, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda xidmətini davam etdirir. Ailəsi isə onun haqqında eşidəndə qürur hissləri yaşayıb.
Qohumları Paşadan ağızdolusu danışırlar. Torpaqlarımızın azad olunması uğrunda Allahşükür Qasımovun da iştirak etməsi hamının ürəyincədir.
Hazırda Allahşükür Qasımov Şuşada xidmətini davam etdirir. 3 yaşlı oğlu Kənan isə atasının yolunu səbirsizliklə gözləyir.