Xan qızı Natəvanın evi əvvəl və sonra...
19.11.2020
Azərbaycanın uzun illər sürən düşmən işğalçılığına qarşı sentyabrın 27-dən başlanan haqq mübarizəsi, Ermənistan üzərində ölkəmizin qalibiyyəti fonunda məhv edilən tarixi abidələrimizin vəziyyəti də üzə çıxır.
Bunlardan biri də Azərbaycanın XIX əsrdə yaşayıb-yaratmış görkəmli şairi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşudbanu Natəvanın ev muzeyidir.
DM xəbər verir ki, "oxu.az” ev muzeyinin yeni yayılan fotoları fonunda muzeyin tarixinə nəzər salıb.
Atasının sarayında "Dürrü yekta” (Tək inci), xalq arasında Xan qızı kimi çağırılan Natəvanın evi XVIII əsrə aid tarix-memarlıq abidəsi olub.
Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin ən görkəmli yerlərindən birində yerləşən muzeylə bağlı 1980-ci ildə maraqlı təklif irəli sürülüb. Belə ki, 1980-ci ildə Şuşada Azərbaycan SSR Elmlər Akademiyası Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialının açılması ideyası ortaya çıxıb.
Ancaq binada əsaslı təmir-bərpa işlərinə yalnız 1987-ci ildən başlamaq mümkün olub.
Filialın ilk direktoru füzulişünas alim, filologiya elmləri namizədi, SSRİ Yazıçılar İttifaqının üzvü Namiq Babayev olub. O, muzeyə işgüzar gəncləri cəlb edib və filialda bacarıqlı bir kollektiv formalaşdırıb.
Filologiya elmləri doktoru, professor, Qarabağ ədəbi mühitinin gözəl bilicisi Nazim Axundov öz köməyini gənc kollektivdən əsirgəməyib.
Elə həmin dönəmdə Ermənistanın Azərbaycana qarşı başlatdığı təcavüzkar siyasət fonunda muzeyin ekspozisiya zalları əsaslı təmir olunub və istifadəyə verilib.
XIX əsrdə Şuşada fəaliyyət göstərən şair və ədiblərin muzeydə əhatə olunması nəzərdə tutulub. Bu məqsədlə lazımi materialların toplanması üçün Laçın, Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdam, Qubadlı, Beyləqan, Füzuli və bütün ətraf rayonların adamları ilə əlaqələr yaradılıb.
Muzey yaranan gündən zəngin ədəbi materiallar, eksponatlar, yazıçı və şairlərlə əlaqədar şəxsi əşyalar, qədim kitab və əlyazmalar toplanıb.
Qarabağ ədəbi mühitini əks etdirmək üçün həm də qədim dövrlərə aid müxtəlif məişət əşyalarının toplanmasına cəhd göstərilib.
Bununla belə, 1992-ci ilin mayın 8-də Şuşa şəhəri Azərbaycanın mənfur qonşuları tərəfindən işğal olunub. Azərbaycanın tarixini müqəddəs yurd yerlərimizdən silməyə çalışan düşmən tariximizə işıq salan hər şeyi məhv etməyə çalışıb, bununla izlərimizi o torpaqlardan silmək məqsədi güdüblər.
Elə Natəvanın bir zamanlar mədəniyyət beşiyi olan evi də bu vəhşilikdən "nəsibini” alıb.
Mədəniyyət abidəsinin indiki fotolarından da aydın olur ki, düşmən onu tamamilə məhv edib.