Pakistan səfirindən Azərbaycan ordusuna TƏRİF
18.11.2020
Noyabrın 18-də Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib.
Qeyd edib ki, Ermənistanın növbəti təxribatı nəticəsində başlanan əks-hücum əməliyyatları zamanı Pakistan Azərbaycanın yanında olub, 30 ildən bəri işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi günlərində daim Azərbaycanın haqq işini və ədalətli mübarizəsini dəstəkləyib.
Pakistanın ölkəmizdəki səfiri Bilal Haye Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbə münasibətilə Milli Məclisin deputatlarına, Azərbaycan xalqına təbriklərini çatdırıb. Səfir qeyd edib ki, belə bir vaxtda Azərbaycanda səfir kimi fəaliyyət göstərəcəyindən xoşbəxtdir: "Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixində tayı-bərabəri olmayan bir müharibə və möhtəşəm qələbədir. Və bu qələbənin qazanılmasında Milli Məclisin də böyük payı var”.
Görüşdə iştirak edən Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tahir Rzayev və Sadiq Qurbanov vurğulayıblar ki, dost dar gündə tanınar, Azərbaycanın çətin günlərində ölkəmizin haqq işini dəstəkləməsi Pakistanın əsl dost və qardaş ölkə olduğunu bir daha təsdiqlədi və biz bununla qürur duyuruq.
Söhbət əsnasında dünya siyasətindəki ikili standartlara, bir sıra aktual məsələlərə də toxunulub. Ölkələrimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.