Onların iki yolu var...Perenciyev
18.11.2020
Bəzi erməni mediası iddia edir ki, guya bir neçə yaxşı təlim keçmiş erməni "partizan qrupları" artıq bu günlərdə Azərbaycan tərəfinin nəzarətinə keçməli olan ərazilərdə qalmaqda davam edir. Bu barədə məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı danışan "Rusiya zabitləri” ekspert şurasının üzvü, siyasi elmlər namizədi, hərbi politoloq Aleksandr Perenciyev bildirib ki, yaranmış vəziyyətdə rəsmi Moskva, Bakı və İrəvan arasında üçtərəfli razılaşmanın tələblərinin yerinə yetirilməsinə mane olan şəxslərin hərəkətlərinin dayandırılmasını gözləmək lazımdır.
"Azərbaycan Ordusu bu ərazilərə daxil olduğu zaman heç bir "partizan müharibəsi”ndən söhbət gedə bilməz. Çünki partizan müharibəsi üçün yerli əhalinin dəstəyinə ehtiyac var. Amma bölgəyə Azərbaycan Ordusunun gəlməsi və bu əraziyə azərbaycanlıların yerləşməsi ilə "partizanları” heç kim dəstəkləməyəcək. Vəziyyət sabitləşir, radikal ünsürlər isə ya bu ərazini tərk edəcək, ya da məhv ediləcəklər. Hadisələrin inkişafı üçün başqa ssenari ola da bilməz", - deyə ekspert qeyd edib.