Böyük Qələbəmizin 3 memarı...
18.11.2020
Füzuli və Cəbrayılın işğal zamanı məruz qaldığı erməni vandalizmini ölkə başçısı özü birbaşa xalqa göstərdi. Şübhəsiz, bu ərazilər yenidən bərpa ediləcək və əvvəlkindən də yaxşı olacaq. Lakin Ermənistan vurulan ziyana görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır və mütləq kompensasiya ödəməlidir.
Bu sözləri millət vəkili Elman Nəsirov noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərini şərh edərkən deyib.
Millət vəkili bildirib ki, 44 günlük tarixi müharibə Azərbaycan Respublikasının qələbəsi ilə başa çatdı:
"Bu qələbənin 3 mühüm faktoru var.
1. Ali Baş Komandan İlham Əliyev.
2. Məğrur, qüdrətli və cəfakeş Azərbaycan xalqı.
3. Onun dəstəklədiyi ölkə başçısının illərdir hazırladığı dünyanın ən qütrətli ordularından sayılan Azərbaycan Ordusu.
Bu reallıq 10 noyabr tarixində Ermənistan baş nazirinin kapitulyasiya aktını qəbul etməyə məcbur etdi. Bu tarixi qələbədən sonra ölkə başçısının ilk səfərini işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına etməsi tam məntiqli idi. Ölkə başçısının ilk səfərini işğaldan azad edilən torpaqlara etməsi bir daha onu göstərdi ki, cənab Prezidentin bütün siyasətinin fəlsəfəsi, mahiyyəti bu torpaqların işğaldan azad edilməsi idi.
Diqqətdən yayınmayan bir nüans da odur ki, ölkə başçısı özü ermənilərin nə qədər vandal, barbar hərəkətlərə yol verdiyi ilə bağlı fikirlər səsləndirdi. Diqqət etsəniz, cənab Prezident özü də göstərdiyi yerlərdə bircə sağlam ev, infrastruktur qalmamışdı. Lakin şübhəsiz, işğaldan azad edilən torpaqlarımız yenidən bərpa ediləcək, vətəndaşlarımız öz yurd-yuvalarına qaytarılacaq.
Bu səfər həm də onu göstərdi ki, xalq öz Prezidentini necə sevgi ilə qarşılayır. Bu gün xalqın qəlbində öz Prezidentinə böyük bir sevgi var. Diqqət etsəniz, Füzulidə insanlar qalib bir Prezidenti qarşıladı. Məhz bu idi bizim qələbəmizin sirri. Xalqın Ordusuna, onun Ali Baş Komandanına inamı”.