Azərbaycan və Gürcüstan sənəd imzalanıb
17.11.2020
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Gürcüstan Dəmir Yolları" SC arasında yükdaşıma sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanıb.
ADY-dən verilən məlumata görə, "QSC-nin sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda aparılan islahatlar və səmərəliliyin artırılması istiqamətində nəzərdə tutulan işlər barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, "Şimal-Cənub" və "Cənub-Qərb" nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.
Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan C. Qurbanov qeyd edib ki, bu marşrut qlobal səciyyə daşıyır, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Ona görə də istifadəyə veriləndən sonra bu marşruta maraq daha da artıb.
"Gürcüstan Dəmir Yolları"nın sədri David Peradze bildirib ki, bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu marşrutun imkanlarından istifadə edilməklə, yüklər Azərbaycan və Gürcüstan üzərindən keçməklə, Çin, Orta Asiya ölkələrindən Türkiyəyə və əks istiqamətdə daşınır.
Sonra hər iki ölkənin dəmir yolları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi olub, yüklərin daşınması və əməliyyat effektivliyinin artırılması ilə bağlı müzakirələr aparılıb.