Paşinyan hökuməti darmadağın edir
16.11.2020
Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakayanın qəfil istefası müxtəlif mülahizələrə yol açıb.
Mnatsakayan Ermənistan XİN-nin mətbuat katibi Anna Naqdalyanın Baş nazir Nikol Paşinyanı təkzib edən açıqlamasından az sonra istefa verib.
Naqdalyanın açıqlamasında Qarabağla bağlı danışıqlarda erməni tərəfinin Şuşadan imtina etməsi məsələsinin müzakirə olunmadığını bildirib.
Halbuki, Paşinyan demişdi ki, danışıqlarda Ermənistan qarşısında şərt irəli sürülüb ki, Şuşa və 7 rayon Azərbaycana verilsin.
Baş nazirin sözlərinə görə, Ermənistan tərəfi Şuşa ilə yanaşı 7 rayonu da Azərbaycana verməyə razı olsaydı, müharibədən qaça bilərdi.
"Ancaq biz bununla razılaşmaq istəmədik. Ermənistan hökuməti, Ermənistan Silahlı Qüvvələri, Artsaxın Müdafiə Ordusu sona qədər mübarizə apardı. Təəssüf ki, mübarizə qələbə ilə başa çatmadı", - deyə o bildirib.
Siyasi şərhçilər hesab edir ki, Paşinyan bu açıqlaması ilə özünü sığortalamağa çalışır. Onların fikrincə, Baş nazir təslimçi sülhə getməkdən imtina etdiyini, sona qədər mübarizə apardığı barədə rəy yaratmaqla məğlubiyyətin məsuliyyətini azaltmağa çalışır.
XİN isə tələsik Paşinyanı təkzib etməklə onu zərbə altında qoyub və güman ki, bu addım Mnatsakayanın istefasını şərtləndirib.