Amnistiya gözlənilir - Böyük qələbə müjdəsi
14.11.2020
Azərbaycan Prezidenti İlham Əliyev qələbə münasibəti ilə xalqı təbrik edən çıxışında ölkədə müharibədən əvvəl mövcud siyasi gərginliyin də arxada qalmasının mesajlarını verdi. Və bütün siyasi partiyaların 44 günlük döyüşlər zamanı milli birlik naminə davrandığını qeyd etdi. Ona görə də yaxın perspektivdə ilin əvvəlindən ölkədə başlanan siyasi dialoqun növbəti mərhələyə keçəcəyi şübhə doğurmur. Həmçinin, müxtəlif beynəlxalq təşkilatların "siyasi məhbus” hesab etdiyi şəxslərin bir qisminin azadlığa buraxılacağını da gözləmək olar.
Yeri gəlmişkən onu da qeyd edək ki, Prezident İlham Əliyevin 8 sentyabr 2020- il tarixli sərəncamı ilə Əfv Komissiyasının yeni tərkibi də formalaşdırılıb. Komissiyanın yeni tərkibdə ilk işlərinin nəticələrini öyrənmək və yaxın zamanlarda əfv sərəncamının nə vaxt veriləcəyi ilə bağlı Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyevlə əlaqə saxladıq.
Əfv Komissiyasının üzvü Qaynarinfo-ya verdiyi açıqlamada böyük qələbə münasibəti əfv sərəncamı və amnistiya gözlənildiyini bildirdi:
"Bilirsiz ki, hər zaman ölkədə baş verən mühüm hadisələr zamanı cənab prezident tərəfindən əfv sərəncamları mütəmadi olarar verilib. Bu il aprel ayının 7-də əfv sərəncamı verildi. Əlbəttə ki, bu əfv sərəncamının məqsədi vətəndaşlarımızın sağlamlığının qorunması və həyatı təhlükəsinin qarşısını almağa yönəlmişdi. Çünki koronavirus pandemiyası tuğyan edirdi və belə olan halda risk qrupuna daxil olan şəxslərin müraciətləri əsasında 176 nəfər azad olundu. Bu, əlbəttə ki, cənab prezidentin hümanizm və mərhəmət prinsiplərinin davamlı olaraq nümayişi idi. İndi isə çox böyük qələbə qazanılıb. Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz qalibiyyət əldə etdi. Bu, böyük qələbədir, Azərbaycan hazırda böyük qələbənin sevincini yaşayır. Hamımız böyük qələbə münasibəti ilə çox böyük qərarlar qəbul edilməsinin şahidi olmaqdayıq. Bu baxımdan ölkə başçısı tərəfindən əfv sərəncamının da verilməsi gözləniləndir. Əfv komissiyasının üzvü olaraq mən bunu çox arzu edərdim ki, belə bir əfv sərəncamının hazırlanmasında komissiya üzvü kimi iştirak edim. İnanıram ki, ölkə başçısı həmişə fəaliyyətində rəhbər tutduğu mərhəmət, hümanizm və insanpərvərlik prinsiplərinə söykənib bu dəfə də məlum təbəqədən olan şəxsləri sevindirəcək. Çünki dövlət başçısı tərəfindən böyük qələbə sevincinin Azərbaycan cəmiyyətinin bütün təbəqələri ilə paylaşılması prosesi baş verir. Eyni zamanda Milli Məclis tərəfindən amnistiya aktı ilə bağlı qərar verilməsini də arzu edərdim. Yəqin bu istiqamətdə Milli Məclis tərəfindən hazırlıqlar görülür və ya görüləcək. Həmçinin bilirsiz ki, torpaqlarımızın işğaldan azad olunması prosesi başa çatmayıb və bu prosesin tam başa çatmasını gözləyirik. Bildiyiniz kimi, dekabrın 1-nə kimi bu proses başa çatmalıdır. Bu prosesin başa çatması münasibəti ilə ölkədə böyük qələbə tədbirləri olacaq. Artıq dövlət başçısı bunun mesajlarını verib. Şübhəsiz ki, belə böyük tədbirlər yeni qərarların verilməsini şərtləndirəcək”.
Əliməmməd Nuriyev gözlənilən əfv sərəncamlarında siyasi məhbusların da azadlığa buraxılmasını istisna etmir:
"Dövlət başçısının dediyi kimi, müharibə başlayandan sona qədər Azərbaycan xalqı milli birlik nümayiş etdirib. Bütün siyasi qüvvələr vahid mövqedən çıxış edib. Bu da Azərbaycan xalqının böyük bir qələbəsidir. Biz heç zaman belə nöhtəşəm birlik nümayiş etdirməmişdik. Azərbaycan tarixinə baxanda belə birliklər olub, ancaq bu möhtəşəmliklə birlik heç zaman görünməmişdi. Qeyd edim ki, 2018-ci ildən başlayaraq, cənab prezidentin təşəbbüsü ilə Azərbaycanda yeni siyasi konfiqurasiya yaranmaqdadır. Ölkə başçısı siyasi münasibətlərin yeni müstəviyə keçməsi ilə bağlı öz qərarlarını da açıqlayıb, bu qərarlar əsasında Prezident Administrasiyasında yeni bir struktur da yaranıb – Siyasi Partiyalarla və qanunvericilik hakimiyəti ilə iş şöbəsi. Həmin şöbə çöx böyük və əhəmiyyətli iş görür. Siyasi partiyalarla dialoq davamlı xarakter alıb və siyasi partiyaların problemləri həll olunmaqdadır. Torpaqlarımızın azad olunması prosesində də biz siyasi partiyaların və vətəndaş cəmiyyəti qurumlarının vahid mövqedən çıxış etdiyinin şahidi olduq. Bütövlükdə hər birimiz vahid mövqedən çıxış edirdik. Bu baxımdan inanıram ki, gözlənilən əfv sərəncamlarında adları müzakirə olunan şəxslər də azadlığa çıxacaq. Əvvəlki əfv sərəncamlarında da bunu görmüşük. Son əfv sərəncamından əvvəlkində adları müxtəlif siyahılarda olmuş 52 nəfər azadlığa buraxıldı. Təbii ki, onların azadlığa buraxılması adlarının hansısa siyahıda olması ilə bağlı deyildi. Bu, birbaşa dövlət başçısının hümanizm və ədalət prinsipindən çıxış etməsinin nəticəsi idi. Həyatda insanlar yanlışlara və xətalara yol verirlər. Ən əsası isə odur ki, dövlət başçımız bağışlayandır. İkinci Qarabağ savaşında nümayiş olunan milli birlikdə iştirak edən hər bir vətəndaşımız haqq etdiyini alacaq. İnanıram ki, gələcəkdə veriləcək əfv sərəncamlarında yenə də mövqeyindən və siyasi baxışlarından asılı olmayaraq Azərbaycan Konsitusiyasına uyğun şəxslərin adları olacaq”.