“Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqlar predmeti olmayıb”
11.11.2020
İsrailin aparıcı mətbu orqanlarından olan, ingilis və ivrit dillərində dərc olunan "İsrael HaYom” qəzetində Xarici İşlər naziri Ceyhun Bayramovun müsahibəsi dərc edilib.
XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov qəzetin bölgədəki son vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, eləcə də Azərbaycan-İsrail ikitərəfli münasibətləri, Azərbaycanda mövcud olan tolerantlıq mühiti və yəhudilərin ölkədə əsrlərlə sülh şəraitində yaşaması ilə bağlı suallarını cavablandırıb.
Ceyhun Bayramov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, Ermənistanın uzun illər davam edən işğalçı siyasəti və danışıqlar prosesində nümayiş etdirdiyi destruktiv mövqeyindən bəhs edib. O, Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu, lakin Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təxribat xarakterli bəyanatları, həmçinin danışıqlar prosesində tutduğu destruktiv mövqeyinin bölgədəki son gərginliyə gətirib çıxardığını bildirib.
Nazir Azərbaycanın ərazi bütövlüyünün heç bir zaman danışıqlar predmeti olmadığını vurğulayıb.
Nazir Ceyhun Bayramov Yaxın Şərq sülh prosesində inkişafın Azərbaycan tərəfindən diqqətlə izlənildiyini bildirib. O, Yaxın Şərqdə sülh və təhlükəsizliyin bərqərar olunmasına ölkəmizin həmişə dəstək göstərdiyini və "İbrahim razılaşmaları”nın bütün bölgənin inkişafına və rifahına töhfə verəcəyinə inandığını qeyd edib. Nazir, habelə ikitərəfli münasibətlərdən bəhs edərək, ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın geniş perspektivlərinin mövcud olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov müsahibəsində Azərbaycanda yəhudilərin azərbaycanlılarla birgə əsrlər boyu yaşadıqlarını qeyd edib və bu gözəl ənənənin bu gündə davam etdiyini qürur hissi ilə vurğulayıb. Həmçinin Azərbaycanda yaşayan yəhudi icmasının Azərbaycan-İsrail münasibətlərinə verdiyi töhfəni yüksək qiymətləndirdiyini qeyd edib və bunun münasibətlərin inkişafında aparıcı rol oynadığını bildirib.