Atəşkəs rejimi ilə bağlı Rusiyadan İLK AÇIQLAMA
11.11.2020
Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları dayandırıb.
Bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, hər iki ölkənin silahlı qüvvələrinin bölmələri tutduqları mövqelərdə qalıblar.
S.Rudskoy bildirib ki, Qarabağda sülhməramlı vəzifələrin həyata keçirilməsində ordu aviasiyası və PUA komplekslərindən istifadə ediləcək. Onun sözlərinə görə, münaqişə zonasına göndərilən Rusiya sülhməramlılarının demək olar hamısı Suriya təcrübəsinə malikdir.
Sergey Rudskoy deyib ki, Rusiyanın göndərdiyi sülhməramlı qoşunlar Qarabağın Laçın dəhlizini nəzarətə götürüblər: "Hazırkı mərhələdə Rusiya Silahlı Qüvvələri kontingentinin ön bölmələri Laçın dəhlizi və Laçın – Turşsu (Şuşa rayonu) yolu sahəsində müvəqqəti nəzarət məntəqələri quraraq nəzarəti altına alıb”, - o qeyd edib.