Deputatın Qarabağla bağlı açıqlaması
11.11.2020
10 noyabr – Azərbaycan xalqının qara ləkədən xilas olduğu, dövlətimizin gücünün bütün dünya tərəfindən qəbul edildiyi gündür.
Bunu millət vəkili Nəsib Məhəməliyev deyib.
O, əldə edilən razılaşmanın əhəmiyyətindən bəhs edib:
"- Dağlıq Qarabağ ətrafında 7 rayon işğaldan azad olundu. 4 rayonu - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlını Ordumuz işğaldan azad etdi. 3 rayonu isə (Laçın, Kəlbəcər, Ağdamı) müqaviləyə uyğun olaraq, erməni silahlı qüvvələri tərk edəcək.
- Şuşa, Xocalı, Xocavənd Ordumuzun nəzarətindədir.
- Dağlıq Qarabağa hər hansı bir status verilmir.
- Rusiya sülhməramlıları 5 il müddətinə Laçın koridoruna, Kəlbəcər yoluna nəzarəti həyata keçirir. Hər hansı bazanın yaradılmasından söhbət getmir. Hazırda qardaş Türkiyə ilə birlikdə müqavilənin icra vəziyyətinə nəzarət üçün yaradılacaq monitorinq mərkəzinin fəaliyyət detalları üzərində məsləhətləşmələr aparılır.
- 100 ildən sonra Naxçıvana dəhliz açılır. Bu nəqliyyat dəhlizinin açılması Azərbaycanla bərabər, qardaş Türkiyə üçün, türk dünyası üçün son dərəcə əhəmiyyətlidir.
Mən bəzi vətəndaşlarımızın problemin həllinə maksimalist yanaşmasını başa düşürəm. Ancaq nəzərə almaq lazımdır ki, son 30 il ərzində beynəlxalq təşkilatlar, dünya siyasətinin aparıcı dövlətləri problemin həlli istiqamətində heç bir ciddi addım atmadılar. Bəzi hallarda təhqiramiz formada, Qarabağı və ətraf rayonları ermənilərə güzəştə getməyimizi tələb edirdilər. Minlərlə mənasız görüşlərin nəticəsi olaraq Madrid, Kazan prinsipləri, Qarabağın statusunun müəyyənləşdirilməsi üçün referendum oyunları və sairə.
Bu qələbə Ali Baş Komandan İlham Əliyevin arxasında Azərbaycan xalqının bir yumruq kimi birləşməsinin, uzun illər ərzində aparılan diplomatiyanın, ordu quruculuğunun, sosial-iqtisadi siyasətin nəticəsidir. Hər bir xalqın tarixində çoxsaylı liderlər olur. Ancaq xilaskar kimi qızıl hərflərlə öz xalqının tarixinə düşmək nadir şəxsiyyətlərin alın yazısıdır. İlham Əliyev Azərbaycan tarixinə, həm qurucu, həm də xilaskar kimi düşdü”.