21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Beynəlxalq konfrans iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

10.11.2020

"Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfransın iştirakçıların Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.

Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə 2020-ci il 10 noyabr tarixində keçirilmiş "Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfransın iştirakçıları olaraq Zati-alinizi üçqat bayram sevinci -Şuşanın işğaldan azad olunması, Azərbaycanın Dövlət Bayrağı Günü və Qarabağ savaşının böyük qalibiyyətlə zəfəri münasibətilə ürəkdən təbrik etməkdən şərəf duyuruq. Azərbaycan Respublikasının üçrəngli bayrağının Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dalğalanması bütün müsəlman aləmi üçün qürur və fəxarət mənbəyidir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona üzv dövlətlər hər zaman Azərbaycanın haqlı mübarizəsinə dəstək ifadə etmişlər və bu münasibət İƏT-in qərar və bəyanatlarında öz əksini tapmışdır. İslam dünyasının ayrılmaz parçası olan müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağının Azərbaycan torpağı olan bu ərazilərdə dalğalanması tarixi ədalət və istiqrarın bərpası anlamını verir və Ümmət olaraq bizi hədsiz sevindirir. Əminik ki, Qarabağın bütün məscidlərindən, Zati-alinizin bəyan etdiyi kimi, uzun illər sonra yenidən azan səsləri ucalacaqdır, inşallah!

Zati-aliləri, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi qüdrətinin artması istiqamətində misilsiz səyləriniz, milli-mədəni irsin dirçəlişinə qayğı və himayəniz müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Siz sülhsevər siyasət yürüdərək, uzun illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərar və səylərinə istinadən həllində ardıcıllıq nümayiş etdirmisiniz. Zati-alinizin bu günlər mətin, nüfuzlu sərkərdə, öz xalqının dərin məhəbbət və etimadını qazanmış, ordusunun qüdrətinə güvənən yenilməz dövlət lideri olaraq dünyanın demək olar ki, bütün aparıcı media qurumlarında Azərbaycan həqiqətlərini, Qarabağ reallıqlarını inam, qətiyyət və siyasi mədəniyyət nümunəsi ilə dünya ictimaiyyətinə çatdırması qlobal miqyaslı dövlət xadimi statusunuzun bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, Siz illərdir ki, multikulturalizm və İslam həmrəyliyi kimi insan həmrəyliyinə xidmət edən qlobal ideyaların, dünyada sülh və anlaşmaya nail olunması yönündə mədəniyyətlər və sivilizasiyalararası dialoq zəminində beynəlxalq əməkdaşlığa dair forumların, Dünya Dini Liderlərinin sammitlərinin təşəbbüskarı, habelə məşhur "Bakı Prosesi”nin müəllifi kimi tanınırsınız. Dünya ictimaiyyəti, o cümlədən, İslam aləmi bunu yüksək dəyərləndirir. Beynəlxalq konfransımızda iştirak edənlərin əksəriyyəti zamanında dünyanın ən böyük dövlətinin siyasi zirvəsində yer alan nüfuzlu müsəlman, Azərbaycanın böyük oğlu Heydər Əliyevi yaxşı xatırlayır. Müsəlman dünyası olaraq biz bu böyük şəxsiyyətlə qürur duyduğumuz kimi, Heydər Əliyev siyasi məktəbinin ardıcıl olan qətiyyətli siyasi lider, ata vəsiyyətini yerinə yetirərək ruhunu şad edən, İslam torpağının – Qarabağın fatehi olan Zati-alinizin qalibiyyətli zəfəri ilə fəxr edirik.

Azərbaycanın əzəli torpaqları olan Qarabağın və İslam dünyasının mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunması münasibətilə bir daha Zati-alinizi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik. Bu, öz torpaqlarına, milli-dini dəyərlərinə, ümumislam irsinə sahib çıxan müzəffər xalqın Uca Allahın xeyir-duası ilə, rəşadətli Ordusunun gücünə arxalanaraq tarixi ədaləti bərpa etməsidir.

Zati-aliləri, haqq işi uğrunda - dövlətin ərazi bütövlüyünün bərpasında Ali Baş Komandan olaraq qazandığınız qələbələr dünyada beynəlxalq hüququn təmininə xidmət edən nümunəvi tarixi missiyadır. Bu qələbənin əldə edilməsində şəhid olmuş qəhrəman Azərbaycan oğullarına Uca Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Zati-alinizə Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizdə, ərazi bütövlüyünün bərpası istiqamətində yeni zəfər və qələbələr, dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizə Allah-Təaladan uğurlar diləyirik.

Uca Yaradan hər zaman yardımçınız olsun, Öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin! Amin.

Dərin hörmətlə,

2020-ci il noyabrın 10-da keçirilmiş "Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfransın iştirakçıları:

Şeyxülislam Allahşükür Paşazadə – Qafqaz Müsəlmanları İdarəsinin sədri;

Mərğub Səlim Bat – İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Baş katibi Y.Ə.Əl-Useyminin xüsusi nümayəndəsi;

Ali Erbaş – Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanı;

Əbuzər İbrahimi Torkaman – İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri;

Əli Muhyiddin Əl-Qaradaği – Beynəlxalq İslam Üləmaları Birliyinin Baş katibi;

Mübariz Qurbanlı –Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri;

Əl-Seyyid Mahmud Əl-Şərif – Misir Ərəb Respublikası Parlamenti sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri;

Salim Əl-Malik – İƏT-in İslam Aləmi Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru;

Usmanxon Alimov – Özbəkistan Müsəlmanları İdarəsinin sədri, Müfti;

Məhəmməd Qasem Həlimi – Əfqanıstan İslam Respublikasının Həcc, İrşad və Vəqflər naziri;

Halit Eren – İƏT-in İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin (İRCİCA) Baş direktoru;

Şeyx Məhəmməd Mənsur Nias – Seneqal Respublikası Prezidentinin Dini işlər üzrə müşaviri;

Əhməd Təmim – Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri, Müfti;

Sahibzadə Sultan Əhməd Əli – Pakistan Müsəlman İnstitutunun direktoru;

Yəhya Pallaviçini – İtaliya Müsəlman İcmasının prezidenti, Milan məscidinin imamı;

Yusuf Abdulrahman Nzibo – Keniya Fatima bint Xalfan Fondunun təsisçi sədri, Nayrobi məscidinin sədri;

Mustafa Alış Hacı – Bolqarıstanın müftisi;

Rifat Feyzic – Monteneqronun müftisi;

Zoltán Róbert Bolek – Macarıstan Müsəlman İcmasının sədri;

Əziz Əl-Kobaiti İdrisi – Mərakeş Sufi və Estetik Araşdırmalar üzrə Beynəlxalq Akademik Mərkəzinin prezidenti;

Altay Abibullayev – Nursultan Nazarbayev adına Dinlərarası və Mədəniyyətlərarası Dialoqun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri;

Xamis Səid Mataka – Tanzaniya Milli Müsəlman Şurasının sədri;

Maksatbek Toktomuşev – Qırğızıstan Müsəlmanları İdarəsinin sədri, Müfti;

Sahib Məmmədov – QMİ-nin Naxçıvan bölgəsi üzrə qazısı;

Bünyamin Çil – QMİ-nin Türkiyədəki səlahiyyətli nümayəndəsi;

Əli Əliyev – QMİ-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi;

Şaqabitdin Kerimov – QMİ-nin Şimali Qafqaz və Dağıstanda səlahiyyətli nümayəndəsi;

Şamil Rəsulov – QMİ-nin İran İslam Respublikasındakı səlahiyyətli nümayəndəsi;

Seymur Nəsirov – Misirdəki Azərbaycan Diaspora Təşkilatları Birliyinin sədri”.