İmişlidə Dövlət Bayrağı Günü qeyd edilib
10.11.2020
İmişli Rayon İcra Hakimiyyətindən bildirilib ki, ötən gün keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, idarə, müəssisə və təşkilatların kollektivləri və rayon sakinləri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Bildirilib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağımız, eyni zamanda sevincimizin ilk şahidi, qələbə müjdəçisidir. 29 illik müstəqillik tarixinə malik olan Azərbaycanın zəfərlər və qələbələrlə dolu son 27 ilinin bilavasitə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin adı ilə bağlı olduğu, bu müddətdə aylı, ulduzlu, üçrəngli bayrağımızın dünyanı dolaşdığı diqqətə çatdırılıb.
Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəlik bacarığı, qətiyyəti, sarsılmaz siyasi iradəsi əsasında rəşadətli Azərbaycan Ordusu təcavüzkar ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı doğma Qarabağ torpaqlarımızı biri-birinin ardınca yağı düşməndən təmizləməklə şanlı tarix yazır. Noyabrın 8-də dövlətimizin başçısı, cənab İlham Əliyev bu sevincimizə Qarabağın incisi, musiqimizin, ədəbiyyatımızın beşiyi, qədim tarixi şəhərimiz Şuşanın da işğaldan azad olunması xəbərini əlavə etdi. Bu gün 9 noyabr tarixində, Dövlət Bayrağı Günündə Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağımızın işğaldan azad edilmiş Şuşa şəhərində qürurla dalğalanır.
Azərbaycan Ordusu Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya sübut edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edir. Xalqımız tam əmindir ki, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun gücü və qüdrəti sayəsində işğal altında olan digər torpaqlarımız da azad olunacaq, müqəddəs bayrağımız bütün Azərbayanda dalğalanacaq. Eşq olsun, Müzəffər Ali Baş Komandana! Eşq olsun, yenilməz Azərbaycan Ordusuna! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Sonra çıxış edənlər bayram günü və qədim Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı və tədbir iştirakçılarını təbrik ediblər.