03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezident İlham Əliyev “BBC News”a müsahibə verib +VİDEO

09.11.2020


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da "BBC News”a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Prezident Əliyev, BBC News-da bizimlə söhbət etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Dağlıq Qarabağın və ətraf yeddi rayonun hər bir qarışı uğrunda savaşmaq niyyətindəsiniz?

- Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağa hazırıq. Mən bunu müharibənin əvvəlindən deyirəm, əgər Ermənistanın baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq. Lakin bu vaxtadək artıq 40 gün keçib, onun bunu deməsinə dair heç bir əlamət yoxdur.

- Bu, o deməkdir ki, Siz sona qədər döyüşəcəksiniz?

- Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı üzərinə öhdəlik götürməsə biz sona qədər vuruşacağıq. Hesab edirəm ki, Ermənistan böyük bir səhv edir, çünki lap əvvəldən bizə qulaq assaydılar, müharibə uzun müddət bundan öncə dayanardı və biz artıq danışıqlar masası arxasında olardıq.

- Lakin cənab Prezident, Siz bir ultimatum verirsiniz, Siz deyirsiniz ki, onlar bütün bu əraziləri qaytarmağa razılaşmalıdır və yalnız sonra danışıqlar ola bilər. Bu danışıqlar üçün böyük bir ilkin şərtdir.

- Xeyr, heç də belə deyil. Çünki mənim dediyim əsas prinsiplərə əsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafındakı ərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermənistan üçün çox aydın mesajdır. Əfsuslar olsun ki, Ermənistan Minsk qrupunun həmsədrləri və əvvəlki Ermənistan rəhbərliyi tərəfindən işlənib hazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdə deyilir ki, onlar birinci mərhələdə işğal olunmuş 5 rayonu boşaltmalıdırlar, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdırlar. Lakin beş rayondan dördü artıq azad edilib. Əgər onlar bunu etsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq.

- Bu ərazilər bizim beynəlxalq auditoriya üçün tanış olmadığına görə aydınlaşdırmaq istəyirəm. Siz deyirsiniz ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağdan kənardakı əraziləri boşaltmağa razılaşsa, Siz dayanarsınız və döyüşməzsiniz?

- Elədir ki, var. Bu, mənim dəfələrlə vurğuladığım mövqedir. Eyni zamanda, bu, danışıqlar masasında olan bütün məsələlər deyil. Əlbəttə ki, bundan sonra biz azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmaları üzərində işləyəcəyik. Çünki müharibədən əvvəl, 1990-cı illərdə Dağlıq Qarabağda 40 min azərbaycanlı yaşayırdı və bu da oradakı əhalinin 25 faizi idi. Ermənilər onların hamısını qovdular, etnik təmizləmə törətdilər və sonra "müstəqillik” elan etdilər.

- Lakin Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə ələ keçirsəniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı qorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruz qalacağından çox ciddi qorxduğunu ifadə etmişdir.

- Bu, əsassız ittihamdır. Birincisi, əgər bu məsələ Ermənistanı həqiqətən də narahat edirsə, nəyə görə onlar əsas prinsiplərlə razılaşmırlar? Çünki əsas prinsiplər təsdiqlənsə və Ermənistan mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə, onda hər şey dayanacaq.

- Siz onlardan Dağlıq Qarabağı boşaltmalarını tələb etmirsiniz? Siz onlardan yalnız ətraf rayonları tələb edirsiniz?

- Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni əhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeyi ifadə etmişəm.

- Prezident Əliyev, ermənilərin orada Sizin vətəndaşlarınız kimi yaşayacaqlarını deyirsiniz. Siz bu yaxınlarda demisiniz və mən burada Sizdən sitat gətirirəm: "onlar çıxmasalar, biz onları iti qovan kimi qovacağıq”. Bu bəyanatla insanlar çətin ki, özlərini təhlükəsiz hiss etsinlər.

- Xeyr. Xahiş edirəm, mənim bəyanatlarıma dəqiqliklə yanaşın. Mən bunu dedikdə bizim əraziləri işğal etməyə davam edənləri nəzərdə tuturdum. Mən Ermənistanın hərbi-siyasi rejimini nəzərdə tuturdum. Mən Dağlıq Qarabağın dırnaqarası "hökumətini”, bu cinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yeri gəlmişkən, artıq qaçıb gedib. Mənə məlumat verilib ki, Dağlıq Qarabağın dırnaqarası "rəhbəri” artıq Yerevandadır. Mən erməni xalqını yox, onları nəzərdə tuturdum.

- Onda Siz Dağlıq Qarabağda erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağına dair mütləq zəmanət verirsiniz?

- Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda yaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyini nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki?

- Burada, Azərbaycanda yaşayan ermənilərlə bağlı. Bizə verilən məlumata görə, onların çoxu qorxu içində yaşayır, ermənilər kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər. Dağlıq Qarabağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necə əmin ola bilərlər ki?

- Xeyr, bu, yanlış məlumatdır.

- Bu məlumat burada yaşayan insanlardan daxil olur.

- Ola bilsin ki, kimsə evlənib soyadını dəyişib. Bu, burada adət olunan təcrübədir. Amma xeyr. Burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduqlarını bilirik. Yeri gəlmişkən, mən sizə deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz onunla görüş təşkil edə bilərik. Bu, əslində, qorxu deyil, bu, erməni təbliğatıdır.

- Prezident Əliyev, əgər təbliğat varsa, aydındır ki, hər iki tərəfdə təbliğat var. Dövlət dialoqu çərçivəsində burada ermənilərə qarşı institusional mesajlar səslənir, insanlarda digər tərəfə qarşı nifrət aşılanır. Siz onların, həqiqətən də, birgə yaşaya biləcəklərini gözləyirsiniz?

- Nəyə görə onlar dünyanın digər yerlərində birgə yaşaya bilirlər? Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlıların bir yerdə, eyni kənddə yaşadığı kəndlərin olduğunu bilirsiniz? Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar, onlar Azərbaycanda bir yerdə yaşayırlar, dünyanın bir çox digər yerlərində. Dünyadakı vəziyyəti indi müşahidə etsəniz, Qərbdə bəzi ermənipərəst mitinqlərdən başqa ermənilər və azərbaycanlılar arasında vəziyyət sakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin burada yaşaya bilməzlər?

- Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirsəniz, həqiqətən də, bir erməninin Dağlıq Qarabağda qalacağını və Azərbaycan qanunları ilə yaşayacağını gözləyirsiniz?

- Hesab edirəm ki, bu, mümkündür. Bir Prezident kimi, mən bu gün deyirəm və dəfələrlə demişəm ki, biz yanaşı yaşamaq istəyirik. Əgər biz yanaşı yaşamaq istəməsəydik, nəyə görə mən bunu deməliyəm ki? Bildiyiniz kimi, bu gün Azərbaycan Ordusu döyüşdə qalib gəlir. Bu gün biz şəhərləri, kəndləri bir-birinin ardınca azad edirik. Azərbaycanda istənilən şəxs prinsip etibarilə deyə bilər, baxın, onlar Xocalıda soyqırımı törətdilər, onlar azərbaycanlıları doğma torpaqlarından qovdular, onlar bizim bütün şəhərləri və kəndləri məhv etdilər.

- Ermənilər də, əlbəttə, iddia edirlər ki, onlar da qovulublar, onlar da illərlə qətliamların qurbanları olublar.

- Onlar haradan qovulublar? Haradan? Onlar qovulmayıblar. Biz ermənilərə qarşı etnik təmizləmə törətməmişik. Xeyr, ermənilər Azərbaycanda yaşayırlar. Onlar bizi nəinki Dağlıq Qarabağdan qovublar, erməni əhalisinin heç vaxt yaşamadığı Dağlıq Qarabağla inzibati sərhəddə yerləşən yeddi rayondan qovublar. Onlar şəhərlərin, kəndlərin adlarını dəyişiblər.

- Prezident Əliyev, dinə gəldikdə, Ermənistanda kilsəyə hücum olub.

- Bu, Ermənistanda olmayıb.

- Üzr istəyirəm, cənab Prezident, Dağlıq Qarabağda hücum olub. Eyni gündə kilsə iki dəfə mərmi atəşinə tutulub. Siz həmin gün dediniz ki, ola bilsin, bu, səhvdir. Siz dediniz ki, araşdırma aparacaqsınız. Araşdırmanın nəticəsi nədir?

- Bu məsələni araşdırmaq üçün biz orada olmalıyıq. Araşdırmaq üçün. Mən dəfələrlə demişəm, bu, ya bizim artilleriyanın səhvidir, ya da bu, ermənilərin özləri tərəfindən qəsdən edilmiş bir təxribatdır.

- Onlar öz kilsəsini atəşə tutublar?

- Bəli, elədir ki, var.

- Onlar, əlbəttə ki, bunu inkar edirlər.

- Bəli, əlbəttə ki, onlar bunu inkar edirlər. Onlar hər şeyi inkar edirlər. Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raketlə zərbə endirildiyini inkar edirlər. Ermənistanın baş naziri bunun yanlış məlumat olduğunu demişdir. Buna baxmayaraq, sizin ölkəniz, Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, onlar ballistik raketin haradan buraxıldığını asanlıqla aşkar edə bilərlər.

- Kilsəyə gəldikdə...

- Kilsəyə gəldikdə. Mən bunun ya səhv olduğunu, ya da onların bunu qəsdən etdiklərini demişəm. Çünki həmin kilsənin mənim gördüyüm təsvirləri bunun çox kiçik bir zərər olduğunu göstərir. Bu zədəni maksimum iki həftə ərzində təmir etmək olar. Bu, birincisi. İkincisi, siz burada, Bakıdasınız. Yəqin ki, siz şəhər mərkəzində bizim bərpa etdiyimiz erməni kilsəsini görmüsünüz. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Əgər biz ermənilərin dediyi kimi kilsələri dağıdırıqsa, nəyə görə buradakı kilsəni dağıtmamışıq?

- Siz birmənalı şəkildə öz qüvvələrinizin kilsəyə hücum etmədiyini deyə bilərsiniz?

- Mən birmənalı şəkildə dəfələrlə demişəm. Bu ya bizim artilleriyanın səhvidir...

- Beləliklə, Siz bunu edə bilərdiniz?

- Kim? Siz kimi nəzərdə tutursunuz?

- Sizin qüvvələriniz bunu edə bilərdi.

- Bu, yalnız səhv nəticəsində ola bilərdi. Çünki hərbi hədəf yox idi. Kilsə hərbi hədəflər arasında deyil. Bizim Xankəndi şəhərində, - ermənilər onu Stepanakert adlandırırlar, - hərbi hədəflərimiz var idi. Bizim Şuşada hərbi hədəflərimiz var idi və biz bu hərbi hədəflərə zərbələr endiririk, çünki onlar bizə hücum ediblər. Yəqin ki, bu, səhv olub.

- Eyni gündə iki dəfə səhv edə bilərdiniz? Kilsəyə iki dəfə zərbə endirilib.

- Nəyə görə yox? İşğal olunmuş ərazilərdə Azərbaycan məscidlərinin şəkillərini görmüsünüz? Onlar hamısı dağıdılıb. Onlar bizim məscidlərdə donuz saxlayırlar. Azad edilmiş Zəngilandakı məsciddən bu yaxınlarda çəkilmiş videogörüntüdə onların orada donuz saxladıqları göstərilir.

- Siz öz ordunuzun hərbi üstünlüyü haqqında danışarkən fikir irəli sürmüsünüz, yüz min insanınız var, Sizin İsraildən, Türkiyədən alınan ən müasir avadanlığınız var, xüsusilə türk dronları. Sizin sərəncamınızda olan bütün bu imkanları nəzərə alaraq, kilsənin atəşə tutulması ilə bağlı iki dəfə səhvə yol verilə bilər?

- Əlbəttə ki, ola bilər. Çünki bu məsələni araşdırmaq üçün bizim orada olmamız lazımdır. Biz orada olanda onu təmir edəcəyik.

- Lakin bu...

- Biz onu bərpa edəcəyik, siz bunu görəcəksiniz. Biz Şuşaya geri qayıdanda onu bərpa edəcəyik.

- Bu, o demək deyil ki, bu silahların bu dərəcədə qeyri-dəqiq olması və belə səhvlərə asanlıqla yol verməsi ehtimalına görə Siz onları mülki yerlərdə istifadə etməməlisiniz?

- Biz onlardan mülki yerlərdə istifadə etmirik. Biz onlardan hərbi infrastrukturu məhv etmək üçün istifadə edirik.

- Prezident Əliyev...

- Xankəndi şəhəri hərbi obyektlərlə dolu idi. Şuşa şəhəri hərbi obyektlərlə doludur. Biz onlardan fərqli olaraq mülki şəxslərə hücum etmirik. Onlar qəsdən mülki yaşayış yerlərini dağıdırlar, ballistik raketlərlə Gəncəyə hücum etdilər.

- Prezident Əliyev, icazə verin, bizim BBC həmkarlarımızın nə gördüklərini Sizə deyim. Bu, şayiə deyil. Bu, BBC həmkarlarımız tərəfindən çəkilmişdir, onların gördükləridir. Onlar oktyabrın biri, ikisi və üçü Stepanakertdə və Dağlıq Qarabağda olublar. Onlar şəhərin, o cümlədən təcili tibbi yardım mərkəzinin xaotik mərmi atəşinə tutulmasını, yaşayış binasının dağıdılmasını, insanlar qaçmağa cəhd göstərəndə onların başlarının üstündə dronun olmasını, bir az sonra yaxınlıqda əlavə mərmi atəşlərinin açılmasını görüblər. Onlar bunu aydın hərbi hədəflər olmadan şəhərin sistemsiz mərmi atəşinə tutulması kimi xarakterizə etdilər. Bu, şayiə deyil. Bu, BBC-nin şahid olduğu və lentə aldığı hadisədir.

- Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var. Şübhələrim var.

- Lakin Prezident Əliyev, onlar orada idilər.

- Nə olsun ki, onlar orada idilər? Bu, heç nə demək deyil. Bu, feyk xəbər ola bilər. Bizim hərbi...

- Bu nəyə görə feyk xəbər olsun ki? Nəyə görə oraya gedən istənilən jurnalist feyk xəbərləri yayımlamağı qərara alsın ki?

- Münaqişəyə qərəzli mövqeyinə görə, beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma təbliğatına görə.

- Deməli, Sizi heç bir yanlışlıqda günahlandırmaq olmaz? Hər şey feyk xəbərdir?

- Əlbəttə, bu, feyk xəbərdir. Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla "Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız o hadisələrin orada "şahidi” olub. Mən buna inanmıram.

- Onlar bunu lentə alıblar. Əlbəttə ki, hər iki tərəfdə mülki şəxslərin qətlə yetirildiyini qeyd etmək mühüm əhəmiyyət kəsb edir. Hər iki tərəf xaotik atəş açmışdır. Biz özümüz burada ballistik raketin istifadə edildiyi Gəncə hücumunun fəsadlarının şahidi olmuşuq. Beləliklə, bu tərəfdə də itkilərin olması şübhə doğurmur.

- Təşəkkür edirəm.

- Lakin eynilə, Siz kassetli silahlardan danışdıqda, sübut var ki, Siz də mülki yerlərdə, Stepanakertin küçələrində kassetli silahlardan istifadə etmisiniz və bu, "Human Rights Watch” təşkilatı tərəfindən geniş şəkildə sənədləşdirilmişdir, şəkillər çəkilmişdir, videolar çəkilmişdir, şahidlər ifadə vermişdir. Onların hadisə yerinə getmək imkanı var idi. Nəyə görə Siz o dərəcədə qeyri-dəqiq ola bilən kassetli silahlardan mülki yerlərdə istifadə edirsiniz?

- Biz onlardan istifadə etmirik. Bu, növbəti bir feyk xəbərdir. Ermənistan kassetli bombalardan istifadə edir.

- Deməli, hər şey feyk xəbərdir?

- Əlbəttə ki. Niyə də yox? Biz feyk xəbərlərlə on illərdir üzləşirik.

- Lakin Siz etiraf edirsiniz ki....

- Heç bilirsiniz, Britaniya mətbuatında Azərbaycan haqqında nə qədər feyk xəbər dərc edilmişdi? Minlərlə.

- Lakin, Prezident Əliyev, Siz müharibə apardığınızı, irəli getdiyinizi etiraf edirsiniz. Sonra isə digər tərəfdən bizə bu silahlardan istifadə etmədiyinizi deyirsiniz.

- Xeyr, istifadə etmirik. Çünki biz döyüş meydanında döyüşürük. Biz erməni ordusuna qarşı döyüşürük. Biz mülki şəxslərə qarşı döyüşmürük. Bunun heç bir mənası yoxdur, çünki bizim vəzifəmiz torpaqları azad etməkdi və biz kəndləri, şəhərləri bir-birinin ardınca azad edirik. Biz kassetli bombalardan istifadə etmirik, bizim buna ehtiyacımız yoxdur. Bizim kifayət qədər başqa alətlərimiz var...

- Beləliklə "Human Rights Watch” təşkilatı tərəfindən aşkar edilmiş sübutlar da feykdir?

- Əlbəttə ki. Çünki "Human Rights Watch” təşkilatı Azərbaycana qarşı çox qərəzli mövqeyinə, hətta jurnalistlərin həbsxanalarda öldüyü zaman, hətta əsas müxalifət partiyasının rəhbəri həbsxanada olduqda belə Ermənistanda heç bir yanlışlıq görmədiyinə görə bunlar barədə heç bir məlumat vermir. Onlar yalnız bizə qarşı məlumat verirlər. Buna görə də biz "Human Rights Watch” təşkilatı ilə əməkdaşlığı beş-altı il bundan əvvəl dayandırdıq. Yalnız indi bu müharibə başlayanda biz onları bura gəlməyə və öz gözləri ilə görməyə dəvət etdik. Biz onların bu halları təsdiqləməsini istəyirdik, çünki onlar üçün "yox” demək imkanı yox idi. Buna görə biz onları dəvət etdik. Beləliklə, bu təşkilata Azərbaycanda etimad yoxdur.

- Prezident Əliyev, bu tərəfdə neçə nəfər mülki şəxs öldürülüb? Onların sayı nə qədərdir?

- Paşinyan rejimi tərəfindən 92 mülki şəxs öldürülmüşdür, 405 nəfər yaralanmışdır, demək olar ki, 3 min ev ya dağıdılmışdır, ya da ciddi zərər görmüşdür. Beləliklə bunlar faktlardır və siz oraya gedib onları yoxlaya bilərsiniz.

- Biz cəbhə xəttini özümüz gedib görmək istəyirik və sonuncu dəfə buraya səfər etdikdə, bizim oraya müstəqil səfər etmək üçün qarşımız alınmışdır. Bizə bu dəfə oraya gedə biləcəyimizə dair təminat verə bilərsinizmi?

- Bəli, hesab edirəm ki, bu, mümkündür. Ancaq sizi qorumaq üçün təhlükəsizlik tədbirləri görülməlidir. Lakin düşünürəm ki, bu, mümkündür. Bu, ümumi durum və hərbi vəziyyət haqqında qanunvericiliklə tənzimlənir. Ona görə, bu səfər müvəqqəti qaydalara uyğun olmalıdır.

- Beləliklə, biz cəbhə xəttində sərbəst hərəkət edə bilmərik?

- Cəbhə xətti dedikdə nəyi nəzərdə tutursunuz? Döyüşlərin baş verdiyi yerə getməyi?

- Bəli.

- Orada jurnalistlər olublar.

- Lakin onlar sərbəst hərəkət etməyiblər.

- "Sərbəst” dedikdə nəyi nəzərdə tutursunuz?

- Hökumətin müşahidəçiləri olmadan sərbəst hərəkət etmək. Öz istəyinə görə hərəkət etmək. Biz başqa münaqişələrdə bunu edirik. Biz haraya getmək istədiyimizi qərarlaşdırırıq, biz öz seçimlərimizi edirik, oraya gedirik və hadisələri lentə alırıq.

- Mən bu barədə əmin deyiləm. Düşünürəm ki, belə bir imkanın olub-olmadığını səlahiyyətli orqanlarla dəqiqləşdirmək lazımdır. Əcnəbi jurnalistləri müşahidə edənlərin yalnız bir məqsədi var - onları qorumaq və onların hara gedə biləcəyi və hara gedə bilməyəcəyi barədə onlara məlumat vermək. Lakin gizlədiləsi bir şey yoxdur. Siz bizim dağıdılmış kəndləri görə bilərsiniz. Siz Gəncədə olmusunuz. Yəqin ki, siz Bərdəyə də gedə bilərsiniz. Buna görə bizim gizlədiləsi bir şeyimiz yoxdur. Biz öz torpağımızda vuruşuruq. Erməni ordusu bizim torpağımızdadır, onlar təcavüzkardır və biz təcavüzün qurbanı olmuşuq. Lakin bu gün biz qisasımızı alırıq. Bu gün biz onlara yerini göstəririk və dediyim kimi, onlar qalan əraziləri könüllü olaraq boşaltmasalar, biz onları axıra qədər qovacağıq.

- Bu, erməni vətəndaşlarına çox dəhşətli bir mesaj kimi səslənir.

- Xeyr, niyə? Biz erməni vətəndaşları haqqında artıq danışdıq. Bizim onlarla təmaslarda heç bir yanlışlığımız yoxdur. Mən dəfələrlə demişəm və dediklərimin üstündə dururam. Biz ərazilərimizi işğal etmiş bu cinayətkar dəstələrdən torpaqları azad etdikdən sonra Dağlıq Qarabağdakı ermənilər qat-qat yaxşı yaşayacaqlar. Onların daha çox məvacibləri olacaq, çünki Azərbaycandakı məvaciblər daha yüksəkdir. Onların daha yüksək təqaüdləri olacaq, çünki Azərbaycanda təqaüdün məbləği Ermənistandan üç dəfə çoxdur. Onlar sosial müdafiə ilə təmin olunacaqlar. Biz bu ərazilərə böyük sərmayələr yatıracağıq, onlar yoxsulluqdan xilas olacaqlar...

- Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şeylərə malik olacaqmı?

- Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə görə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malik olmadığını düşünürsünüz?

- Çünki mənə bu barədə müstəqil mənbələrdən məlumat veriblər.

- Hansı müstəqil mənbələrdən?

- Bir çox müstəqil mənbələrdən.

- Deyin mənə, hansılardır?

- Əlbəttə ki, mən onların adlarını çəkə bilmərəm.

- Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir ki, siz bir hekayə uydurursunuz.

- Siz deyirsiniz ki, media dövlət nəzarəti altında deyil?

- Xeyr. Əsla yox.

- Fəal azad müxalif media var?

- Əlbəttə ki.

- Mən bunu harada görə bilərəm?

- Siz bunu internetdə görə bilərsiniz. Siz bunu hər yerdə görə bilərsiniz.

- Qəzetlərdə yox.

- Niyə? Siz bunu qəzetlərdə görə bilərsiniz. Sizdən soruşa bilərəmmi, siz burada kimi müxalifət adlandırırsınız?

- Burada müxalifətin olmasına icazə varmı?

- Bəli, icazə var.

- QHT-lər təqiblərə məruz qalır, jurnalistlər təqiblərə məruz qalır.

- Xeyr, əsla.

- Tənqidçilər həbsxanadadır.

- Xeyr, əsla.

- Bunların heç biri həqiqət deyil?

- Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim "Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?

- Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik.

- Xeyr, gəlin müzakirə edək. Gəlin, müzakirə edək.

- Yox, Prezident Əliyev.

- Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.

- Münaqişəyə qayıdaraq...

- Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu, sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız.

- Mən onu həbsxanada saxlamıram, Prezident Əliyev.

- Bu, sizin xoşunuza gəlmir.

- Bu, xoşa gəlmək məsələsi deyil.

- Siz buna öyrəşməmisiniz.

- Bu, bizim müsahibənin mövzusu deyil.

- Çünki siz ancaq hücum etməyə adət etmisiniz.

- Bu, bizim müsahibənin mövzusu deyil.

- Bu, müsahibənin mövzusu deyil, amma siz bunu qaldırırsınız.

- Siz bu məsələni qaldırdınız.

- Xeyr, siz qaldırdınız.

- Siz Asanj məsələsini qeyd etdiniz.

- Siz dediniz ki, əgər ölkənizdə azad media yoxdursa, ermənilər müxalifətsiz sizin ölkədə necə yaşaya bilərlər? Bu, sizin sözlərinizdir, ittihamdır.

- Prezident Əliyev, Siz suala cavab verdiniz. Münaqişə mövzusuna qayıdaraq, Sizin dediyiniz kimi 40 gündür ki, toqquşma davam edir, Siz münaqişənin nə qədər davam etməsini gözləyirsiniz? Qışda da döyüşlər gedəcək?

- Heç kim bilmir. Yenə də, bizim söhbətimizin əvvəlinə qayıdaraq, əgər Paşinyan bu gün "mən əsas prinsipləri qəbul edirəm və mən Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını bir həftə və ya iki həftə içində boşaldacağam” desə, biz dərhal dayanarıq.

- Lakin onun Sizə Dağlıq Qarabağda yerdə qalan ərazilərin boşaldılması ilə bağlı təminat verməyə ehtiyacı yoxdur. Siz kənarda qalan ərazilərdən danışırdınız. Mən Sizin mövqeyinizi başa düşmək üçün çox aydın olmalıyam.

- Bəli, bu, əsas prinsiplərdir. Əsas prinsiplərdə bizdə çox aydın mənzərə yaranır. Yeddi rayonun boşaldılması, sonra azərbaycanlı məcburi köçkünlərin qayıtması, sonra Azərbaycan vətəndaşlarının, köçkünlərin Dağlıq Qarabağa qayıtması.

- Beləliklə, o, Dağlıq Qarabağı da Sizə verməlidir?

- O azərbaycanlıların oraya geri qayıtmasına imkan verməlidir. Geri qayıtmasına. Şuşaya.

- Beləliklə, Sizin Dağlıq Qarabağı nəzarət altında saxlamağınıza ehtiyac yoxdur?

- Siz "nəzarət altında” deməklə nəyi nəzərdə tutursunuz?

- Sizə Dağlıq Qarabağ üzərində fiziki olaraq nəzarəti ələ keçirmək və Dağlıq Qarabağın müdafiə qüvvələrini geri çəkmək, orada olan erməniləri geri çəkmək lazımdır, yoxsa mülki şəxslərinizin geri qayıtmasına icazə verilsəydi, bu, Sizi qane edərdi?

- Ermənistanın qəbul etmədiyi əsas prinsiplərdə, - onlar faktiki olaraq etibarsızdır, çünki Ermənistan onları qəbul etməyib, - bir müddəa var ki, azərbaycanlılar oraya qayıdacaqlar, sülh, təhlükəsizlik şəraitində, təhlükəsizlik təminatı ilə orada yaşayacaqlar. Biz orada hansı idarəçilik formasının olacağını dəqiq müəyyənləşdirmək üçün danışıqlar prosesində o qədər irəliyə getməmişik. Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən özünüidarə səviyyəsi olmalıdır. Lakin biz o qədər irəliyə getməmişik. Əgər Paşinyan mənim əvvəldən, biz Füzulini azad edəndə tələb etdiyimi etsəydi, onda müharibə dayanardı və indi biz danışıqlar masasında necə irəli getmək barədə danışardıq. Lakin o, bu öhdəliyi götürmür. Ona görə də, bu cür davam etsə, biz davam edəcəyik. Başqa yol yoxdur. Biz ölkənin bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədər gedəcəyik.

– Prezident Əliyev, Siz artıq əhəmiyyətli dərəcə də irəliləmisiniz və Dağlıq Qarabağ yaxınlığında əraziləri qaytarmısınız. Mülki şəxsləri nə vaxt geri qaytarmağa başlamağı planlaşdırırsınız?

– İlk növbədə, bizim Ermənistan dövlətinin Azərbaycana və vətəndaşlarımızın əmlakına vurduğu ziyanı qiymətləndirməyə ehtiyacımız olacaq. Çünki azad edilmiş ərazilərdə demək olar ki, hər şey dağıdılıb. Mən dəfələrlə demişəm ki, on minlərlə insanın yaşadığı böyük şəhər olan Füzulidə biz bayraq sancmaq üçün bina tapa bilmədik. Beləliklə, biz onu dirəyə taxdıq. Ona görə də, biz, ilk növbədə, dəymiş ziyanı qiymətləndirəcəyik. Biz ekologiyamıza, infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertləri dəvət edəcəyik. Çünki bütün məscidlər, bütün muzeylər dağıdılıb. Bu, birincisi. Bundan sonra, əlbəttə ki, məhkəmə iddiaları olacaq, Ermənistan dövlətinə qarşı məhkəmə iddiaları və biz artıq buna hazırlaşırıq. İkincisi, bizim insanların orada yaşaması üçün azı ilkin şərait yaratmağa ehtiyacımız olacaq. Biz tikinti materialları tədarük etməli, infrastruktura investisiya yatırmalıyıq.

– Beləliklə, Siz düşünürsünüz ki, bunun üçün real olaraq illər lazımdır?

–Bilirsiniz, bütün işğal dövründə biz artıq 300 min qaçqın və məcburi köçkünü yerləşdirmişik. Son illər ən güclü təsir bağışlayan illər olub, çünki təkcə bu il biz 7 min köçkün ailəsini yerləşdiririk. Beləliklə, düşünürəm ki, biz ildə 7 mindən 10 minədək ailəni köçürə bilərik. Lakin, əlbəttə ki, bunun üçün bizim infrastruktura ehtiyacımız var. Biz bunu hər şeyin hazır olduğu Bakıda edirik. Lakin hər şeyin dağıdıldığı həmin ərazilərdə bizim elektrik stansiyalarına, yollara, su təchizatına ehtiyacımız var. Beləliklə, bütün bunlar vaxt aparacaq. Mən bilmirəm bu, nə qədər vaxt aparacaq. Lakin biz bunu maksimum qısa zamanda həyata keçirmək üçün əlimizdən gələni etməyə çalışacağıq.

– Prezident İlham Əliyev, icazənizlə sonda bir və ya iki qısa sual verim. Azərbaycanın çox güclü müttəfiqi olan Türkiyə Sizə böyük dəstək verib. Siz Prezident Ərdoğanla nə dərəcədə tez-tez danışırsınız?

– Çox tez-tez. Xüsusilə indi, həftədə bir neçə dəfə.

– Bəs gündə?

- Gündə yox, amma ehtiyac olsa, gündə bir neçə dəfə ola bilər. Biz qardaşıq, dostuq. Dediyiniz kimi, böyük dəstək, siz haqlısınız. Lakin mən dəqiqləşdirmək istəyirəm, bu, siyasi dəstək və mənəvi dəstəkdir. Başqa heç nə.

– Burada istifadə olunan dronları idarə edən türk pilotlar varmı?

– Xeyr.

– Beləliklə, onlar Sizin qüvvələriniz tərəfindən istifadə olunur?

– Bəli, hər şey bizim qüvvələrimiz tərəfimizdən istifadə olunur. Təkcə Türkiyə istehsalı olan dronlar deyil, İsrail istehsalı olan dronlar, Rusiya istehsalı olan hərbi avadanlıq və bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq bizim aldığımız və pul ödədiyimiz digər ölkələrin istehsalı olan hərbi avadanlıqlar. Hər şey bizim tərəfimizdən edilir.

– Türkiyənin birbaşa hərbi iştirakını istəyə biləcəyiniz günü gözləyirsinizmi? Biz Ermənistanın artıq Rusiyaya müraciət etdiyini və onun nə etməyə hazır olduğunu soruşduğunu görmüşük. Sizcə Türkiyənin daha çox cəlb olunmağı xahiş edəcəyiniz gün gələcəkmi?

– Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Bu, Ermənistanın davranışından və digər ölkələrin davranışından asılı olacaq. Çünki mən bir çox hallarda demişəm ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik. Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bu münaqişədən uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədə tanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq. Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik.

– Prezident Əliyev, icazənizlə mən daha iki sualla bağlı yardımınızı xahiş edəcəyəm. Münaqişənin indi yenidən alovlanmasının və Sizin belə güclü irəliləməyinizin səbəblərindən biri kimi Türkiyənin çox güclü dəstək verdiyini, bunun həqiqətən də həlledici olduğunu iddia edənlərə nə deyərdiniz. Əminəm ki, belə iddiaları eşitmisiniz.

– Xeyr, qətiyyən. Yeri gəlmişkən, Türkiyənin hərbi iştirakı haradadır? Bunu kim təsdiqləyə bilər? Hər hansı türk əsgərini kim görüb?

– Yerində iştirak deyil, güclü siyasi dəstək, daimi bəyanatlar, çox güclü regional gücdən çox güclü dəstək. Bu, burada amil deyil?

– Bəli, bu, amildir. Lakin bu amil münaqişə başlayandan sonra çox mühüm əhəmiyyət kəsb etdi. Çünki əgər münaqişənin xronologiyasına nəzər salsanız, bu bəyanatlar Ermənistan bizə hücum edəndən və biz cavab verəndən saatlarla sonra başladı. Amma Türkiyənin Azərbaycana siyasi dəstəyi hər zaman olub. Bu, qəfildən baş vermədi. Bu, hər zaman belə olub. Niyə münaqişə başladı? Mən sizə deyə bilərəm. Çünki Ermənistan danışıqları pozmaq istəyirdi. Onlar iyulun 12-də dövlət sərhədində bizə hücum etdilər və bizim ərazimizə daxil oldular. Biz cavab verməli olduq. Həmin toqquşma 4 gün davam etdi və biz onları Azərbaycandan sıxışdırıb çıxarandan sonra dayandıq və dövlət sərhədini keçmədik. Sonra avqustun ortasında onlar diversiya qrupu göndərdilər, o, təmas xəttini keçdi, həmin qrupun başçısı saxlanıldı və mülki şəxslərə qarşı terror hücumları planlaşdırdıqlarını etiraf etdi. Sonra sentyabrın 27-də onlar bizim şəhərlərimizi artilleriya atəşinə tutmağa başladılar, bizim mülki şəxslər və hərbçilər arasında ilk qurbanlarımız ilk saatlarda, bəlkə də ilk dəqiqələrdə oldu. Onlar bizi ağır artilleriyadan atəşə tutdular. Beləliklə, bu, belə başladı. Niyə başladı?

– Prezident Əliyev, üzr istəyirəm. Bilirəm Siz bizə tarixini danışmaq istəyirsiniz, lakin Sizinlə iki məqama aydınlıq gətirmək istəyirəm. Siz hərbçilər arasında itkiləri qeyd etdiniz. Niyə Siz hərbi itkilərinizlə bağlı rəqəmləri açıqlamırsınız? Siz narahatsınız ki, insanlar bu müharibədə nə qədər gənc insanın həlak olduğunu görsə, dəstək zəifləyə bilər?

– Xeyr, qətiyyən. Birincisi, bizdə çox deyil. Əgər siz müharibənin miqyasına və bizim Ermənistanın 30 il ərzində tikdiyi istehkamları, bütün mövqeləri dağıtmalı olduğumuza baxsanız, bizim itkilərimiz minimaldır. Əlbəttə ki, biz bu cür danışa bilmərik. Hər bir insanın həyatı qiymətsizdir. Lakin bizim itkilərimiz Ermənistanınkından xeyli aşağıdır. Çünki bizim hərbi imkanlarımız daha yaxşıdır və bizim minimum itki verməyə imkan yaradan müasir silahlarımız var, xüsusilə həmin dronlar. Çünki həmin dronlar olmasaydı, bütün o tanklar və toplar çox sayda adamı öldürərdi. Səbəb o deyil ki, biz düşünürük ictimaiyyətin dəstəyini almarıq, əksinə. Yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlar bizdən dayanmamağı xahiş edirlər. Təsəvvürünüzə gətirə bilərsiniz? Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktubların heç birində mən "Dayanın” sözünü görməmişəm. Onlar deyirlər, mən oğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm, xahiş edirik, sona kimi gedin. Xahiş edirik, sona kimi gedin. Çünki bizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb.

– Prezident Əliyev, amma demək olar belə çıxmır ki, Sizin bu müharibədən başqa yolunuz yoxdur, Siz hər sonuncu qarışı geri almaq üçün döyüşməlisiniz?

– Bəli, mənim dediyim məhz budur. Lakin, eyni zamanda, mən əvvəldən demişəm ki, əgər Paşinyan şəxsən özü, xarici işlər naziri deyil, şəxsən özü desə ki, Ermənistan Ağdamdan, Kəlbəcərdən, Laçından, boşaltmalı olduqları 3 qalan rayondan qoşunlarını çıxarır və bizə vaxt cədvəli versə, biz dərhal dayanarıq. Biz bu müharibəni davam etdirmək istəmirik. İstəmirik. Biz dayanmaq istəyirik. Mənim indi dediyim lap əvvəldən dediklərimdir. Məni tanıyan insanlar bilirlər ki, mən sözümə əməl edən insanam. Mən nə deyirəmsə, onu edirəm. Əgər Paşinyan bunu bu gün desə, sizə söz verirəm ki, biz dərhal dayanarıq. Amma o, bunu etmir. O, bunu etmir. O, geri almaq istəyir. O, öz qüvvələrini yenidən qruplaşdırmaq, daha çox insan səfərbər etmək üçün bu atəşkəs imkanından istifadə etmək istəyir. Qeyd etdiyiniz ki, indi o, hərbi dəstək üçün Prezident Putinə məktub göndərib, bununla da öz məğlubiyyətini etiraf edib. Əgər o, məğlubiyyətini etiraf edibsə, niyə demir ki, əraziləri boşaldacaq? Bu ərazilər Ermənistana məxsus deyil. Bu, bizim torpaqlarımızdır. Onlar bu əraziləri bizə geri qaytarmalıdırlar. Əgər onlar bunu etməsələr, dediyim kimi, biz sona qədər gedəcəyik. Dayanmağın yolu yoxdur.

– Siz bilirsiniz Sizin qüvvələrinizin fəaliyyəti nəticəsində Dağlıq Qarabağda neçə mülki şəxs həlak olub?

- Xeyr, bilmirik. Biz Ermənistanın Müdafiə Nazirliyinin rəsmi məlumatını eşitmişik. Biz bu rəsmi məlumata inanmırıq.

– Onlar 45 mülki şəxs deyir.

– Bəli, bilirəm 45, ya 47 - biz bilmirik. Mən bilmədiyim bir şeyi deyə bilmərəm. Lakin mən düşünürəm ki, bu, çox şişirdilib. Çünki biz onların kəndlərinə hücum etməmişik. Biz onların şəhərlərinə hücum etməmişik.

– Hörmətli Prezident Əliyev, onların kənd və şəhərlərinə hücumlarla bağlı sənədli sübutlar var.

– Mən hələ bitirməmişəm. Biz Xankəndiyə hücum etmişik, çünki Xankəndi hərbi istehkamlarla dolu idi, biz onları məhv etməli idik.

– Mülki şəxslərin evləri dağılıb.

- Müharibə vaxtı bu, bəzən baş verir. Belə olur. Biz o qədər dəqiq deyilik, əgər onların artilleriyası düz evin yanındadırsa. Bu, Gəncədə olduğu kimi deyil ki, onlar bəlkə də 20-30 kilometr radiusunda heç bir hərbi obyektin olmadığı mülki obyektə qəsdən ballistik raketlərlə hücum etdilər.

– Mülki şəxslərin ölümü ilə bağlı məlumatlar Sizi narahat edirmi?

– Bəli, əlbəttə. Mən təəssüf edirəm. Təəssüf edirəm ki, bu, baş verib. Mən qohumlarını itirən hər kəsə başsağlığı verirəm. Mən Dağlıq Qarabağdakı mülki şəxsləri nəzərdə tuturam. Lakin yenə də münaqişənin miqyasını nəzərə alaraq, yenə də hər bir insanın həyatı qiymətsizdir deyərək, itkilər yenə də çox aşağıdır. Bu, onu göstərir ki, biz mülki şəxslərə qarşı döyüşmürük. Bilirsiniz onlar 1990-cı illərdə müharibədə neçə mülki şəxsi qətlə yetiriblər? Minlərlə, minlərlə. Xocalı soyqırımında onlar 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 günahsız insanı qətlə yetiriblər, onların yalnız azərbaycanlı olduqlarına görə. Xocalı soyqırımı çox yaxşı tanınan sübuta yetirilmiş faktdır.

– Siz bu qışda Dağlıq Qarabağda humanitar fəlakət təhlükəsinin olmasını qəbul edirsiniz? Siz yaxınlaşırsınız və tezliklə ərazini mühasirəyə almaq mövqeyində ola bilərsiniz. İçəridəki mülki şəxslərin taleyi necə olacaq?

– Bu sual mənə yox, Paşinyana verilməlidir ki, dayansın və mən necə dayanmağı deyirəm.

– Lakin Siz onları təcrid edə bilərsiniz. Əgər Sizin qüvvələriniz onları təcrid etsə, onlar necə sağ qalacaq?

– Biz onların qayğısına qalacağıq. Onların qayğısına qalacağıq. Buna qətiyyən şübhə olmasın. Biz onları hər şeylə - ərzaqla, su ilə, hər şeylə təmin edəcəyik. Buna şübhə olmasın. Münaqişənin ilk saatlarında bizim bütün hərbi komandirlərimiz məndən birbaşa göstəriş alıblar ki, mülki şəxslərin qayğısına qalınmalıdır. Siz bizim Hadrutda tapdığımız yaşlı iki adam haqqında əhvalatı bilirsiniz? Onların qohumları və hərbçilər onları, sadəcə olaraq, tərk edərək qaçmışdılar. Bir qadın və bir kişi, təxminən 90 yaşlarında. Biz onları buraya, Bakıya gətirdik, xəstəxanaya yerləşdirdik və onları Ermənistana təhvil verdik. Bilirsiniz nə baş verdi? Həmin yaşlı kişi artıq sərhəddə, Qazaxda, buradan uzaqda olanda, ermənilər onu qəbul etməkdən imtina etdilər. Onlar dedilər ki, o, xəstədir, tezliklə öləcək, biz onu istəmirik. Bilirsiniz? Onlar məhz belə etdilər. Həmin şəxs Qırmızı Xaçın himayəsi altında xəstəxanaya yerləşdirildi və qadın onlara təhvil verildi. Əfsuslar olsun ki, kişi öldü. Biz mülki şəxslərlə bu cür davranırıq. Ona görə də, hazırda Dağlıq Qarabağda yaşayan həmin mülki şəxslər tam əmin ola bilərlər ki, biz onların qayğısına qalacağıq və onlar Azərbaycanın himayəsi altında daha yaxşı yaşayacaqlar.

– Lakin onların təxminən 90 mini artıq qaçıb. Görünür Sizin təminatlarınız onları sakitləşdirmir.

– Bizdə olan məlumata görə, Dağlıq Qarabağda yaşayan real əhali 60-70 min nəfər olub. Bütün bu rəqəmlər çox şişirdilib. Ona görə də, mən şübhə edirəm ki, 90 min nəfər qaça bilər, çünki maksimum 70 min nəfərdir.

– Prezident Əliyev, Sizə uzunmüddətli perspektivlə bağlı sual verə bilərəm? Cənubi Qafqazın gələcəyini necə görürsünüz? Buraya sülhün gəlməyini necə görürsünüz? Demək istəyirəm ki, Azərbaycanla Ermənistan arasında nə vaxtsa sülhün olacağı günü görürsünüzmü?

– Bəli, əgər mənim mövqeyimi soruşursunuzsa, düşünürəm ki, bu, mümkündür. Lakin bu, təkcə məndən asılı deyil. Bu, yalnız Ermənistan tərəfindən asılıdır. Müharibənin bu 40 günü ərzində mən dəfələrlə demişəm ki, Cənubi Qafqazın 3 ölkəsinin birlikdə işləyəcəyi günü görmək arzusundayam, necə ki, məsələn, biz yaxın strateji tərəfdaşımız və dostumuz olan Gürcüstanla edirik. Baxın, biz onlarla neçə layihə həyata keçirmişik, bizim əlaqələrimiz necə yaxındır. Bu əlaqələr tarixi irsə, praqmatizmə, maraqlarımızın balansına əsaslanır. Niyə Ermənistan təcrid olunub? İşğal səbəbindən. Əgər siz, məsələn, bizim enerji və nəqliyyat layihələrimizin xəritəsinə baxsanız görərsiniz ki, onlar Ermənistandan yan keçir. Bizim resurslarımızı beynəlxalq bazarlara nəql etməyimiz üçün ən qısa yol Ermənistandan keçir və biz 1990-cı illərdə bunu onlara təklif etmişik. Biz dedik - əraziləri boşaldın, gəlin, Ermənistan ərazisindən keçməklə Naxçıvan və sonra Türkiyəyə daxil olan kəmər tikək, onda biz bütün ölkələrin maraqlarını birləşdirərik, regionun bütün ölkələrini müəyyən mənada bir-birindən asılı edərik və bu, sülhün təminatı olar. Onlar dedilər – yox. Mən Minsk qrupu həmsədrləri vasitəsilə, - onlar bunu təsdiqləyə bilərlər, - dəfələrlə maliyyə yardımı, Dağlıq Qarabağda sosial proqramlar, büdcəmizdən maliyyələşmə təklif etmişəm, əgər onlar əraziləri boşaltsalar. Onlar deyiblər – yox. Mən Dağlıq Qarabağa muxtariyyət, dünyada mümkün olan ən yüksək muxtariyyət təklif etmişdim. Ermənistan dedi – yox. Onlar hər şeyə "yox” deyiblər. Beləliklə, indi baş verənlər onların günahıdır. Yeri gəlmişkən, onların Qarabağ klanı tərəfindən devrilmiş ilk prezidenti məqalə dərc etdirərək deyib ki, - bu, 1990-cı illərin ortalarında olub, - azərbaycanlılar indi bizə təklif etdiklərini bir daha təklif etməyəcəklər.

- Siz indi Dağlıq Qarabağ üçün muxtariyyət statusunu qəbul edərsiniz?

– İndi mən bu barədə danışmamağa üstünlük verirəm. Çünki indi yerində vəziyyət dəyişib. Lakin mən bunu dəfələrlə təklif etmişdim və ermənilər bunu rədd etdilər.

– Beləliklə, Siz indi Dağlıq Qarabağ üçün nə istəyirsiniz?

- Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansı başqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq. Bu, yenə də Ermənistan hökumətinin necə davranacağından asılı olacaq. Onların məntiqli olması üçün hələ də çox gec deyil. Onların danışıqlar masasında daha çox şey əldə etmələri üçün hələ də çox gec deyil. Çünki biz digər şəhər və kəndlərə nəzarəti ələ keçirəndən sonra danışılacaq bir şey qalmayacaq. Beləliklə, onlar vaxt itirirlər. Əgər onlar məntiqli davransalar, biz bəzi özünüidarəetmə formaları üzərində işləyə bilərik. Biz bunun əleyhinə deyilik. Lakin onlar Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Onlar İtaliya, İsveç və Finlandiya kimi Avropa ölkələrinin öz aralarında sahib olduğu ən yaxşı təcrübəyə əsaslanmalıdır. Niyə bundan fərqli olmalıdır? Sonra əlbəttə ki, regiona sülh gələcək. Zənnimcə, səmimi desək, Ermənistanın bu baş naziri ilə sülh üçün hər hansı imkanın olduğunu düşünmürəm. Ermənistanda hökumət dəyişməli, məntiqli insanlar, qan axıdılması və hərbi cinayətlərlə əlaqəsi olmayan insanlar gəlməlidirlər və sonra düşünürəm ki, birgə addımlarla biz Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında Sovet İttifaqı dövründə mövcud olmuş əməkdaşlığın yeni formatını yarada bilərik. Bizim dost münasibətlərimiz var idi. Biz birlikdə yaşayırdıq.

– Sülh naminə Sizin təklif edə biləcəyiniz hər hansı bir kompromis varmı? Sizin indi verməyə hazır olduğunuzu söyləyə biləcəyiniz nəsə varmı?

– Digər tərəf kompromis arzulamadığı halda, mən kompromis təklif edə bilmərəm. Bilirsiniz, bu müddət ərzində Ermənistanın baş naziri də bir neçə dəfə xarici jurnalistlərə müsahibə verib. Rusiya televiziyasında bir veriliş var. Onlar eyni sualı mənə də, ona da verdilər. Məndən kompromis barədə soruşanda, mən sizə söylədiyimi dedim. Ondan 3 dəfə kompromis barədə soruşanda o dedi – Dağlıq Qarabağda yaşayan ermənilər üçün öz müqəddəratını təyinetmə. Amma bu, kompromis deyil. Onlar hansı kompromisə getməyə hazırdırlar? Yeri gəlmişkən, bu gün onların kompromisə getmək imkanları azalır. Çünki biz həmin əraziləri güc yolu ilə geri qaytarırıq. Bizim kompromis hələ də masanın üzərindədir. Lakin əgər biz bütün əraziləri geri qaytarsaq, 100 faiz zəmanət yoxdur ki, bu, masada olacaq. Onda biz nə barədə danışacağıq? Beləliklə, hazırda Ermənistanın baş naziri üçün, onun özü üçün ən yaxşısı odur ki, mənə qulaq assın, açıq şəkildə desin ki, "Biz Ağdamı, Kəlbəcəri və Laçını boşaldırıq”, biz dayanarıq, atəşkəs olar, əgər onlar onu yenidən pozmasalar və biz sizin qeyd etdiyiniz məsələlərə - status, muxtariyyət, mədəni muxtariyyət, icma və digərlərinə geri qayıdarıq. Biz ədalətli ola bilərik. Mən həmişə xalqımıza düz danışıram. Bu gün vəziyyət dəyişib. Ona görə də, mənim bir il bundan əvvəl, iki il bundan əvvəl onlara təklif etdiyim, ola bilsin ki, etibarsızdır. Lakin bu barədə danışmaq tezdir.

– Sizin sülh yolu ilə həllə ümidiniz varmı?

– Bəli, ümidim var. Çünki indi mənim ümidim bizim döyüş meydanındakı uğurumuza əsaslanır. Mənim ümidim Ermənistanın konstruktiv mövqeyinə əsaslanmır. Çünki bizim döyüş meydanında gördüklərimiz, Füzulidə, Cəbrayılda gördüklərimiz, biz gördük ki, onlar əraziləri boşaltmağı planlaşdırmırdılar. Onlar bizə yalan danışırdılar. Onlar Minsk qrupunun həmsədrlərinə yalan danışırdılar. Çünki onlar o istehkamlara o qədər vəsait yatırıblar ki, oraları heç vaxt boşaltmazdılar. Buna görə Füzuliyə nəzarəti ələ almaq bizim çox vaxtımızı apardı. Sonra biz Araz çayı boyu Ermənistanla dövlət sərhədinə doğru hərəkət edəndə bir neçə kənddə çox şiddətli toqquşmalar oldu. Bu müdafiəni yarmaq bir neçə gün vaxtımızı aldı.

-Prezident Əliyev, icazənizlə mən Sizə BBC-nin Azərbaycan xidməti adından sual vermək istəyirəm. Əgər öz dilinizdə cavab verməyə şad olsanız, düşünürəm ki, onlar çox şad olarlar. Bu münaqişədən sonra burada, Azərbaycan xalqı üçün necə gələcək görürsünüz. Bəziləri deyər ki, bilirəm Siz razılaşmazsınız, lakin bəziləri deyər ki, bu, hələ də tam azadlığı, tam insan haqları olmayan cəmiyyətdir. Əgər münaqişə bitərsə, Siz sülhün dividend gətirəcəyini görürsünüzmü? Düşünürsünüzmü ki, cəmiyyət onları düşündürən Dağlıq Qarabağ məsələsini geridə qoyacaq? Burada hansı gələcəyi görürsünüz.

-Mən hesab edirəm ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.