ABŞ-da ermənipərəstlər Konqresə seçildi
07.11.2020
ABŞ-da prezident seçkisi ilə bərabər Nümayəndələr Palatasına keçirilən seçkilərin də nəticələri elan olunmağa başlayıb.
İlkin nəticələrə əsasən, Demokratlar Partiyası daha çox səs toplamağı bacarıb. Belə ki, hazırda Demokratlar Partiyası Nümayəndələr Palatasında 212 mandat qazana bilib, Respublikaçılar isə 194 yer əldə ediblər. Demokratların mütləq çoxluğu üçün minimum daha 6 yeri zəmanət altına almalarına ehtiyacları var.
Nümayəndələr Palatasına yenidən erməni lobbisində yer alan konqresmenlər seçiliblər. Xüsusilə bu tip konqresmenlərə Kaliforniya ştatında daha çox dəstək verilib. Belə ki, son hesablamalara əsasən, ştatdan seçiləcək konqresmenlərin böyük çoxluğunu demokratlar təşkil ediblər.
Nümayəndələr Palatasına yenidən seçilən erməni lobbisi üzvləri arasında Adam Şif, Ceki Speyer (ana tərəfdən ermənidir), Nensi Pelosi, Barbara Li, Ted Liyu, Cudi Çu (son üçü Qarabağdakı savaşa görə Pompeoya məktub yazaraq Azərbaycana qarşı çıxıb), Qreys Napalitano, Bred Şerman və digərləri yer alıblar.