Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum edilib
07.11.2020
Son günlər döyüş meydanına məğlub olan Ermənistan müxtəlif vasitələrə əl atır, Azərbaycan və Türkiyənin xaricdəki diplomatik nümayəndəlikləri qarşısında müxtəlif aksiya və təhdid xarakterli tədbirlər görürlər.
Vesti.az xəbər verir ki, bu gecə yerli vaxtla saat 02:30-da iki naməlum kişi Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum edib. Onlar səsboğucu tapançadan 6 atəş açıblar. Güllələrdən 3-ü giriş qapısına, 3-ü isə pəncərəyə dəyib. Hadisə konsulluğun nəzarət kameraları tərəfindən qeydə alınıb. Hadisə yerinə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb. İstisna deyil ki, konsulluğa hücuma səbəb son günlər Azərbaycan Ordusunun Qarabağdakı əks hücum əməliyyatları və nəticədə uzun illər işğalda olan torpaqların azad edilməsidir.
Qeyd edək ki, bir müddət əvvəl Estoniyada da oxşar hadisə olmuşdu. Estoniya KİV-lərinin məlumatına görə, oktyabrın 25-də maska taxmış naməlum şəxs Tallindəki İslam mərkəzinin, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoyub. Hər üç hadisə barədə polisə məlumat verilib.
Hadisə İslam mərkəzinin müşahidə kameraları tərəfindən qeydə alınıb. Şahidlərin sözlərinə görə, kişi rus dilində "Bu, Məhəmmədə bir hədiyyədir” deyib.
Bütün müsəlmanlar üçün təhqiramiz olan bu hərəkət yalnız bir dini radikalın xuliqanlığı deyil, eyni zamanda dinlərarası və etnik nifrəti qızışdırmağa yönəlmiş təxribatdır. Qeyri-rəsmi məlumatlara görə, bu rüsvayçı hərəkət dini radikalizm ilə seçilən bir eston tərəfindən "müsəlmanların xristianlara qarşı pis münasibətinə" və "Azərbaycanın Ermənistana qarşı Dağlıq Qarabağdakı hərəkətlərinə" cavab olaraq törədilib.
"Ölkəmizlə Baltikyanı respublikalar arasında yaxşı münasibətləri pozmağa çalışan Ermənistan tərəfindən Azərbaycana qarşı açıq bir təxribat var. Bu istiqamətdə Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyan tərəfindən hansı "fırtınalı” işlərin aparıldığını nəzərə alsaq, bu biabırçı hərəkətdə Ermənistan xüsusi xidmət orqanlarının imzası hiss olunur. Əminliklə deyə bilərik ki, bu təxribatı törədən estoniyalı əvvəllər Ermənistan xüsusi xidmət orqanları tərəfindən işə götürülüb və onların agentidir. Buna görə də Estoniyanın səlahiyyətli qurumları səfir Mkrtçyanın təxribatçı fəaliyyətlərinə diqqətlə yanaşsalar, yaxşı olardı” -deyə Estoniya KİV-lərində qeyd olunub.