Düşmən geri çəkilməyə məcbur edilib
07.11.2020
Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.
Hazırda cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir.