Torpaqlarımız minalardan nə zaman təmizlənəcək?
06.11.2020
Görüləcək çox iş var. Bunun üçün şübhəsiz daha çox resurs, avadanlıq, işçi qüvvəsi tələb olunur. Hazırda bu istiqamətdə hər hansı bir xarici ölkə ilə əməkdaşlığımız yoxdur, lakin müxtəlif təkliflər almışıq.
Bu sözləri Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səbinə Sərkərova işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi haqda danışarkən deyib. O bildirib ki, indiki mərhələdə işğaldan azad edilən və ediləcək torpaqların tam təmizlənəcəyi tarixi dəqiqliklə demək olmaz:
"Bu proses dövlət proqramı çərçivəsində planlı şəkildə həyata keçirilir. Ərazilərdə tədqiqat işləri, lazımi prosedurlar aparılmamış nəsə demək çətindir. Bizim mina təhlükəsizliyinə dair maarifləndirmə şöbəmiz var. Onlar da regionlara ezam edilib və əhali ilə müntəzəm maarifləndirmə işləri aparır.
Tam təmizləmə işləri başa çatana və bu barədə elan edilənə qədər vətəndaşlardan ehtiyatlı olmaları və qarşılaşacaqları hər hansı döyüş sursatı ilə bağlı vaxtında xəbərdar etmələri xahiş olunur”, - o qeyd edib.