Ət kəsimi bu məkanlarda qadağan edilir - QƏRAR
29.06.2018
Azərbaycan ərazisində standartlara cavab verməyən yerlərdə ət kəsimi və satışı yaxın zamanlarda tamamilə yığışdırılacaq.
"Dövran Media" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, heyvanın daşınma qaydaları düzgün həyata keçirilmədikdə ifraz olunan xüsusi maddələr vətəndaşların istifadə edəcəkləri ətin keyfiyyətini aşağı salır:
"Bu səbəbdən küçə və meydanlarda heç bir ekspertiza olmadan həyata keçirilən ət kəsimləri insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Hazırda məsələ ilə bağlı yerli icra orqanları və Daxili İşlər Nazirliyinin müvafiq şöbələri ilə danışıqlar aparılır. İki ay ərzində ölkə başçısına islahatlar paketini təqdim edəcəyik”.
O vurğulayıb ki, aqrokimyəvi vasitələrin ölkəyə gətirilməsi, qeydiyyata alınması ilə bağlı Nazirlər Kabineti mövcud qərarın üzərində dəyişikliklər həyata keçirir:
"Bu istiqamətdə bir yox, bir neçə nazirliyin qərarı nəzərə alınacaq. Bunlar Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir”.